"UKRAYNA ORDUSU BƏZİ İSTİQAMƏTLƏRDƏ ƏKS-HÜCUMA BAŞLAYIB" - Baş komandanın açıqlamaları (Yenilənib)

“Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı həmkarı Mark Milli ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, şiddətli döyüşlərin getdiyi Severodonetskdə Rusiya hərbçilərinin hücumu dəf edilib, Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlamaqda davam edir: “Düşmən əsas səylərini Luqansk vilayətinin şimalında cəmləyib. O, kütləvi şəkildə artilleriyadan istifadə edir və təəssüf ki, onqat atəş üstünlüyünə malikdir. Amma hər şeyə rəğmən biz mövqelərimizi tutmağa davam edirik. Orada Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim deyil, işğalçının da”.

Baş komandan əlavə edib ki, xüsusilə Severodonetsk şəhərində vəziyyət ağırdır. Onun sözlərinə görə, Rusiya həmin əraziyə 7 tabor taktiki qrupu yerləşdirib, lakin güclü atəşə baxmayaraq, Ukrayna hərbçiləri işğalçıların qarşısını ala bilib.

O qeyd edib ki, Luqansk istiqamətində uğursuzluğa düçar olan Rusiya qoşunları Xarkov şəhərinin yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Eyni zamanda işğalçılar Ukrayna müdafiə qüvvələrinin Çerniqov və Sumı vilayətlərindəki bölmələrini artilleriya və minaatanlardan atəşə tutmağa davam edir.

V.Zalujnının sözlərinə görə, hazırda cəbhə xəttinin uzunluğu 2 450 km-ə çatır, onlardan 1 105-də aktiv döyüş əməliyyatları gedir.

Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında isə qeyd olunub ki, Rusiya qoşunları Lisiçanskı mühasirəyə almağa çalışırlar, lakin həmlə zamanı səhvə yol verib uğursuzluğa düçar olurlar. İşğalçı qüvvələr Siverski Donets üzərindən iki körpünü ələ keçirməyə cəhd etməli olduğu halda onları dağıdıblar.

Bildirilib ki, Rusiya qüvvələri ağır artilleriya atəşinin yardımı ilə Severodonetsk və onun ətrafına quru hücumlarını davam etdirirlər, lakin iyunun 12-nə kimi onlar şəhər üzərində tam nəzarəti bərqərar etməyiblər. Həmçinin rusiyalılar Vrubivka və Mikolaivkada uğursuz hücum əməliyyatları keçiriblər.

Analitiklərinin fikrincə, işğalçı qüvvələr, yəqin ki, ya Toşkivka ərazisindən, ya da Popasnadan şimala keçərək Lisiçanskı mühasirəyə ala və ya Siverski Donetsinin qərb sahilindən hücuma keçə biləcəklərini güman edirlər.

Qeyd edək ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub ki, həftəsonu Severodonetsk ətrafında döyüşlər intensivləşməkdə davam edib. Qarşıdakı aylarda çay keçmə əməliyyatları, ehtimal ki, müharibənin gedişində ən mühüm müəyyənedici amillərdən biri olacaq.

Bildirilib ki, Rusiyanın Donbasdakı cəbhə xəttinin 90 km uzunluğundakı mərkəzi sektoru Severski Donets çayının qərbində yerləşir.

Əlavə olunub ki, Rusiya Donbasa hücumunun hazırkı əməliyyat mərhələsində uğur qazanmaq məqsədilə ya cinahlarda iddialı əməliyyatlarını tamamlamalı, ya da çay keçmə hücumu həyata keçirməli olacaq.

Vurğulanıb ki, Ukrayna qüvvələri geri çəkilməzdən əvvəl körpüləri dağıtmağa müvəffəq olub, Rusiya isə atəş altında uğurlu, geniş miqyaslı çay keçmə əməliyyatı həyata keçirmək üçün lazım olan kompleks koordinasiyanı qurmaqda çətinlik çəkib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar