Babil imperiyasının adil şahı - HAMMURAPİ

Şəmsəddin Mənsuroğlu

Bir müdrik kəlamda deyilir: “Yol var, ondan istifadə etmirlər, o yol ilə getmirlər; ordu var, hücuma məruz qalmır; qala var, uğrunda döyüşmürlər; yer var, ondan ötrü savaşa qalxmırlar; Şah, imperatorlar - müasir anlamda dövlət başçıları var, imzaladıqları aktlar, verilən tapşırıqları icra olunmur.”(?)

Məncə, ictimai şüurun da deformasiyaya uğramasına əsaslar belə yaranır...

Qədim Misir və Romada(fironlar və imperiya dövründə) inkişafa, habelə rifaha aparacaq birlik və ya «kütləvi əməkdaşlıq» rəngarəng illüziyalardan başqa bir şey olmamışdır. Belə əməkdaşlıq nadir hallarda bərabər hüquqlara əsaslanardı, könüllülük demək olar ki, yox idi. Cəmiyyətdə əməkdaşlıq daha çox zülm və insanların istismarı üzərində qərar tutardı. Miflərin nəhəng imperiyaları necə gərginlikdə saxladığını tarixdə çox oxumuşuq. Ən məşhur miflərdən biri yüz minlərlə Babillilərin əməkdaşlıq sənədi kimi tanınan, b.e.ə.1776-cı ildə yazılmış Hammurapi qanunlarıdır. Digəri isə eramızın 1776-cı ilində bəyan edilmiş və bu gün də yüz milyonlarla amerikalı, habelə dünya ictimaiyyəti tərəfindən tanınan Amerikanın “İstiqlal Bəyannaməsi”dir.

B.e.ə. 1776-cı ildə Babil dünyanın ən böyük şəhəri, Babil imperiyası isə bir milyondan çox əhalisi ilə ehtimal ki, dünyanın ən böyük imperiyası sayılırdı. Bu imperiya müasir İraqın geniş ərazisi, Suriya ilə İranın bəzi bölgələri də daxil olmaqla Mesopotamiyanın böyük bir hissəsinə hökmranlıq edirdi. Elmə məlum olan Babil şahı isə Hammurapidir. Bu tarixi şöhrət ilk növbədə Hammurapinin Qanunları sayılan məcəllədən - normadan qaynaqlanır. Məcəllənin mətni Hammurapini adil və əsilzadə bir şaha bərabər tutmağa imkan verir. Hammurapi məcəlləsinin mahiyyətcə əsas məqsədi Babil imperiyasının hər yerində vahid bir hüquq sistemi yaratmaq, gələcək nəsillərə ədaləti, haqqı olduğu kimi və adil bir şahın insani davranışlarını hamıya bəyan etməkdən ibarət olub.

Sonralar qədim Mesopotomiyanın elit və intellektual, hətta bürokratik təbəqəsi də mətni bəyənmişdi. Hammurapinin ölümündən və imperiyanın süqutundan sonra ərazi xarabazara çevrilsə də, bu qanun hüquqi qüvvəsini itirmədi. Ona görə Hammurapi Qanunları bu gün də qədim Mesopotamiyanın ideal sosial quruluşunun anlayışını öyrənmək üçün etibarlı və səhih mənbə sayılır.

Rəvayətə görə qanunun mətninə (çox Allahlıq dövründə) Mesopotamiya tanrısı Marduk tərəfindən “Yer üzündə ədalətin bərqərar olması, şər və haqsızlıqların aradan qalxması, güclülər tərəfindən zəiflərin incidilməsinin qadağan edilməsi” məsələləri əlavə edilmiş və imperativ qaydada ”Bundan sonra əgər bu və buna bənzər hadisələr yenə baş verərsə, hökm ədalətlə elan olunacaq!”- deyə, təxminən 300-ə yaxın “sanksiya” - cəza sadalanır.

Məsələn, 196-cı maddə: Əgər bir üstün insan, başqa bir üstün insanın gözünü kor edərsə, onun da gözü kor edilməlidir.

198-ci maddə: Əgər adi bir insanın gözü kor edilərsə və ya sümüyü sındırılarsa, günahkar 60(şekel) gümüş pul ödəməlidir.

199-cu maddə: Əgər üstün bir insan öz köləsinin gözünü kor edərsə və ya sümüyünü sındırarsa, köləsinin ağırlığının yarısı qədər gümüş pul ödəməlidir və s.

Bu cəza təhdidlərinin Hammurapi tərəfindən ədalətli akt kimi bəyan edilməsi, adil bir şahın imperiyanın yurisdiksiyasına daxil olan ərazilərdə idarəçiliyin də haqq-ədalətə, bərabər mənafelərə əsaslanacağına və həyata keçiriləcəyinə işarədir.

Diqqət edin: “Mən əsilzadə hökmdar Hammurapiyəm. Bu torpaqlar Tanrı Enlil tərəfindən mənim himayəmə verildiyindən, tanrı Mardukun hökmüylə, böyüklüyümü tanıyanlara qarşı laqeyid-saymazyana davranma(dım)yacağam!” - deyir.

Hammurapi qanunlarına görə insanlar iki cinsə, lakin üç sinfə bölünür: Üstün insanlar, adi insanlar və kölələr. Hər bir cins və sinif fərqli dəyərlərə malikdir(sahibdir). Adi vətəndaş olan bir qadının həyatının dəyəri 30 gümüş pul(şekel), kölə qadının dəyəri 20 gümüş pul qədər dəyərləndirilərdi. Lakin adi vətəndaş olan bir kişinin gözünün dəyəri 60 gümüş şekelə bərabər tutulardı. Ailədə uşaqlar müstəqil fərdlər kimi yox, ailənin mülkiyyəti sayılardılar. Beləcə, əgər üstün insan, başqa bir üstün insanın qızını öldürərdisə, cəza təhdidi altında qatilin qızı da öldürülərdi. Hammurapi və babillilər belə cəzanı tamamilə ədalətli hesab edərdilər. Qızını itirən ata hansı iztirabı çəkirdirsə, qatil də həmin iztirabı çəksin deyə, qızı öldürülərdi.

Hammurapi Qanunları hökmdar təbəəsinin ierarxiyadakı yerlərini müəyyən edib anlamaqla, həm də imperiyadakı bir milyon insanın səmərəli əməkdaşlıq edə biləcəyi prinsipinə əsaslanırdı. Bu əməkdaşlıq nəticəsində cəmiyyətin tələbatına uyğun ərzaq istehsalı və bolluq əldə edilər, düşmənlərdən müdafiə olunmaq asanlaşar, həm də, təhlükəsizlik təmin olunardı.

Təbii ki, Hammurapi Qanunları b.e.ə. dövrün insanlarına xas xarakterik cəhətlərə görə məqbul və ədalətli sayıla bilərdi. Həmin məcəllə bütövlükdə bəşəriyyət üçün insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi, habelə insanların irqi, dini, etnik, siyasi düşüncə və baxışlarına görə təqib edilməsi baxımından sonralar əhəmiyyət kəsb etdi... 

Hammurapinin ölümündən təxminən 3500 il sonra tədqiqatçılar yazırlar ki, Şimali Amerikanın ingilis müstəmləkələrində yaşayanlar İngiltərə Kralının ədalətsiz davranışlarına son qoymaq üçün 4 iyul 1776-cı ildə Filadelfiyada bir yerə toplaşaraq İngilis Kralının artıq təbəəsi olmayacaqlarını bəyan edirlər. Beələliklə, Hammurapi Qanunları kimi İstiqlaliyyət Bəyannaməsinin də universal və fundamental prinsiplərinin İlahi qüvvədən bac aldığı irəli sürülür.

Amerika istiqlaliyyət Bəyannaməsində ”Biz sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabər yaradılıb və Yaradan öz bəndələrinə müəyyən mənada toxunulmaz hüquqlar- yaşamaq istəyi(hüququ), azadlıq, xoşbəxtliyə çatmaq hüququ bəxş edib”, - deyə vurğulanır.

Biologiya elmi isə “insanlar yaradılıb yox, təkamül edib”, -yazır. Təbii, təkamül nəticəsində “bərabərlik hüququ” ortaya çıxmaz. Təkamül bərabərliyə yox, fərqliliyə əsaslandığından insanlar fərqli genetik koda malik olur, fərqli ətraf mühitin təsirlərinə məruz qalırlar. Nəticədə fərdi xüsusiyyətlər fərqli bir biçimdə meydna çıxır. “Bərabər yaradılıb” ifadəsi faktiki “fərqli təkamül etmişdir” kimi işlədilsə yaxşı olar. Mütləq bərabərlik olmadığı üçün “fərqli doğulmuşuq»” daha məntiqli səslənir.(?) Biologiyada hüquq da yoxdur. Bacarıq, xarakterik cəhət və qabiliyyət var. Məsələn, “quşların uçmağa hüququ var” yox, “qanadları (var)” olduğu üçün uça bilirlər və uçurlar. “Onlar toxunulmazdırlar” - deməyə də lüzum görmürəm. Biologiya elmində azadlıq və demokratiyaya da yer verilmir. Demokratiyanı (“Demokratiya qəddarlıqdan yaranır”. Aristotel) və azadlığı insan genezisi kəşf edib.

Lakin hamımız mahiyyətcə bərabərliyə, azadığa-demokratik prinsiplərə inansaq və bu inamı dəfn etməsək, ümumi maraqlar dövlət maraqları ilə üst-üstə düşərsə, özəl maraqlara - şeytani nəfsimizə “YOX!” deməyi bacarsaq, ideal bir cəmiyyətdə yaşaya bilərik. Bunu bacara bilərikmi?

635x100

Şərhlər

Elmira 2022-11-15 10:49:39

Şəmsəddin bəy, xahiş edirik, bütün mıqalələrinizi bir kitabda toplayın. Biz də bu kitabı allb evdə oxuyub, uşaqlarımıza, nəvələrimizə oxutdurarıq. Sağ olun!

Ələmdar Məmmədov-hüquqşünas 2022-07-08 21:05:27

3800 il öncə qəbul edilmiş Hammurapi Qanunlarını örənməklə qədim Mesopotamiyanın ictimai siyasi quruluşu,həyat şəraiti barədə təsəvvür yaranır.Ona görə də qanunlar qəbul edilərkən, mütləq gələcəyi düşünmək lazımdır.Şəmsəddin müəllimə dəyərli yazısına görə təşəkkür edirəm.

Son yazılar