ERMƏNİSTANI GÖZLƏYƏN SİLAH “ACLIĞI”... - Rusiya öz hayındadır, ermənilərə kim silah verəcək?

Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsi təkcə onun özünə yox, Ermənistan kimi “strateji hərbi müttəfiqlər”inə də olduqca baha başa gəlir. Uzun illər Moskvadan dəyəri yüz milıyonlarla dollarla ölçülən silahları demək olar pulsuz-parasız almağa öyrəşən Ermənistan bu gün “silah aclığı” təhlükəsilə üz-üzə qalıb.

Ukrayna cəbhəsindən daxil olan məlumatlar göstərir ki, Rusiya təkcə canlı qüvvə deyil, hərbi texnika və silah-sursat sarıdan da böyük itkilər verir. İş o yerə çatıb ki, rus ordusu ötən əsrin 60-cı illərində istehsal olunan və çoxdan utilizasiya edilməli olan hərbi texnikanı döyüşlərə cəlb etmək məcburiyyətində qalıb. Son məlumatlara görə, Rusiya ordusu Pilotsuz Uçuş Aparatları sarıdan da ciddi qıtlıq çəkir və artıq Rusiya Fövqaladə Hallar Nazirliyinə aid PUA-ları istifadə etməyə məcburdur.

Müharibənin ilk 3 ayında Rusiya artıq yüzlərlə hərbi təyyarə və vertalyot, mindən artıq tank və BMP, eləcə də çoxlu sayda artilleriya qurğuları, rabitə və raket sistemləri, hətta hərbi gəmilər və s. itirib.

Bütün bu itkilərin yerini doldurmaq olduqca çətin, bəzilərini isə bərpa etmək ümumiyyətlə, mümkün deyil. Çünki Qərb ölkələrinin tətbiq etdiyi sərt sanksiyalar ilk olaraq məhz Rusiyanın hərbi-sənaye kompleksini vurub. Əsas elektron avadanlıqları, idarəetmə ciahazları və digər müasir texnologiyaların məhsulu olan ehtiyat hissələri xaricdə istehsal olunan rus silahları bu gün tükənmək üzrədir.

Onların təkrar istehsalı isə qeyd edilən ehtiyat hissələri çatışmazlığı səbəbindən faktiki olaraq dayanıb. Bu isə hazırda öz ordusunun hayında olan Rusiyanın nəinki müttəfəqlərini və digər silah alıcılarını, heç Ukraynada ilişib qalan qoşunlarını belə silahla təmin etməyə imkan vermir.

Mütəxəssilər hesab edirlər ki, Rusiya Ukraynada başlatdığı müharibə səbəbindən illik ən azı 15 milyard dollar gəlir götürdüyü silah satışı bazarını demək olar, tamamilə itirib. Hazırda hətta əvvəlcədən imzalanmış və pulu ödənmiş müqavilələr üzrə xarici ölkələr üçün silah istehsalı və satışı da mümkünsüz hala gəlib.

Bütün bu sadalananlar nəzərə alındıqda hərbi-sənaye kompleksi acınacaqlı duruma düşmüş Rusiya Ermənistana necə silah verə bilər? Olan-qalan tör-töküntü silahlarından nəsə versə belə, bu silahlar lazımi qədər olacaqmı və onlar ümumiyyətlə, nəyəsə yarayacaqmı?

Axı, hələ Rusiyanın uzun illərdir böyük səxavətlə, özü də kütləvi şəkildə silahla doldurduğu erməni ordusu 44 günlük müharibədə Azərbaycanın qarşısında tab gətirə bilmədi və Ukrayna savaşı olmasaydə belə, həmin ordunu yenidən dirçəltməyə illər yox, bəlkə də on illər lazım idi. İndi isə Rusiyanın düşdüyü vəziyyəti nəzərə alsaq, artıq bu müddəti ümumiyyətlə, proqnozlaşdırmaq mümkün deyil...

Erməni ekspertlər də silah təchizatı sarıdan Ermənistan ordusunun acınacaqlı durumda olduğu və bu sahədə perspektivlərin çox qaranlıq göründüyünə dair həyəcan təbili çalırlar. Məsələn, hərbi ekspert Karen Vartanesyan “Sputnik”-ə açıqlamasında deyib ki, Ukraynadakı itkiləri səbəbindən Rusiya hərbi-sənaye kompleksi öz ordusunu belə təchiz etməkdə çətinlik çəkir.

Onun fikrincə, yaranmış acınacaqlı durum nəzərə alındıqda, “görünən yaxın gələcəkdə” Rusiyanın ümumiyyətlə xaricə silah satması mümkünsüzdür.

Məlum məsələdir ki, nə indi, nə də yaxın gələcəkdə heç kim Ermənistana havayı silah vermək fikrində deyil. Nə Fransa, nə Yunanıstan, nə də başqa hansısa “erməni sevdalısı” ölkə ermənilərə ciddi hesab oluna biləcək həcmdə pulsuz silah verməyəcək. Müasir və effektli silahlar isə böyük pullar tələb edir ki, o da Ermənistanda yoxdur.

Xüsusilə də Ukraynadakı savaş bir daha göstərdi ki, dünya birliyi tərəfindən tanınan ölkələrin ərazi bütövlüyünün sual altına alınması hətta dünya müharibəsi və nüvə silahından istifadə təhlükəsinə qədər dəhşətli nəticələr yarada bilər. Ermənistanın Azərbaycanın suveren ərazilərinə iddiası və uzun illər bu əraziləri işğalda saxlaması, bu gün isə bütün sivil dünyanın təcrid və ittiham etdiyi Rusiyanın dəstəyilə Qarabağdakı separatizm tör-töküntülərini yenə ayaqda saxlamaq cəhdləri prinsip etibarilə Moskvanın Ukraynadakı siyasətindən heç nə ilə fərqlənmir – separatizm və işğalçılıq!

Odur ki, Ermənistana hansısa Avropa, yaxud ümumiyətlə, Qərb ölkəsinin nəinki ermənilərin adət etdiyi kimi havayı silah verməsi, hətta pulla satması belə inandırıcı görünmür.

Digər yandan, unutmayaq ki, Ermənistan KTMT üzvüdür və deməli, onun bütövlükdə ordusu, silahları, hərbi sistemi Rusiyanın nəzarətindədir. Belə bir ölkənin ordusuna hansısa NATO, yaxud Qərb ölkəsi silah verərmi? Əlbəttə ki, yox. Qalır Çin və digər hansısa Asiya ölkələri ki, onlardan da ermənilərin silah alması həm siyasi səbəblər, həm də maliyyə imkanları baxımından olduqca müşkül görünür.

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Əsgər Cəbrayıllı 2022-06-05 10:34:16

Doğrusu dövlətlər müdafiə üçün silah tədarük edirlər və Ermənistan yeni Avropa İttifaqı üzvü kimi niyə də Hərbi Arsenalsız ölkə olmasın?

Bəhrami 2022-06-04 17:30:04

Hay-qriqorian sektası üçün Rus çarlığı səhvən 1918 ci ildə respublika elan edəndən bu günə Türkiyə və Azərbaycan da daxil heç bir kənar dövlət bir qarış belə hərbi təcavüz və müdaxilə etməyib!?

Son yazılar