UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandasının növbəti raunda çıxmaq şansı nə qədərdir? “Media forum” saytının bu sualını tanınmış futbol icmalçısı Rasim Mövsümzadə cavablandırıb:
- 4 turdan sonra Avropa Liqasının F qrupunda maraqlı vəziyyət yaranıb. “İnter” 8 xalla lider olsa da, digər üç komandanın - “Qarabağ”, “Dnepr” və “Sent-Etyenn”in hərəyə 4 xalı var. İlk iki yeri tutan komandalar 1/16 finala vəsiqə qazanacaqlar. “İnter”in öz mövqeyini əldən verəcəyi inandırıcı görünmür, 2-ci pilləni tutmaq üçünsə hər üç komandanın şansını bərabər saymaq olar.
Qrup mərhələsinin yekununda iki və daha artıq komandanın xalı bərabər olsa, hansının daha yüksək yerdə qərarlaşması üçün onların şəxsi görüşlərinin nəticələrinə baxılacaq. Əvvəl bu komandaların öz aralarındakı oyunlarda əldə etdikləri xalların sayı nəzərdən keçiriləcək, sonra isə bu oyunlardakı top fərqi, vurulan qollar, rəqib meydanında vurulan qolların sayı.
Bu göstəricilərdə də bərabərlik olsa, o zaman qrupda bütün oyunlardakı top fərqinə, vurulan qollara, nəhayət, sonda klubun son beş mövsümdə Avropa kuboklarındakı əmsalına baxılacaq.
Bu üzdən “Qarabağ” yekunda “Dnepr”lə eyni sayda xal toplasa, ukraynalılar daha yüksək yer tutacaqlar. Çünki şəxsi görüşlərdə xal və top fərqində bərabərlik olsa da, Dnepropetrovsk klubu rəqib meydanında daha çox qol vurub: evdə 0:1 hesabı ilə uduzub, səfərdə isə 2:1 qalib gəlib.
4 turdan sonra “Qarabağ” ümumi göstəricilərdə də rəqiblərindən geri qalır. Məsələn, “Sent-Etyenn”də top fərqi 0, “Dnerp”də -1, “Qarabağ”da isə -2-yə bərabərdir. Ona görə də Azərbaycan çempionu əsas rəqiblərini xal hesabında qabaqlamağa çalışmalıdır. Bunun üçünsə qələbə qazanmaq lazımdır.
Qarşıda “Qarabağ”ı səfərdə “Sent-Etyenn”lə və evdə “İnter”lə oyunlar gözləyir. Hazırda Fransa çempionatında 5-ci pillədə qərarlaşan “Sent-Etyenn” Avropa Liqasının ilk dörd turunun bütün görüşlərində heç-heçə edən yeganə komandadır. “Qarabağ” evdə bu rəqiblə 0:0-lıq heç-heçəyə imza atdığından səfərdə qollu bərabərlik, xalların eyni olacağı halında, Azərbaycan təmsilçisinə üstünlük verəcək.
İtaliya çempionatında 9-cu pillədə qərarlaşan “İnter” isə son tur ərəfəsində 1/16 finala vəsiqəni təmin edəcəyi təqdirdə Azərbaycana ikinci heyətlə gələ bilər ki, bu da “Qarabağ”ın italyanlarla oyunda qələbə şansını yüksəldəcək.
Son iki turda F qrupunda həmçinin “İnter” – “Dnepr” və “Dnepr” – “Sent-Etyenn” oyunlarının baş tutacağını qeyd edim.


Şərhlər