Oqtay Gülalıyev: "Mən əməkdaşlığı rədd etdim və buna görə də..."

Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat" qəzetinə açıqlamasında İşçi Qrupunun fəaliyyətini tənqid edən qurumlar, o cümlədən "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı haqqında ittiham xarakterli fikirlər səsləndirib. N.Cəfəroğlu qeyd edib ki, əslində bu qurum və orada təmsil oluna şəxslərin niyyəti hakimiyyətlə əməkdaşlığa nail olmaqdır.

Bununla bağlı Moderator.az-a açıqlama verən "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının təmsilçisi, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev hakimiyyətlə işləmək niyyətində olmadığını vurğulayıb:

"Novella Cəfəroğlu mənim hörmət etdiyim insanlardan biridir. Uzun müddər Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunub. Əbülfəz Elçibəy komandasında olub. Mənim dəyər duyduğum, sayqı duyduğum insanlardan biridir. Mən onun əleyhinə olan hansısa məsələni şərh etmək, dəyərləndirmək istəməzdim. Mən sadəcə öz adımdan danışa bilərəm. Mənim niyyətim başqalarından fərqli olaraq, hakimiyyətin yanında yer almaq deyil. Biz buna can atmırıq. Mən bu vaxta qədər bunu deməmişdim. Lakin madam ki, siz bu mövzuya toxunursunuz, deyəcəm. Mən 2012-ci ildə həbsdən çıxandan sonra mənimlə hakimiyyət arasında ən yüksək səviyyədə görüş olub. Mənə əməkdaşlıq təklif olunub. Mən təklif olunan şərtlər daxilində əməkdaşlıqdan imtina eləmişəm. Bu gün mənim və mənim ailə üzvlərimin üzləşdiyi repressiyalara səbəb də mənim bu əməkdaşlıqdan imtina etməyimə görədir. Kimlərsə bu əməkdaşlığı qəbul edib hakimiyyətin yanında yer alırsa, Allah yollarını açıq eləsin. Amma bizim belə bir amacımız və niyyətimiz yoxdur. Olsaydı, bunu başqalarından daha əvvəl və daha yaxşı formada həyata keçirərdik. Bizim məqsədimiz Azərbaycanda demokratik cəmiyyət qurulmasına nail olmaqdır. Haqqı, hüququ tapdananların yanında olmaq, onlara dəstək verməkdir. Bizim son hesabımız da qanunsuz həbs edilən, repressiyaya məruz qalanlarla bağlı reaalığı əks etdirən ən tutarlı sənədlərdən biridir. Bu, hakimiyyəti təşvişə salır. Hakimiyət öz yandaşları vasitəsi ilə bizim alyansa qarşı hücumlar təşkil edir. Bu, bizim üçün təbii haldır".