Ələmdar Məmmədov, hüquqşünas

(Yaxşı olmaq asandır, adil olmaq çətin! V.Hüqo)

Artıq 20 ilə yaxındır ki, mədəni həyatımızda möhtəşəm hadisə baş verir: Xalqımız qədər məhrumiyyətlərə məruz qalan muğamımızı dirçəldən və gümrahlaşdıran müsabiqələr keçirilir. 44 günlük Zəfər savaşından sonra baş tutan builki 8-ci muğam müsabiqəsi bir çox cəhətdən əlamətdardır. Final mərhələsinin bir neçə il öncə xəyal kimi görünən Şuşada keçirilməsi, ilk dəfə çoxlu sayda azyaşlının müsabiqəyə qatılması, şəhid ailələrinin və qazilərimizin dəvət olunması çox müsbət haldır.

Hamının sevinclə qarşıladığı bu müsabiqədə üzücü bir məqam da var. Bu da müsabiqədə bəzi münsiflərin laqeydliyi, qeyri-obyektivliyi, bilərəkdən və ya bilməməzlikdən qıcıq yaradan hərəkətləridir (Konkret səhvləri, keçid qaydalarını və.s. göstərmək əvəzinə “qiymətini kəsmək istəmirəm”, “bu dəfə güzəşt edirəm”, “cəsarətinə görə bal verirəm” kimi açıq-aşkar qərəzli görünən digər hərəkətlər.) Bir neçə misal gətirmək istəyirəm.

2-ci turda qeyri adi hadisə baş verdi... Məlumdur ki, el arasında “Yetim segah” kimi tanınan xaric segahın ən mahir və təkrarolunmaz ifaçısı İslam Abdullayev (Segah İslam) olub. Onun Qumrunun çətin yadda qalan, məxsusi nəfəs və səs diapozonu tələb edən “Keçər qürbətdə ömrüm ah ilə, bir həmzamanım yox” sözləri ilə başlayan segahını 110 ildir ki, heç kim təkrar etməmişdi. Doğrudur, Cabbar Qaryağdıoğlu, Şəkili Ələskər “Yetim segah” ifa ediblər, lakin tez yadda qalan, asan tələffüz edilən qəzəllərlə oxuyublar. Deyirlər Cabbar Qaryağdıoğlu hansı məclisdə İslamı görərmiş, ondan “Yetim segah”ı ifa etməyi xahiş edərmiş. Sonrakı illərdə Xan Şuşinski, Yaqub Məmmədov, Arif Babayev , Alim Qasımov kimi korifeylər “Yetim segah” oxusalar da, Qumrunun qəzəli ilə ifa etməyiblər. Və birdən bu müsabiqədə İslamın segahını səsləndirən Daşqın Kürçaylı tamaşıçıları bir əsr əvvələ aparır, sanki İslamın, Cabbarın avazını, səsini eşidirik. Əslində gənc müğənni qədim muğamla müasir muğamın sintezini yaratmışdı. Zalda oturanlar alqışlarını əsirgəmədilər. İfa sona çatdıqdan sonra söz münsiflərə verildi. Hamı münsiflərin eyni anda yüksək bal verəcəyini gözlədiyi halda, qəribə yanaşma oldu. Biri gözlərini yummasını irad tutdu, digəri “cəsarətinə görə” 9 bal verdi, digər Xalq artisti isə bu qəzəli Alim Qasımovun ifasında eşitdiyini bildirdi (Alim Qasımov çox segah ifa edib, lakin Qumrunun qəzəli ilə yox.). 

Başqa bir xalq artistimiz özün kimi oxu dedi (İslamı, Cabbarı, Xanı, Yaqubu, Arifi, Alimi, Zeynəb xanımı, Səkinə xanımı yamsılamaq özü də bir hünər deyilmi?). Bir Xalq artistimiz də daha irəli gedərək “zildə sözlərini başa düşmək olmur” deyə, 8 bal verdi. Yalnız axırıncı danışan Fərqanə Qasımova bu segahın İslam Abdullayevə aid olduğunu bildirdi. Beləliklə, Daşqın Kürçaylı cəmi 79 bal topladı. Adamda belə təsəvvür yaranır ki, xalq artistləri, professor, dosent vəzifəsi daşıyan münsiflər sanki ən məşhur və uzunömürlü segahımıza qulaq asmayıblar.

Sənətinə və şəxsiyyətinə hörmət etdiyim Xalq artisti Mələkxanım münsif kimi bir sıra ziddiyətli qərarlar səsləndirir. Məsələn, Aydan Süleymanzadə Qarabağ şikəstəsini zəif oxudu. İlk sözü deyən Mələkxanım ““Qarabağ” adına görə sənə 9 bal verirəm”, dedi. Digər münsiflər isə aşağı bal verdilər və Aydan cəmi 61 bal toplayaraq müsabiqəni tərk etməli oldu. Əmrah Məmmədova digər münsiflər 8 bal verdi. İlk fikir bildirməli olan Mələkxanım heç bir şərh vermədən 7 bal göstərdi. 4-cü turda Mələkxanım iki uşağa izahatsız və şərhsiz 7 bal verdi.

5-ci turda adlı-sanlı xanəndələrin belə ifa edə bilmədiyi “Ovşari” muğamını məharətlə oxuyan azyaşlı Sabir Ağayevə bütün münsiflər 10 bal verdilər. Yuxarıda qeyd edildiyi kimi, adətən şərhsiz qiymətlər verən Mələkxanım balaca ifaçını “xeyli danladıqdan” sonra 9 bal göstərdi (Bu məsələ ilə əlaqədar görkəmli yazıçımız Seyran Səxavət “Moderator.az” saytında öz iradını bildirib.).

Digər münsiflərimiz də qüsurlu qərarlar verirlər. Daşqın Kürçaylı 12 dəqiqə möhtəşəm “Simayi şəms” ifa etdi. İrad tutdular ki, Yavər Kələntərlini yamsılayırsan (Rəvanə Əmiraslanova bu gün də oxuyanda ustadı hörmətli Səkinə xanımı xatırladır.).

3-cü turda Vüsal Qasımov “Mənsuriyyə”ni ortabab oxudu. Xüsusilə əvvəlində səs pərdəyə oturmurdu. Münsiflər bir nəfər kimi “cəsarətinə görə” həmin məqamda ən yüksək olan 9 bal verdilər. 6-cı turda Səbinə Abbasova “Şikəsteyi fars” oxudu. Muğamı zəif oxusa da, sözləri aydın və düzgün çatdıran gənc müğənniyə hörmətli İlqar Fəhminin digər həmkarları kimi 8 bal göstərməsi təəccüb doğurur. Adlarını çəkmək istəmədiyim iki Xalq artisti danışanda adamda belə təsəvvür yaranır ki, sanki onlar Azərbaycan dilini bilmirlər. Münsiflər səhvləri qeyd edərkən necə oxumağı göstərsələr, daha yaxşı olar (İki dəfə Fərqanə Qasımova cəhd etdi, lakin görünür ona belə iş görməməyi tövsiyə etdilər.).

Tamaşacı zövü alqışlarda ifadə olunur. Bunu nəzərə almaq lazımdır. Fikrimizcə, münsiflərin seçilməsində aşkarlıq olmalıdır. İlk müsabiqədə iştirak etmiş Arif Babayev, Səkinə İsmayılova və Mənsum İbrahimovdan başqa bütün münsiflər rotasiya olunmalıdır. Bəzi münsiflərin hərəkətlərinin nəticəsidir ki, 2-ci turdan başlayaraq 1-ci mükafatın 2 nəfərə, 2-ci mükafatın 2 nəfərə, 3-cü mükafatın 3 nəfərə və kimlərə veriləcəyi barədə kuluarlarda söz-söhbət gəzir. Hətta müsabiqəni tərk edəcək iştirakçının hansı qrupdan olacağı da əvvəlcədən hiss olunur.

Böyük sənətkar olmaq, yaxşı münsif olmaq deyil. Müsabiqənin əsl bayram olmasını istəyirsinizsə, ədalətli, dürüst və tərəfsiz olun, cənab münsiflər! Mən öz fikirlərimi peyğəmbərimizin (s.ə.s.) bir hədisi ilə bitirmək istəyirəm: ”Hakimlər (münsiflər) üç qisimdir: ikisi cəhənnəmdədir, biri cənnətdə. Keyfi istədiyi kimi hökm verən cəhənnəmdədir, həqiqəti bilmədən hökm verən də cəhənnəmdədir. Həqiqəti öyrənib bilən və buna uyğun olaraq hökm verən isə cənnətdədir”.