“CAYNAĞINIZI AZƏRBAYCAN TƏHSİLİNDƏN ÇƏKİN!” – “Bu şəbəkə onun arvadını imtahansız direktor təyin edib...”

Millət vəkili, təhsil eksperti Etibar Əliyev təhsil sektorundakı problemlərlə bağlı ünvanlı sərt ittihamların və sensasiyalı məlumatların yer aldığı bir yazı paylaşıb.

“AzPolitika.info” deputatın həmin yazısını təqdim edir:

BDU-nun 100 illik yubiley mərasimində Prezident İlham Əliyev olduqca maraqlı məqamlara toxunmuşdur: “Anti-Azərbaycan dairələr gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar.

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən çox diqqət etdiyi sahələrdən biri orta təhsildir. Ölkəmizdə inşa edilən yüksək infrastruktura malik olan məktəblər, bu məktəblərdəki şərait şagirdlərin həm yüksək səviyyədə bilik qazanmalarına, həm də yaxşı vətəndaş kimi yetişmələrinə xidmət edir. Aydındır ki, bunun məsuliyyətini isə təhsilə cavabdeh şəxslər daşımalıdır.

Məktəblərdəki yeniliklərlə yanaşı, nöqsanlar da mütləq ictimailəşdirilməlidir. Biz təhsilin bütün pillələrini, xüsusilə orta təhsili qorumalıyıq. Məktəbdən gələcəyimizə yol açılır.

Son zamanlar orta təhsildə baş verən neqativ hallarla bağlı tənqidi yazılarım bir sıra şəbəkə adamlarını hiddətləndirib. Orta məktəblərə “5-ci kolon”un nüfuz etməsində məqsəd məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaqdır. Bu qruplaşmanın başında duranlardan biri Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bakı məktəblərinin idarəçiliyi hələ də onda qalır. Bakı Şəhəri Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diqtəsi ilə idarə edir. 

İndi bu şəbəkələşmiş anti-milli qruplaşmanın məktəblərimizə vurduğu zərbələrə diqqət edin:

- Regional Təhsil İdarələri, xüsusilə Bakı Şəhər Təhsil İdarəsi intriqa yuvasına çevrilib. Bağçalar bu quruma tabe etdirildikdən sonra bağça müdirlərindən külli miqdarda pul yığımı başlanıb.

- Orta məktəblərin yuxarı siniflərində demək olar dərslər keçirilmir.

- Məktəblər repetitorlara arendaya verilib.

- Bioqrafiyaları ən natəmiz olan adamları direktor təyin etdirirlər.

- Məktəb qrant layihələrinə ayrılan külli miqdarda vəsaitlər mənimsənilir.

- Məhəbbət Vəliyevanın direktor təyin etdirdiyi bütün məktəblərdə özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Bunu bütün Respublika bilir. Məktəblərdə pul yığımları günü-gündən şiddətlənir. Şəbəkəyə yaxın olan məktəb direktorları üçün yaş həddi yoxdur və həmin məktəblərə nəzarət həyata keçirilmir.

- Məktəblərdə kasıb uşaqlarına ögey münasibət bəslənilir.

Bu neqativ halları statusundan asılı olmayaraq kimsə tənqid edəndə, Məhəbbət Vəliyeva və onun klan üzvləri: ramizmehdiyevçilər, əlihəsənovçular və Azərbaycanın əleyhinə olan anti-milli şəbəkə işə salınır. Bu anti-milli şəbəkə və onların əlaltıları 164 nömrəli məktəbdə “Georgi lenti” kimi anti-ideoloji və dövlətçilik əleyhinə olan tədbirə reaksiya vermədilər.

Son hadisəyə qayıdıram. Zərifə Əliyeva adına liseyin direktorunun iştirak etdiyi əyləncə tədbirində öz müəllimlərini qarşısında oriyental rəqs etdirməsi görüntüləri geniş rezonansa səbəb oldu. Bu şəbəkə müəllim adına yaraşmayan hərəkətlərə bəraət qazandırmağa başladı. Mən həmin videonu sosial şəbəkələrdə gördükdən sonra bununla bağlı bir cümləlik şərh yazdım. Hətta videogörüntünü belə paylaşmadım. Bundan sonra Məhəbbət Vəliyevanın mütəşəkkil dəstəsi mənə qarşı böhtan və qarayaxma kampaniyasına başladı. Başladılar özlərində olmayan ali mənəvi dəyərlərdən dəm vurmağa. Gödənini milli dəyərlərindən üstün tutanlar bu millətin düşmənləridir. Bu bədbəxtlər və satılmışlar bilmirlər ki, müəllimin məktəbdəki davranışı ilə kənardakı davranışı eyniyyət təşkil etməlidir. Müəllim hər yerdə şəxsi nümunə olmalıdır.

Bütün ölkə bilir ki, həmin məktəbin direktor əvəzi dəstəbaşı Məhəbbət Vəliyevanın əmisi qızıdır. Deyilənlərə görə o, əmisi qızını qorumaq üçün ramizmehdiyevçilərə və əlihəsənovçulara xeyli məsrəflər sərf etdi. Hətta bunları xaricdə oturmuş, Azərbaycana qarşı siyasi qaraxma aparan “5-ci kolon”un üzvləri də müdafiə edir. İndi görün, Məhəbbət Vəliyeva kimlərlə bir çətirin altındadır. Və onun oyunları həm də siyasi xarakter daşıyır.

Elm və təhsilin əlifbasına həsrət qalanlardan birinin vicdan asqırtısına isə nazirlik rəsmiləri də diksindi. Ona görə ki, bu şəbəkə onun arvadını imtahansız direktor təyin edib. Bu ciddi qanun pozuntusuna razılaşan yaramaz, indi bizə əxlaq dərsi keçir...

Liseyin tarix müəllimi, lisey direktorunun yaxın sirdaşı, liseydəki yığım kampaniyasına rəhbərlik edənlərdən biri, həmkarların sədri Pərviz Ağalarov etiraf edə bilmir ki, biz liseyimizi digər lisey və məktəblər kimi repetitor kurslarına çevirmişik. Bunu ibtidai sinif şagirdləri də bilir. Bu liseyə qəbulun qiyməti barədə bütün Respublika danışır, “vicdanlı” tarixçi isə direktora qahmar çıxır.

Haşiyə çıxıb deyə bilərəm ki, hal-hazırda bu kampaniyanın ən qızğın dövrüdür. Aidiyyəti hüquq-mühafizə orqanlarını bu məsələni nəzarətə götürməyə dəvət edirəm. Kişilikdən, qeyrətdən dəm vuran bu adam qalmaqallı 10-ci sinif “Tarix” dərsliyinin müəlliflərindən biridir və “Velikaya Armeniya” xəritəsi olan bölməni məhz o yazıb.

Görün nə işlə məşğuldurlar.

Partiyaların birində şair və redaktor işləyən, savadsız “Əmə4kdar jurnalist”, görkəmli əlihəsənovçunun yazdığı əxlaqsız bir yazını Mehriban Vəliyeva çoxaldıb paylayır. Bəlkə burda da şəbəkənin rolunu danasınız?! 

“5-ci kolon”un üzvlərinə, mehdiyevçilərə və həsənovçulara xəbərdarlıq edirəm! Caynağınızı Azərbaycan təhsilindən çəkin! Bu dövlətin gələcəyi bu gün məktəblərdə bacardığınız qədər səhv istiqamətə yönəltməyə çalışdığınız gənclərdən asılıdır.

Unutmayın ki, dövlət də, ayrı-ayrı dövlət strukturları da bunun ciddi şəkildə fərqindədirlər. Və mən də bütün təzyiq və qarayaxmalara baxmayaraq, həmişə bu neqativ və gələcəyimiz üçün təhlükəli olan proseslərin qarşısında olacam və mübarizəmdən geri çəkilməyəcəm!...

635x100

Şərhlər

yaşlı pedaqoq 2022-06-09 18:02:35

Üzümü Hüseyn Cavid prospektində yaşayan sakinlərə tutub deyirəm: siz bu göbək atıb oynayan, biri-birinin sinəsunə pul qoyan müəllim kollektivindən nə gözləyirsiniz? Belə müəllimlər gənc nəslə hansı tərbiyəni aşılaya bilərlər? Mən həqiqətən də sizlərə və həmin liseydə oxuyan şagirdlərə acıyıram. Görəsən, Təhsil Nazirliyi niyə susqunluq göstərib münasibət sərgiləmək istəmir? Həqiqətənmi Emin Əmirullayev Məhəbbət Vəliyevanın kölgəsindən belə qorxur? Liseydə oxuyan, özbaşına qalmış gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq görəsən kimin vəzifəsidir? Bahalı maşınlarını liseyin yaxınlığındakı sakinlərin üstünə sürən oriental rəqqasələrin?

Roma 2022-06-09 14:29:01

Tələbə adı ilə şərh yazana..."""Dövlət imtahan mərkəzinə DİM 20 İLDİR AZƏRBAYCAN DİLİNDƏ DANIŞMAYAN BİR XANİM COX İNCƏLİKLƏ ORANI YAMAN GÜNƏ QOYUB HEÇ YAZMIRSINIZ...""" məncə 20 il yox artıq 30 ilə yaxındır və onun Azərbaycan dilində danışa bilməməsi və ya danışmaq istəməməsi digər vəzifəlilərə də xas xüsusiyyətdir. Dünyada məncə 2-ci bir Millət, Xalq ola bilməz ki, öz dilində gücnən danışanlar, rus dilində pis danışan öz millətindən olanları bəyənməsin...Bu da faktdır, inkar oluna bilməyən fakt...

dadaşyev 2022-06-09 14:17:58

Qayğanağınızı,qaynananızı,qaynaqçı qaynınızı və qayınuşaqlarınızı Azərbaycan təhsilindən çəkin.

Validetin 2022-06-09 13:20:08

Təhsil də digər sahələr kimi bərbad haldadır və oranın işini qaydaya salmaq çox ehtimal ki.(GÖRÜNƏN BUDUE) hakimiyyəti nədənsə maraqlandırmır.Bu nədir,məktəblərdə pul yığımı,repititor və sairə...Beləliklə gəncliyimizi.gələcəyimizi məhv etdiyimizi niyə düşünmürük?Orta təhsildə pullu təhsil nə deməldir?

Fərid 2022-06-09 12:54:49

Niə MM-də məsələ qaldırb qərar qəbul etdirmək istəməyib,boş yazılarla baş girləməyin!

Etibar bəyə 2022-06-09 12:52:42

Belə nəticəsiz boyazılarla təhsilimiz irəliləyə bilməz.Ölkədə Milli Məclis,Nazirlər Kabinet və nəhayət Prezident Aministrasiyası var.Belə əsas və ölkə üçün birinci dətəcəli məsələlər onları maraqlandırmalı və konktet tədbrlər görülməlidir.Ölkədə təhsil,onun təşkili,səvittəsi strateji məsələ olduğu başa düşülməli və özbaşına buraxılmamalıdır.Aylardır Vəliyevadan yazırsınız,amma diqqət edən,ölçü götürmək istəyən ortada yoxdur.Bu nəyin nətcəsi oduğu hamıya bəllidir və belə halın davam etməsi biabırçılıq və əlaqədar təşkilatların səhlənkarlığının və bilərəkdən susmslsrının nəticəsidir.Bunu isə belə davam etməyə imkan vermək ölkəyə düşmənçilikdir!

GƏNCƏ 2022-06-09 12:04:15

Etibar müəllim belə antimilli ünsürlər və onların dayaqları əllərini elə-belə çəkən deyillər .Az qalıb.Polad Aləmdar qapıdadır.

Hüseyn Cavid pr.sakinləri 2022-06-09 10:54:46

. Bəli, doğru vurğulayırsınız liseyin sinifləri repetitor müəllimlərə icarəyə verilib. Hər gün- istirahət, bayram günləri də daxil gecə saat 10-a, 11-in yarısına kimi liseyin işıqları yanır, sinif otaqları evlərimizdən aydın görünür, şagirdlər repetitor müəllimlərlə məşğul olurlar. Gəlib monitorinq edib, yoxlaya bilərsiniz. Hələ bu azmış kimi repetitorluqla pul qazanıb, aldıqları bahalı maşınlarını bizim bloklarln qarşısında axşama kimi şəxsi qarajları kimi istifadə edərək saxlayırlar. Maşınlarımızı saxlamağa yer belə tapmırıq. Yutubdakı əyləncə məclislərinindən tez-tez liseydə təşkil olunur. Musiqi, səs-küydən, xususilə də yaz-yay aylarında qulaq tutulur. Elə bil təhsil müəssisəsi, deyil əyləncə mərkəzidir! Artıq havalar qızıb, bilmirik başımızı götürüb, hayana gedək? Nə xəstələri, nə yaşlı insanları, nə körpələri nəzərə almırlar. Bu lisey liseydən başqa nəyə desən oxşayır. Hələ şikayət etdiyimiz zaman şagirdlərin binaların həyətlərində, bloklarda törətdikləri nalayiq hərəkətlərinin qarşısını almaqları üçün onlarla profilaktik işlərin görülməsini tövsiyyə etdikdə, bizə “liseyin hasarından kənarda etdikləri bizə aid deyil, bizim həyətdə ki, etmirlər”, deyə ağlasığmaz cavab verirlər. Bəli, dəyərli Etibar müəllim! Möhtərəm Prezidentimizin anası- Zərifə xanım Əliyevanın adını daşıyan lisey bu təfəkkürlə idarə edilir!

Hüseyn Cavid pr.sakinləri 2022-06-09 10:27:08

Salam, çox dəyərli Etibar müəllim. Hər zaman olduğu kimi çox aktual bir mövzuya toxunmusunuz. Sizə, Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü kimi Hüseyn Cavid prospektinin bir neçə binasında yaşayan sakinlər adından dincliyimizi, rahatlığımızı əlimizdən almış Zərifə Əliyeva adına lisey haqqında bəzi məqamları bildirmək istəyirik. Lisey yaranan gündən 5-6 binanın sakinləri psixoloji gərginlik içində yaşayırıq. Belə ki, liseyə artıq 3-cü direktordur ki, təyin edilib. Buna baxmayaraq liseyin direktor tərəfindən idarə olunması gözə görünmür. Liseyin şagirdləri sözün əsl mənasında başlı-başına buraxılıblar. Hər gün (xüsusi karantin dövrü xaric) səhər 8-ə 10-15 dəqiqə işləmişdən, baxmayaraq ki, dərs saat 8-də başlayır, ora gəlir, səs-küy aləmi bürüyür. Gələn kimi liseyin həyətində olan idman meydanına keçib, hay-küy salır, futbol oynayırlar. Hətta şənbə-bazar, bayram günlərində də şagirdlər səhər tezdən liseyə gəlib, idman meydançasında söyüş, nalayiq sözlərlə biri-birini təhqir edərək top-top, futbol oynayır, bilmirik nə işlə məşğul olurlar. Biz sakinlər artıq dəlilik dərəcəsinə çatmışıq. İstər Məhəbbət Vəliyeva istər, Mehriban Vəliyeva, istər də indiki direktor şagirdlərə nəzarət etmirlər. Hələ bu azmış kimi ətrafdakı binaların bloklarında qızlarla oğlanların nalayiq hərəkətləri, “razborkalar”, siqaret şəkmələri sakinlərin asyaşlı övladlarının tərbiyəsini pozur. Dəfələrlə liseyə gedib, şikayət etmək istəsək də bizə “direktor yoxdur”, deyə qapıdan içəri buraxmırlar. 1-2 dəfə müəllimlər və ya özünü tərbiyə üzrə müavin kimi qələmə verən şəxslə qapıda görüşüb, iradılarımızı bildirsək də bizi kobud sözlərlə “ bilirsiniz də bu lisey kimin adını daşıyır”, deyə qapıdan qovublar. Bəli, Prezidentin anasının - hörmətli Zərifə Əliyevanın adını daşıdığı üçün nümunəvi lisey olmalı olduğunu hələ də dərk edə bilmirlər bu liseyi idarə edənlər. Həqiqətən də lisey bərbad gündədir. Bir neçə dəfə Təhsil Nazirliyinin qaynar xəttinə zəng vursaq da, heç bir nəticəsi olmayıb.

Rasim Nəbiyev 2022-06-09 10:19:45

ETİBAR m. Konkret faktları tənqid edin. Konkret şəxslərin əməllərini açın və tənqid edin. Amma sizin yazdıqlarınız nədənsə sifarişə daha çox oxşayır.

Bakı kəndlisi 2022-06-09 08:27:32

Nə əcəb, şəkildəki təcrübəli qadını deyil, digərini nəyə görəsə, yarımçıq-9 illik təhsil naziri qoydurublar? Eksport bəy də görünür qısqanır? Təzəni birşabaşa tənqid etmək yaxşı düşməz düşünür? Bircə terrorçuya gücü çatmayan ölkəmiz nədən bir-birini eşidib, mükəmməlliyə getməkdən didişirlər?

TƏLƏBƏ 2022-06-09 00:18:21

təhsilə təzə nazir qoyulub imkan verilmirlər ki, işləsin .... Dğvlət imtahan mərkəzinə DİM 20 İLDİR AZƏRBAYCAN DİLİNDƏ DANIŞAMAYAN BİR XANİM COX İNCƏLİKLƏ ORANI YAMAN GÜNƏ QOYUB HEÇ YAZMIRSINIZ...

Eldar İsrafilov 2022-06-08 21:18:47

Möhkəm dayan. Uğurlar arzulayıram Etibar bəy.

Türk Turan 2022-06-08 19:25:23

Təşəkkür edirik Etibar bəy. Sizə bu işdə uğurlar arzulayırıq. Allah qorusun sizi.

Roma 2022-06-08 18:03:45

Bəs Təhsil Naziri hara baxır, məgər Məhəbbət Vəliyevanı əvəzləyəcək layiqli bir Təhsil işçisi yoxdurmu və pul yığımlarına nə vaxt son qoyulacaq. Etnbar müəllim sizinlə tam razıyam:..."Zərifə Əliyeva adına liseyin direktorunun iştirak etdiyi əyləncə tədbirində öz müəllimlərini qarşısında oriyental rəqs etdirməsi görüntüləri geniş rezonansa səbəb oldu. Bu şəbəkə müəllim adına yaraşmayan hərəkətlərə bəraət qazandırmağa başladı..."...

Veteran 2022-06-08 17:51:22

Belə antimilli ünsürlə,,,,,,,,,, bu sahəni iflic ediblər. Hər bir cinayətə cavab verəcəklər.Az qalıb.

Camaat 2022-06-08 17:47:12

50 ildir ki təhsil idarələrində ,orta məktəblərdə ,uşaq baxçalarında reğionşuluq, tayfabazlıq,qohumbazlıq halları artıq bu sahəni iflic edib.Əksəriyyəti məlum regionlardan olan .... təhsilə rəhbərlik edir,məktəblər mal bazarında olduğu kimi alver meydanıdır..Az qalıb.Bütün bunların sonu yaxılaşır.Hər cinayətə görə bunların cəzası veriləcək.

Camaat 2022-06-08 17:46:00

50 ildir ki təhsil idarələrində ,orta məktəblərdə ,uşaq baxçalarında reğionşuluq, tayfabazlıq,qohumbazlıq halları artıq bu sahəni iflic edib.Əksəriyyəti məlum regionlardan olan ......təhsilə rəhbərlik edir,məktəblər mal bazarında olduğu kimi alver meydanıdır..Az qalıb.Bütün bunların sonu yaxılaşır.Hər cinayətə görə bunların cəzası veriləcək.

Son yazılar