Məşhur jurnalist, Turan agentliyinin və “Amerikanın Səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu noyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Jurnalist ondan “Mətbuat dostu” olaraq hüquqlarının bərpasına kömək etməyi və BDU mühafizə xidmətinin rəhbəri tərəfindən döyülməsi faktının obyektiv araşdırılmasını təmin etməyi xahiş edir.

Müraciətdə xatırladılır ki, hücum jurnalistin tələbələrin aksiyasının işıqlandırılması zamanı peşə öhdəliklərini yerinə yetirməsi zamanı baş verib. Bu zaman BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov ona arxadan zərbə endirib.

Jurnalistə qarşı fiziki təzyiqin təkzizedilməz sübutlarına baxmayaraq, Yasamal rayon prokurorluğu cinayət işi açmaqdan imtina edib.

Dövlət başçısına müraciətlə yanaşı, Fərhadoğlu cinayət işi açmaqdan imtina etməsi ilə əlaqədar Yasamal rayon prokurorluğunun müstəntiqinə qarşı iddia qaldırıb.

İddiada müstəntiq Mübariz Əsədovun cinayət işi açmaqdan imtina haqqında qərarının qanunsuz qəbul edilməsi məsələsi qaldırılıb.

Xatırladaq ki, hadisə fevralın 20-də tələbələrin BDU qarşısında aksiyasının işıqlandırılması zamanı baş verib. BDU mühafizə xidmətinin rəhbəri Mahir Höcətov arxadan tələbələrin etiraz aksiyasını çəkən jurnalistin kürəyinə və başına bir neçə təpik və yumruq vurub.

Jurnalistin şikayətindən sonra Yasamal rayon polisi araşdırma aparıb, materiallar isə rayon prokurorluğuna göndərilib. İki dəfə ekspertiza təyin edilib.

Ekspertizalardan biri zərbə nəticəsində travmalar olduğunu təsdiq edib.

Hadisədən bir neçə gün sonra jurnalistin səhhəti kəskin şəkildə pisləşməyə başlayıb.

Apreldə həkimlə onurğa diskində sürüşmə diaqnozu qoyublar, aprelin 10-da isə jurnalist onurğasından çətin əməliyyat keçirib. Nəticədə, jurnalist hələ də tam sağalmayıb.

Medical Plaza klinikasının (əməliyyatın həyata keçirildiyi yer) həkimləri travmanın onurğa diskinin sürüşməsinə səbəb ola biləcəyi barədə rəy veriblər.

Jurnalist yenidən prokurorluğa müraciət edib, lakin təkrar ekspertiza bunu “kiçik ehtimal” hesab edib. Ekspertlərin rəyinə görə, onurğa yırtığı ona qarşı fiziki təzyiq nəticəsində yarana bilməzdi.

Bu əsasla Yasamal rayon prokurorluğunun müstəntiqi Mübariz Əsədov cinayət işi açmaqdan imtina edib.

Lakin müstəntiq imtina qərarını hələ mayın 10-da qəbul etmişdi, ikinci ekspetizanın tarixi isə 9 iyundur.

Prokurorluq jurnalistə qarşı təkcə Höcətov deyil, BDU mühafizə xidmətinin digər əməkdaşı tərəfindən də güc tətbiq edildiyini təsdiq edən videomateriallara məhəl qoymayıb. Həmçinin, çoxsaylı şahidlər dindirilməyib.

Sentyabrın 16-da KİV-də bu barədə məlumat dərc edildikdən sonra baş prokuror Zakir Qaralov qeyri-obyektiv araşdırma haqqında şikayəti şəxsi nəzarəti altına götürüb.

“Bir qədər canlanma başlayıb. BDU prorektoru məni dəvət edib və dinləyib. Onlara heç olmasa əməliyyat və müalicə xərclərimi ödəməyi təklif etdim. O, zəng edəcəyini dedi, amma itdi. Bir neçə gün sonra öyrəndim ki, cinayət işi açılmasından imtina qərarı qüvvədə qalıb.

Buna görə dövlət başçısına müraciət etməyi qərara aldım və eyni zamanda Yasamal rayon məhkəməsinə iddia verdim.

Ümid edirəm ki, baş prokuror Zakir Qaralov bir daha müdaxilə edəcək. Zənnimcə, ona yanlış məlumat veriblər”, deyə Fərhadoğlu bildirib.

O, həmçinin insan hüquqları üzrə birgə işçi qrupun dəstəyinə ümid edir.

(Turan)