QAZİNİN SÜRÜNDÜRÜLDÜYÜ VƏ AÇILMAQ BİLMƏYƏN QAPI... - Nazirlik işinin öhdəsindən gələ bilmir, yoxsa gəlmək istəmir?

Qazilərin iştirakıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən son məlum hadisə bir daha göstərdi ki, sosial təminat sahəsi sadəcə, qanunları bilmək, hesabat aparmaq, ixtisar və qənaət etmək, “qəpik güdmək” və nə yolla olursa olsun “molodes” qazanıb, öz yerini isti etmək yeri deyil. Bu sahədə çalışanların həm də milli təəssübkeşliyi, xalqa, millətə bağlılığı, canıyananlığı, mərdliyi, kasıbın halından anlamağı, bir sözlə, ÜRƏYİ olmalıdır!

Qanunun soyuq sifətindən, hansısa formal tələbindən, hərfindən, cümləsindən bərk-bərk yapışıb, insanlara standart, içi boş rədd cavabları verənlər hər nə qədər qanunvericiliyi, hesablamaları və s. bilsələr belə, bir qəpiklik mütəxəssis deyillər və qətiyyən nə dövlətə, nə xalqa, nə də hakimiyyətə xidmət edirlər!

Bunun nəticəsidir ki, bu gün Qazi aylarla, illərlə döydüyü, lakin heç cür üzünə açılmayan qapıları dözməyib təpiklə sındırıb açmaq məcburiyyətində qalır. Əlbəttə ki, buna haqq qazandırmaq olmaz, ancaq onu bu vəziyyətə gətirənləri də bağışlamaq olmaz...

Məlum komissiyalardakı süründürməçilik, ədalətsizlik, qanunlara istinad edilərək, min cür bəhanələr gətirilməsi kimi boşboğazlıqlar təsadüfə yox, təxribata bənzəyir. Çünki bu, beş günün, beş ayın məsələsi deyil. Müharibə bitən gündən bu narazılıqlar var və onlar yoluna qoyulmur ki, qoyulmur. Belə görünür ki, nazirlik işinin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir.

Əgər istəmirsə, deməli hər şey mərdi qova-qova namərd etməyə, narazılıq, qarşıdurma yaratmağa hesablanıb. Qaziyə, əlilə qarşı saymazlığa, biganəliyə, süründürməçiliyə, yekəxanalığa hansısa başqa izah, ad tapmaq olmur. 

Çünki onları qapılarda, növbələrdə süründürənlər, mənəvi və maddi sıxıntıyla üz-üzə qoyanlar, onların qarşısına çıxmağı özlərinə yaraşdırmayanlar bu xalqın, millətin yox, düşmənlərin arzusunu yerinə yetirirlər...

Düşməndən Vətənin, millətin qanını, haqqını sökə-sökə alan Qazi nazirlikdəki hansısa papanın gül balasından dövlətin onun üçün nəzərdə tutduğu halal haqqını alınca canı boğazına yığılmalı deyil! “Müharibə bitəndən 2-3 il sonra şəhidi, qazini heç yada salan olmayacaq” deyən bədniyyətlərin “öngörənliyi” niyə özünü doğrultmalıdır axı?...

Demirik xirtdəyə kimi korrupsiyaya bulaşmısınız, soruşmuruq nazirliyinizdə yüksək vəzifə tutanların əksəriyyəti hansı yekə dayıların gül balalarıdır?!

Soruşmuruq dövlətin milyonlarını, on milyonlarını tender adıyla öz şirkətlərinizə necə ötürürsünüz?!

Soruşmuruq necə olur ki, aldığınız rəsmi maaşla lyuks həyat sürürsünüz?!

Soruşmuruq əsil-nəslinizdə Qarbağda burnu qanayan, ya barmağına tikan batan birisi olubmu?!

Soruşmuruq həyatınızda bircə an, bircə dəqiqə də olsa dövlətin əlinə baxan əlillərin, kasıbların, işsizlərin keçirdiyi aclıq, məyusluq, yoxsulluq, utanc hissi keçirmisinizmi?

Deyirik, heç olmasa Qaziyə dəyməyin, qıymayın!

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Türk Turan 2022-06-04 14:13:05

Cəlal bəyə sonsuz təşəkkürümüzü bildiririk, çox-çox minnətdarıq. Allah razı olsun sizdən.

TT 2022-06-04 06:33:34

Biyabrciliq) diqalar baxib qûlûr bize ((( ayibdiyeeee haram olsun !!! qazinin pulun kesen insanlara !!!! Allah baqishlamaz ! onlar vurushdular , bunlarsa yupka arxasinda qizlendiler.....!

Azər 2022-06-03 20:55:49

Pensiya və sosial islahatlar çox ləng gedir Bu nazirlik ancaq özünü reklam edir pensiya yaşını və işçilərin əmək haqqını artıra bilmirlərsə 40 il və daha çox stajı olanlar 3-5 il tez çıxsa nə olar ki? Əmək haqqını artıra bilmirsizsə heç olmasa gəlir vergisini 14 faizdən 10 faizə endirmək olar və 300 manata qədər əmək haqqindan vergi tutulmamalidir

əlil 2022-06-03 20:13:10

Qazilərin və əlillərin haqqı mütləq verilməlidir. Bu tipli insanları incitmək olmaz. Allahın qəzəbinə gəlmək istəmirsinizsə onların haqqını və tələblərini yerinə yetirin.

Mübüş 2022-06-03 18:51:51

Rey Kərimoğlu S.Babayanı nə əcəb müdafiə edirsən?

Seyid ƏNHU 2022-06-03 16:36:49

Hörmətli Cəlal (Elxan) bəy, sondakı sorularınızla ölkənin sosial və siyasi fotosunu çəkmisiniz. Mən sizin nələr çəkdiyinizi təxmin edirəm. Mirzə Cəlili də, Sabiri də həmin bu sorular çərlədib öldürüb. Çalışın çərləməyin.

TARIX 2022-06-03 16:19:31

NƏ ÜCÜN ŞƏRHİMİ VERMİRSƏN AY AZPOLİTİKA???

TARIX 2022-06-03 15:00:52

DSMF VƏ NAZİR HAQQINDA XOŞ SÖZ EŞİTMƏDİM.YƏQİN Kİ,ELƏDİKLƏRİNİN SORĞUSU OLACAQ.

Əliəddin 2022-06-03 14:54:31

Bu ürəkparçalayan hadisəyə münasibətinizə görə SİZƏ HALAL OLSUN! Günümüzdə xeyirlə ŞƏRİN, namusla NAMUSSUZLUĞUN, bütün yaxşı dəyərlərlə İYRƏNCLİKLƏRİN sərhədləri arasındakı məsafə o qədər daralıb ki, ƏXLAQ YOXDURSA ƏDALƏT DƏ YOXDUR hayqırmaqdan başqa insanın əlindən nə gəlir ki? Papa-mamoçkalarının gül balalarına gəlincə, onlarda vicdan qırıntısı axtarmaq Bakı küçələrinin asfaltlarında qızıl axtarmaq qədər gülünc əyləncədir.

BKM 2022-06-03 12:58:36

Sadəcə təşəkkür, Cəlal bəy!

Cavan 2022-06-03 12:55:20

Qazilərimizin başına bu işləri gətirənlər xəyənətkardır,düşməndir....Nazirn milli mənsubiyyəti barədə mətbuatda yazılanlar yoxlanmalı,əgər doğrudursa təcili tədbir görülməlidir.Milyonları mal-materiala,bahalı maşınlara xərcləyənlər cəzasını almalıdır.

Aborigen 2022-06-03 12:37:24

Uca Tanrının igidlik, ləyaqət, şərəf, ölməzlik, əbədilik zirvəsinə yüksəltdiyi, məqamı müqəddəslərin məqamına bərabər olan, ALLAH dərgahında bizdən çox-çox ucada dayanan ŞƏHİD və QAZİLƏRə olan biganəlik, laqeydlik, bəzi hallarda isə nifrət hissi bizdə haradandır? Bir boynu yoğunun qarşısında ikiqat olanlar niyə ŞƏHİD və QAZİLƏRin qarşısında şirə, pələngə dönür? Məsum ŞƏHİD və QAZİLƏRin “günahı” nədir ki, bu allahsız canavar sürüsü onlara qənim kəsilib? Evsiz-eşiksiz, kasıb, arxasız, var-dövləti olmayan, ancaq torpağı uğrunda gülə-gülə ölümə gedən, qəddar düşmən qarşısında əyilməyən, sınmayan, vətəni, dövləti, milləti üçün heç nəyini əsigəməyən bu pak insanları niyə alçatmaq, əzmək, sındırmaq, bir tikə çörəyə möhtac eləmək istəyirik? Niyə? Çünki ALLAHdan üzaq düşmüşük! Çünki vicdan anlayışı bizə yaddır! Çünki ... Ey Böyük Yaradan keç bizim günahımızdan!!!

Oxucu 2022-06-03 12:33:56

Qazilər incidilib. ... Bu nazirlikdə işləyənlərdən hansının oğlu 44 günlük müharibədə iştirak edib? Tədbir görmək əvəzinə qaziləi əsəblərini cilovlamağa çağırırlar? 44 günlük müharibə zamanı cəbhədə olmaq əvəzinə, bu qazilərin qələbələrini əllərində bayraq yellətməklə küçələrdə haray-həşir salan harınlamışların uşaqları haradadırlar? Onlar gözəl bilirlər ki, bu qazilərin hüquqlarını onların harınlamış ataları pozub., Ona görə də susurlar. ....

t.ədalət 2022-06-03 12:18:20

ƏƏSMN-də rüşvət baş alıb gedir.Pul verənlərə mənzillər şəhərdə və şəhərə yaxın ərazilərdə verildiyi halda,pul verməyənlərə uzaq yerlərdə,necə deyərlər "cin-şeytanın oynadığı" məkanlarda tikilən,gediş-gəlişi,kommunal xidməti olmayan əraziləırdə təqdim olunur.Sahil Babayev başına topladığı komanda ilə nazirliyi müh.əlilləri və şəhid ailələrinin hesabına kommersiya obyektinə çevirib.

Roma 2022-06-03 12:12:20

Mən, bu kadrlardan çox pərişan və eyni zamanda sevinc hissi yaşadım. Belə ki, Qazilərimizin bu acınacaqlı vəziyyəti və onların işinə baxılmaması onları haqlı olaraq hiddətləndirmişdir ki, onlar da əsəblərini cilovlaya bilməmişlər. Nə çətin işdir ki, qapıya gələn Qaziləri qapını açaraq bir otaqda mütəxəssislər tərəfindən dərdlərini dinləyib əlac etmək...sevindim ona görə ki, Qazi və Polis əməkdaşı bir qardaş kimi bir-birini qucaqlamışlar və mən sevincdən kövrəldim...Yəqin ki, məsələyə düzgün və qayğı ilə yanaşılacaqdır...

Asif 2022-06-03 12:02:12

Qazilər haqlıdır. Nazirdən tutmuş qapıçıya kimi hamısı sərhədə səngər qazmağa göndərilməli.

Kamil Vəliyev-qazi 2022-06-03 11:58:16

Nazirlik idarə olunmur.Nəzarət edən tapılmır,Bir qrup təsadüfi adamlardan təşkil olunan nazirlikdir! ...

Son yazılar