Menu

“Müharibədəki qələbəmizi sosial-iqtisadi, mənəvi qələbəyə çevirə bildik” – “Bu günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”

19.07.2022, 16:19
“Müharibədəki qələbəmizi sosial-iqtisadi, mənəvi qələbəyə çevirə bildik” – “Bu günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”

“Qarabağa böyük qayıdışın məhz Zəngilan rayonundan başlanması mənim üçün və hər bir zəngilanlı üçün ikiqat qürurverici haldır. Qarabağın hər qarışı bizim üçün əzizdir və bundan sonra onun bütün kənd və şəhərlərində bu böyük qayıdışın sevinci yaşanacaq. Mən öz adımdan, bütün Zəngilan və Ağalı kəndinin sakinləri adından bir daha Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Bunu Milli Məclisin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatı İmamverdi İsmayılov iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanması haqda danışarkən deyib.

İ.İsmayılov Zəngilan camaatının, ümumilikdə Qarabağ əhalisinin uzun illərdən sonra öz doğma yurd-yuvalarına qovuşmasını misilsiz tarixi hadisə adlandırıb: “Bu hadisənin böyük tarixi əhəmiyyəti var və onu heç bir sözlə ifadə etmək mümkün deyil. Bu qayıdış onu göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə qazandığı möhtəşəm hərbi qələbəni siyasi, sosial-iqtisadi və mənəvi qələbəyə çevirə bildi. Çünki işğaldan azad edilən torpaqlarımızın sürətlə tikilib abadlaşdırılması, əhalinin doğma yurd-yuvalarına qaytarılması da döyüş meydanında olduğu kimi, böyük fədakarlıq və zəhmət tələb edir. Azərbaycan dövləti və xalqı sübut edir ki, müharibədə olduğu kimi, quruculuq işində də iradə, fədakarlıq, əzm nümayiş etdirməyə qadirdir”. 

İ.İsmayılov bu tarixi hadisəni xalqımıza yaşadan hər kəsə minnətdar olduğunu söylədi: “Başda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusuna, qəhrəman əsgərlərimizə, şəhid və qazilərimizə hər birimizin sonsuz minnətdarlığı var. Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bu müqəddəs günləri bizə məhz onlar yaşadıb. İşğal olunmuş torpaqlarımızdan didərgin düşən insanlarımız uzun illər hər nə qədər həsrət, çətinlik içərisində yaşasalar da, bir gün belə öz doğma yurd-yuvalarına qayıtmaq ümidini itirməyiblər və bu inamı onlara verən ölkə başçısı, onun yürütdüyü siyasət olub”.

Deputat qeyd etdi ki, hələlik Ağalı kəndinə təxminən 200 nəfərin köçürülməsi başlanğıcdır və böyük qayıdışın təmin olunması üçün görülən işlərin bəhrəsini xalqımız tezliklə görəcək. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol