Azərbaycanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daş Salahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl iş üzrə cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri müəyyən edilib.
Belə ki, qeyd edilən şəxslərin 2020-2022-ci illər ərzində Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı toplanan sübutlarla yuxarıda adları qeyd edilən şəxslərə (cəmi 10 təqsirləndirilən şəxsə) Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 312.1 (rüşvət vermə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbs, ev dustaqlığı və digər qətimkan tədbirləri seçilib.
Hazırda qanunsuz əməllərə yol vermiş digər vəzifəli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq davam edir.

Şərhlər
Şəkinin Bələdiyyəsinin sədri Mais və müavini İntiqam yaddan çıxıb ? Onlar milyonlar əldə ediblər !
Sekideki rusvetxorluq ve korupsiya islerine gore sheki belediye sedri illerdir seheri satib yeyib helede korupsiya idaresi onu tutmur. seherde qanunsuz satilmayan yer qalmayib. Pulun allah oldugu zamanda yasayiriq.
Əmlak məsələləri üzrə dövlət Komitəsindən rüşvətsiz özəlləşmə sənədi almaq mümkün deyil.Birada bütün hesablar Kərəm bəyin qoyduğu takso üzrə aparılır.Bu gün də davam edir.
Guya yerdə qalanları təmidirlər?;Hamısı rüşvətlə,qohumluq ,kirvəlik əlaqələri ilə işə qəbul edilənlərdir.Ora kökündən təmizlənməsə mənası olmayacaq! Kəəmin qoyduğu qaydalar ləğv edilməlidir.