“BAŞ QƏRARGAHLA PUTİN ARASINDA MÜNAQİŞƏ VAR” - “Generalların Putindən və onun ətrafındakı başını itirmişlərdən fərqi budur ki...”

“Baş Qərargahla Rusiyanın Prezident Administrasiyası arasında münaqişə yaranıb. Bu, general Rudskoyun məşhur 25 mart bəyanatından başlayır. Hansı ki, o, müharibənin hədəfi ilə bağlı Putindən fərqli formul verdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu məşhur rusiyalı jurnalist və siyasi xadim Andrey Piontkovski mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, Piontkovskinin barəsində söz açdığı general Sergey Rudskoy Rusiya ordusu Baş Qərargahının Baş Operativ İdarəsinin rəisidir. General-polkovnik rütbəsini daşıyan Sergey Rudskoy Baş Qərargahda əsas söz sahibi olan nüfuzlu generallardan sayılır və əməliyyatların böyük hissəsi onun rəhbərliyi ilə hazırlanır.

Piontkovski deyib ki, ilk olaraq, məhz Rudskoyun həmin açıqlaması Putinlə Baş Qərargah arasındakı münaqişəni üzə çıxardı: “Putinin müharibədəki hədəfi Ukrayna dövlətinin məhv edilməsi idi. Lakin Rudskoy dedi ki, heç bir şəhəri ələ keçirmək fikrimiz yoxdur, bizim məqəsədimiz Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmaqdır. Bu isə tamamilə başqa bir konsepsiya demək idi”.

 Sergey Rudskoy

Siyasətçi bildirir ki, nəticədə Kremllə Baş Qərargah müvəqqəti kompromis varianta gəliblər və Donbasın sərhədlərinə çıxmağı və Rusiyanın “tanıdığı” iki separatçı “respublika”nın vilayət sərhədləri çərçivəsində mövcudluğunu təmin etməyi əsas hədəf kimi göstərmək qərara alınıb. Kremllə generallar arasında “razborka” isə müharibədən sonraya təxirə salınıb.

Piontkovski deyib ki, əldə olunmuş müvəqqəti razılığa baxmayaraq, münasibətlər getdikcə daha da gərginləşir. 

 Andrey Piontkovsk

O, bunu isbatlayan məqamlardan biri kimi Vladimir Solovyovun və digər Kreml təbliğatçılarının verilişlərinin tez-tez qonağı olan erməni Semyon Baqdasarovun televiziyadakı son çıxışını göstərib: “Polkovnik Baqdasarov. O, həmişə televiziyalardakı siyasi şoularda Rusiya Baş Qərargahının mövqeyindən danışır. Bir növ Baş Qərargahın danışan ağzıdır. İki gün əvvəl o, təəccüblü şeylər dedi. Dedi ki, ordu öz vəzifəsini artıq yerinə yetirib, onu çıxarmaq lazımdır, denasifikasiya ordunun yox, siyasətçilərin, Ukrayna xalqının özünün vəzifəsidir və sair. Bu, alman generallarının müharibənin sonuna yaxın “Vermaxt Gestaponun vəzifələrini yerinə yetirməyəcək” bəyanatına bənzəyir. Yəni, münaqişə dərinləşir. Müharibə başlayanda Moskvada Xarkovun götürülməsindən danışırdılar, indi isə heç kim bu barədə heç nə demir. İndi söhbət sadəcə, İzyum, Kramatorsk və Slavyansk istiqamətində hansısa əməliyyatlardan gedir. Artıq görünür ki, buradakı savaş tərəflərdən birinin hansısa kiçik mövqe üstünlüyü qazanması ilə nəticələnəcək. Fikrimcə, hazırda Donbasda davam edən savaş bu müharibənin taleyini həll etməyəcək. Onun taleyi Ukraynaya müasir Qərb silahları tam ölçüdə çatdırılandan sonra həll olunacaq”.

Piontkovski bildirib ki, Putinlə Baş Qərargah arasındakı konflikt 9 may günü ərəfəsində daha da kəskinləşəcək. Çünki ilk olaraq Kremlin planlarında 9 may paradının Kiyevdə keçirilməsi məsələsi var idi. Lakin məlum səbəblərdən buna nail olunmayıb və olunmayacaq da. Həmin vaxta qədər döyüş meydanında Rusiyanın hansısa həlledici və böyük qələbə qazanacağı isə istisna olunur.

Jurnalistlər Piontkovskidən soruşublar ki, doğrudanmı Rusiya ordusu Baş Qərargahının ortaya müstəqil mövqe qoymaq və Putinə qarşı getmək imkanı var?

Siyasətçi cavabında deyib: “Anlamaq lazımdır ki, bu adamlar(generallar-red.) demokratlar, yaxud Ukraynanın dostları və s. deyillər. Onlar da adi rus imperiyası tərəfdarlarıdırlar. Lakin onların Putindən və onun ətrafındakı başını itirmişlərdən fərqi odur ki, onlar peşəkar hərbçilərdir. Yada salın ki, hələ müharibə ərəfəsində istefada olan çox yüksək rütbəli hərbçilərin bəyanatları olmuşdu. Məsələn, general-polkovnik İvaşov. Onunla birgə bir neçə hərbçi həmin vaxt tam peşəkar şəkildə Ukraynanın mümkün işğalı və fəth edilməsi planının hərbi avantüra olduğunu izah etmişdilər. Axı, həmin istefada olan generallar dünən Baş Qərargahdakı generalların oturduğu kabinetlərdə yan-yana otururdular. Beləliklə, onlar həm də hazırda Baş Qərargahda oturanların mövqeyini səsləndirirlər. Yəni ki, bu, ideoloji yox, sırf hərbi baxımdan dəqiq peşəkar mövqedir”.

Piontkovski hesab edir ki, Ukraynadakı əməliyyata rəhbərliyin Suriyada “fərqlənmiş” general Vladimir Dvornikova həvalə olunması da Putinlə Baş Qərargah arasındakı narazılığın göstəricisidir. Çünki Cənub Hərbi Dairəsinə rəhbərlik etmiş Dvornikovun peşəkarlıq keyfiyyətləri çox aşağıdır: “O, Suriyada sadəcə, silahsız əhalini bombalamağı bacarıb. Orada qarşı tərəfin nə aviasiyası, nə hava hücumundan müdafiə sistemləri, nə də “Stinger”ləri vardı və bu hərbi “baqaj”la da Putin onu Ukraynaya göndərib. Bütün şəhərlərin, dinc əhalinin uzaqdan bombalanması da Putinin hansı yolla savaşmağa üstünlük verdiyini göstərir”.

Əlavə olaraq, onu da qeyd edək ki, iki gün öncə bir qrup rusiyalı generalın Putinə Ukraynadakı müharibəyə son qoymaq istəyi ilə məktub ünvanladığına dair məlumat yayılmışdı. Bu barədə hərbi ekspert Oleq Jdanov xəbər vermişdi. Onun sözlərinə görə, məktub Rusiya liderinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vasitəsilə çatdırılıb. Generallara cavab olaraq V.Putin “əməliyyat”ın davam edəcəyini bildirmişdi.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-04-24 10:36:50

Rusiyal siyasəilərin verdikləri analizdən görünən o ki, ya ordu qətiyyət göstərib, hakimiyyəti götürməlidir, y Tarixdə Putin kimi hökümdarlar üçün xalq dövlət bir təfərrüat olub, onlar üçün yeganə hal ambisiya və müştəıbehlik öndə olub. Bu isə o deməkdir ki, son anda Putin, onun olmayacağı bir dümyada heç kimin sağ qalıb var olmasını istəməz. Ona görə də Rusiyada ağıllı başlar ne qeder gec deyil, Putimni nüvə çantalarından uzaqlaşdırmalıdırlar..

Veteran 2022-04-23 23:48:37

Balaca putin və "boyük" rusiya artıq leninin movzeleydəki cəmdəyi kimi cürüyüb.Ruslar indən sonra ölkələrinə rusiya deyil Moskoviya deməyi adət etmələri məsləhətdir.Artıq bu rusiya deyilən məmləkət çoxdan xarabalığa çevrilmişdir.

Vətəndaş 2022-04-23 10:23:44

Bizim üçün rus fərqi yoxdur kim olsa rusdur. Türkün düşməni. 200 ildir qanımızı içir yenə də içmək istəyir. Fərqi yoxdur Putin olmur kim olur olsun,bizə həmin münasibət olacaq. Putin hələ o birilərdən nisbətən bizə yaxşı olub. Məsələn Yeltsinin vaxtında AZərbaycanlılart Rusiyada nə işləyə bilirdilər, heç azad gəzə bilmirdilər. Bizə putin yox Rusiyanın dağılmağı zəifləməyi lazımdır ki bizim rus-erməni faşistlərdən canımız qurtarsın.

Son yazılar