Bu gün keçmiş deputat, qocaman pedaqoq Şahlar Əsgərovun Doğum Günüdür. Millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev öz müəlliminin doğum günü ilə bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik:
“Əsl Alim obrazı!
İyun ayının 15-də fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Şahlar Əsgərovun 81 yaşı tamam oldu. Şahlar müəllim bizə ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) fizikanı öyrədib. O vaxtlar yetişən fiziklər ordusunda onun böyük əməyi var. Bunu heç kim inkar edə bilməz.
Böyük fizik, Nobel mükafatı laureatı Verner Heyzenberqin maraqlı bir fikri var: “Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur”. Bu mənada müəllimimiz həm də yaxşı filosofdur.
Bizim tanıdığımız alimlərimizdən çoxu öz sahələrində külüng çalmaqla kifayətləniblər. Ancaq Şahlar müəllim fizikanın tədrisi ilə yanaşı, həm də təhsil məsələləri ilə dərindən məşğul olur. Böyük bir alim ordusunun işini təkbaşına görür.
Müəllimim Şahlar Əsgərov əqidəsində möhkəm, siyasi mövqeyində sabit adamdır. Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olub. Mən onu həmişə öyrənən görmüşəm. Hər hansı tədbirdə istənilən məsələ barədə söhbət gedəndə ən orijinal fikirləri Şahlar müəllim söyləyir. Bu məni tələbəsi kimi çox sevindirir.
Yeri gəlmişkən, onun böyüklüyünü sübut edən bir faktı da deyim: Tələbələrindən nəyisə öyrənməsindən qürur duyur. Onları izləyir... Uğurlarına sevinir... Bu, əsl alimə xas olan mühüm keyfiyyətlərdən biridir. Onun “Kamilləşən düşüncə” adlı fundamental əsərini “Düşüncənin fəlsəfəsi” də adlandırmaq olar. Əziz Şahlar müəllimin qələmə aldığı və son dərəcə maraqlı olan "Yonulmuş daş yolda qalmaz" kitabını mütləq oxuyun.
Əsl alimin bir əlaməti də özünü dərki ilə yanaşı, özünə sevgi, özünə hörmətidir. Daha doğrusu, insanlığa sevgi və hörmət şəxsi nümunənin prizmasından keçməlidir. Şahlar müəllim başqalarına hörmətlə yanaşmağı bacardığı kimi, özünə hörmət etdirməyi də bacarır. Böyük alim, Nobel mükafatı laureatı Bertran Rasseldən soruşurlar ki, kimi əsl centlmen hesab etmək olar. Onun cavabı belə olur: "Centlmen o adamdır ki, onunla ünsiyyətdə hər bir kəs istər-istəməz centlmen olur". Şahlar Əsgərovun səmimiyyəti istər-istəməz həmsöhbətini də səmimi olmağa vadar edir.
Müəllimim professor Şahlar Əsgərova uzun ömür, can sağlığı arzulayıram.
Şahlar müəllimi bir də 27 illik həsrətdən sonra varlığı qədər sevdiyi Kəlbəcərinə qovuşması münasibətilə təbrik edirəm.


Şərhlər