ZƏFƏRİN MÜBARƏK, ŞUŞA!

(esse)

(Şuşada ilk dəfə 1985-ci ildə olmuşdum. İkinci dəfə Birinci Qarabağ müharibəsi zamanı - 12 may 1992–ci ildə qismətimə yazılmışdı. Daxili İşlər nazirinin müvafiq əmri ilə 50 nəfərdən ibarət şəxsi heyətin komandiri kimi Laçına – Turşsuya ezam olunmuşduq. Şuşa işğal altında idi... Sonuncu dəfə isə zəfərdən sonra, 12 sentyabr 2020-ci ildə... Gördüklərim məni yaman sarsıtmışdı...)

Zəvvar kimi aydın səmalı bir vaxtda - sentyabrın 12-ci günündə ziyarətinə gəldik.

İzninlə qollarımı boynuna salıb, səninlə qolboyun oluram. Mən, bu dumansız və sakit səmada ulduzların ən uca üfüqdə bərkidildiyi tavanı da aydın görürəm. Gördüklərim İlahi hikmət və əzəmətin təcəllasıdır, ay Şuşa!

İndi qoynundayıq. Hər birimizin ruhu dincəlir… Belə xoş anlarda unudulmaz və ömrümüzə yazılmayacaq günləri xatırlamaq istəməzdim. Axı, keçmişi varaqlayıb köks ötürməyin nə mənası!? Onsuz da, ”o günlər” yaddaşlardan silinməyəcək!

Bu düşüncələrlə ibadət üçün Gövhər Ağa məscidinə tələsdim… Vədə xilaf çıxmadım, “Hacı, biz gələ bilmədik. Allah xatirinə, bizdən ötrü dualar et”, - dost tapşırığını da unutmadım…

Bu ziyarəti bizə bəxş edib yaşadanlardan Tanrı razı olsun!

Bakıdan Şuşaya uzanan ”Zəfər” yolunun inşası bitmək üzrədir. Ordumuzun ilan kimi qıvrılan, çətin aşırımlı bu dağ yolunu, 2020-ci ilin sərt qışında sal qayaları necə aşıb Şuşanı girovluqdan və əsirlikdən azad etməsini sənədli film kimi gözümüzün önünə gətiririk...

İgid övladlarımız, “Alınmaz qaladır” - deyənlərin inamında və güvəncində cəhənnəm odunu qalamışdı... O qayalara baxdıqca igidlərimizin qəhrəmanlığına bir daha heyran qalırdıq. Kitabı, dini və imanı bir, vicdanı, məsləki, əqidəsi və sevgisi danılmaz övladlarının uzun ayrılıqdan sonra yanında olması bir bayrama çevrilmişdi. Dərdinə aşina olduq. Bundan sonra səninlə hər görüş bayrama çevriləcək, ay Şuşa!

Zəvvar tək gəldik ki, Səni Kəbə evinə xas tərzdə təvaf edib, “Ləbbeyk” - deyək, söhbətimizə bəzək verək. Hərçənd, söz bazarında kasadlıqdı. Söz də, sahibi də qiymətdən düşüb. Sözün də, söz sahibi kimi Sirat körpüsündən keçib imtahana çəkiləcək vaxtı, vədəsi olacaq…

Söz ustadlarından olan Molla Pənah Vaqifin məqbərəsini də ziyarət etdik. Qısa müddətdə Məqbərənin əvvəlki görkəmi məharətli sənətkarların əməyi sayəsində bərpa olunmuşdu.

Mərd kişilər bir araya gəlməsəydi meydan təzələnməzdi. Səni qazanmaq üçün özünü qurban verib şəhadətə qovuşmaq məqsədliydi, igidlərimizin müqəddəs arzuları və istəyiydi. İndi sözün dəyəri 30 il bundan əvvəlki dəyərdən çox aşağıdı. Gözəl söz deyənlərə həcv yazırlar, küfr söyləyirlər…

Zəmanə zamanında sözlü adamları kənarda gizli saxlayardı. İndi zaman da “intibah” dövrünü yaşayır… Mən isə, ay Şuşa, həmişə zəmanənin əleyhinə getmişəm. Heç vaxt dövrün adamı ola bilmədiyimin bəlasını da çox dadmışam... Ustad və dahi Füzulinin dediyi kimi:

“Ol nəfyi- kəmali- hikmət eylər,

Lazım bilirəm xəsarət eylər,

Təmiri-xərabə talibəm mən

İnşəallah ki, qalibəm mən…”

İndi arxalı yırtıcıların viran qoyduğu yerlər bərpa olunur, yenidən tikilir. Gördüklərimiz Ali Baş Komandan İlham Əliyevin quruculuq islahatlarının, dünyaya görk olacaq siyasətinin və diplomatiyasının canlı təzahürü idi. Qürur duyduq.

Şəhərlər Sultanı, mədəni, mənəvi və tarixi qalaların memarlıq abidəsi, əzəməti və əsrarəngsiz təbiətin sahibi Şuşa, zəfərin mübarək!

Səmadan torpağına enən saf yağış damcılarının da inci tək qiyməti varmış, bilməmişik. O dürr damcılar bərəkətli torpağına bərəkət gətirib, anlamamışıq. Dar günündə əlindən yapışıb səni ayaq üstə qaldıran bu torpağın ərsəyə gətirdikləri, qolu bükülməz Vətən oğulları neçə də təbəssümlü və məğrurdular!… Gəldik ki, doğmalıq itməsin, qala qapıların bağlanmasın, sənin biçimli, ağayana davranışının və qonaqpərvərliyinin bir daha şahidi olaq!

30 il ərzində övladların rahatlığını özünə haram bilib…

Tanrıya şükürlər olsun ki, canlı təbiət də səxavətini və möcüzələrini Səndən əsirgəməyib. Cıdır düzünü seyr edib gəzdikcə sevincimizin meydanını geniş gördük. O Sıldırım qayalarda igidlərimizin barmaq və ayaq izləri həkk olunub. Onu daha bir kimsə itirə bilməz…

Torpağında addımlayırıq...

Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş büstlərinə ürək ağrısı ilə baxırıq...

Düşmən xatirələri əbədiləşdirilən xadimlərimizin heykəllərindən də ehtiyatlanırmış. “Birdən dirilib problem yaşadacaqlar,” – düşünüb, heykəlləri də güllələyib, məzarlıqları viran qoyublar. Bu vələdüzinalar ölülərimizdən də qisas alıblar…

İndi qoynunda, ay Şuşa, hər şey aşkar və sakitdir. Təbiətin saf, insanların əxlaqı təmiz, əyilməz vüqarın dəyəri ölçülməz cah-cəlal rəmzidir. Hələ gözəllərinin vəsfəsığmaz al yanaqlarını demirəm. Qəmzəsi şirin bu gözəllərin, kiprikləri aşiqi nişan alan ox, baxışları gül yarpaqları üzərində şeh damlasına bənzər. Baxmaqdan gözlər yorulmaz, doymaz… Bu gözəlliyi seyr etmək bəxtəvərlikdi...

“Səndən kənarda, çox kənarda olduq”, kəlməsini dilimə gətirə bilmirəm. Axı, bəbək gözün içindəsə, “qıraqdadır”, necə demək olar?

Ziyarətinə gələnlərin üzünə gülümsə və olub keçənlərə “keçmiş olsun”, - de. Əvvəlki təmkinini saxla. Sən musiqinin və musiqiçilərin beşiyi olan “pərdə” içrə qərar tutmusan. Bu vəziyyətdə məqamın çox uca zirvələrdədir…

Fələk zalımlıq və hoqqabazlıq etdi. Heç kimin xoşuna gəlmədiyi məkrli bir plan cızdı. İşğal “bağçasını” suladı. Ədalət hərarəti olmayan yad əllərə möhtac qaldı.

Məsəl var, deyərlər: “Ulduz bir bürcdə qərar tutdu, gövhər xəzinədə məhbus oldu”…

Gövhər tək Sən də məhbus həyatı yaşadın. Səninlə görüşə qəsdən izn verilmirdi. İndi İlahi hökmlə “məhkumluq” üzərindən götürüldü… Tam “bəraət” aldın. Günahsızlığın hamıya bəlli oldu. Hamıya bəlli olan faktların dəlilə, sübuta ehtiyacı olmur, ay Şuşa, vallah olmur! 30 ildən sonra baş tutan görüşdə mənə elə gəldi ki, valideyn-övlad təmasının ürək didən səhnəsinə və uzun illərin səbrü-qərarına artıq son qoyuldu …

Bu gün Sən, hər birimizin gözündə Şuşada qürub edib, elə Şuşada da dan yerini qanadıb al rəngə boyadan günəşə bənzəyirsən. Bizlər başına dolanan pərvanələrik. Minnət olsun canımıza. “Can nədir ki, onu qurban etməyək Şuşamıza”.

Hüzurunda əmrinə müntəzirik… Tapşırığını ver, təlimatlandır…

Bir zamanlar ixtiyarsız olmuşuq. Günahlarımızı səmimiliklə etiraf edirik. Amma ağa kərəmsiz, qul xətasız olmaz ki, ay Şuşa!...

Bu günü çox gözlədik, Sənə qovuşmq üçün çox çalışdıq. Yenə etiraf edim ki, nə vaxtsa görüşəcəyimizə ümidimiz qalmamışdı…

Vətən torpağına isə tükənməz cevgimiz varıydı, var və yenə olacaq…

Növbəti görüşlərədək, Şuşa! 

Şəmsəddin Mənsuroğlu,

12 sentyabr 2021-ci il,

Şuşa şəhəri

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar