ELM VƏ TƏHSİL NAZİRLİYİ: Zamanın tələbi

Etibar ƏLİYEV, 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu Nazirliyə həvalə edilib.

Tarixə ekskurs edək: Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.

Böyük İspan filosofi Xose Orteqa-i-Qasset “Universitetin missiyası” kitabında yazır: “Universitet mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamalıdır.” Göründüyü kimi Elm və təhsilin vəhdəti mütəfəkkirlərin diqqətindən yayınmamışdır. Və ideya ölkələrə böyük faydalar gətirmişdir.

Dünyanın elm və təhsil mənzərəsi

Almaniyada təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və Elmi Tədqiqatların Federal Nazirliyi;

Rusiyada: Elm və Ali Təhsil Nazirliyi;

Qazaxstanda: Təhsil və Elm Nazirliyi;

Ukraynada: Təhsil və Elm Nazirliyi;

Moldovada: Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi;

Gürcüstanda: Təhsil və Elm Nazirliyi;

Latviyada: Təhsil və Elm Nazirliyi.

Göründüyü kimi, Azərbaycan Elm və Təhsil Nazirliyinin yaradılması zamanın tələbidir. Orta təhsil və elm: Ölkədə artıq olimpiada hərəkatı yaranıb. Fənn olimpiada mərkəzləri yaradılıb. Olimpiada elm yarışmasıdır. Uğurlar, əlbəttə ki, uşaqlarda elmi bacarıqların formalaşması və inkişafından keçir. Yalnız tədqiqatçı müəllimlər məktəbliləri olimpiadalara səmərəli hazırlaya bilərlər. Olimpiada hazırlığı aparacaq müəllimlər üçün gerçək və faydalı elmi seminarlar təşkil edilməli, universitetlər məktəblilər üçün öz olimpiadalarını gerçəkləşdirməlidirlər.

Fənn Olimpiada qaliblərindən birinin bu maraqlı fikri heç yadımdan çıxmır: “İstəyirəm ki, bütün müəllimlərimiz azı magistratura pilləsini bitirmiş olsunlar.” Demək Olimpiada qalibi müəllimlərinin elmi hazırlığını önə çəkir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir:

1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması;

2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak.

Elm və Təhsil Nazirliyinin yaradılmasından öncə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda ölkədə tədqiqat potensialı yüksək olan iki universitetin bazasında 2 tədqiqat universiteti yaradılması əksini tapıb. 2023-2025-ci illərdə ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi təmin ediləcək.

Ölkədə elm və təhsilin vəhdəti və tədqiqat universitetlərinin yaradılması barədə cənab Prezidentin qərarları təqdirəlayiqdir və birgə inkişafa yeni üfüqlər açır. Təcrübə göstərir ki, İnsan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir.

Elm və Təhsil Nazirliyinin yaradılması alimlərin pedaqoji fəaliyyətlə yanaşı effektiv tədqiqatlarla da məşğul olmalarına şərait yaradacaq. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlayacaq.

Elm və Təhsil Nazirliyi ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması və attestasiyasının səmərəliliyini artıracaq.

Yaradılacaq tədqiqat universitetləri ölkəmizdə peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsində, yeni biliklərin istehsalında mühüm rol oynayacaq.

Elm və Təhsil Nazirliyi təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin sayının artırılmasına çalışmalıdır. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür.

Yeni nazirlik, elm və təhsilimizə yeni ab-hava gətirəcək. Qalır idarəçilərin, pedaqoqların, alimlərin və təhsil mütəxəssislərinin birgə çalışmaları.

Və bir də Texnofest imtahanına hazırlaşmaq...

Biz birlikdə güclüyük!

P.S. Elm və Təhsil Nazirliyinin yaradılmasından sonra bu Nazirliyin tabeliyinə verilən AMEA institutlarının heç birində ixtisarların aparılması nəzərdə tutulmur.  

Redaksiyadan: Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması ideyası Etibar Əliyevə məxsusdur. O, bununla bağlı mətbuatda bir neçə dəfə təhlil-məqalə ilə çıxış edib.

635x100

Şərhlər

Baytaqdar 2022-08-06 00:34:50

Əgər biz ancaq onu bunu yamsılayacayıqsa, harada qaıdı orijinal inkişaf yolu, ay deputat?....

Romaya cavab 2022-08-02 09:49:50

Artıq AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. Lakin institutun hikkəli və korrupsioner direktoru Aytən Mustafazadə bu gün olkə başçısının Fərmanını da saymır və ona qarşı çıxır. Son günlər institut əməkdaşlarının adından Prezidentə durmadan teleqramlar vurdurur. “Ay haray qoymayın, institut bağlanır, əməkdaşlar işsiz qalacaq!” Guya işçilərə ürəyi yanır?! Xeyr! Əslində özünə və korrupsiya ortağı olan ətrafındakı 3-4 nəfərə görə narahatdır. Keçən ilin oktyabr-noyabr aylarında ağsaqqalı Ramiz Mehdiyevə arxalanaraq 36 nəfəri işdən qovan görəsən, Aytən Mustafazadə deyildimi? Həmin vaxt imstitutun say-seçmə, ziyalı, millətini sevən, vətənpərvər, şəxsiyyətinə hörmət edən, dürüst əməkdaşları şər-böhtanla AMEA-dan uzaqlaşdıran xanım direktor deyildimi? İndi nə oldu?! Qayğıkeş direktora çevrildi? Özünə görə haray qopardıb, Mehdiyevin təqdir etdiyi 1 məqaləsindən belə xəbəri olmayan bu “alim”. Haradan özünə belə isti yuva tapa biləcək? Daha ağsaqqalı da yox! Dünən Məırkəzin yeni rəhbərliyinə qarşı çıxaraq, institutda hay-küy də qopardıb. Hələ məzuniyyətdə olan işçilərıə zəng vurub, onları işə çağırır, təxribatlar hazırlayır. Çünki təqdirəlayiq haldır ki, Mərkəzin nəzdində fəaliyyət göstərəcək Hüquq və İnsan Haqları İnstitutuna işçilər müsabiqə yolu ilə qəbul ediləcək. Mustafazadənin nə özü, nə də institut 1-2 nəfərdən başqa digər hüquqi təhsili belə olmayan əməkdaşları müsabiqən keçə bilməyəcəkləri üçün... İnstitutda əməkdaşları 2014-cü ildən ta 2021-ci ilin noyabrına kimi elmi işlər üzrə direktor müavini işləmiş, filologiya elmləri doktoru (hüquq və insan haqları insitunun elmi işlər üzrə direktor müavini f.e.d. olub) noyabrən 15-dən isə Ramiz Mehdiyevin göstərişi ilə AMEA Rəyasət Heyətinin katibliyinə şəxsən Mehdiyevin köməkçisi təyin edilmiş Lalə Əhmədova seçib, gətirirdi. İndi də həmin xanım katiblikdə at oynadır. Təbii ki, təmənnasız deyildi! İndi Mustafazadə haray şəkib,“bura mənimndir, məni buradan heç kim çıxarda bilməz deyə” haray çəkib, akademşəhərciyi başına götürüb.

Roma 2022-07-30 11:46:41

Mən yuxarıda yazdım ki, AMEA-da ixtisarlar aparılmalıdır. Bəli, məsələn Hüquq və İnsan Haqları İnstitutu ləğv olunmalı, uzağı bir şöbəyə çevrirməlidir, direktoru Aytən Mustafayeva isə oradan uzaqlaşdırılmalıdır, belə ki, bu sabiq deputat qadın, elmlər doktoru və s....bütün titulları əldə edib, ingilis kraliçasından da yaxşı səviyyədə yaşayır, hansıki, iki eşşəyin arpasını bölmə işində buksavatdayır, institutda isə hərc-mərclik yaradaraq hökmranlıq edir, heç kimi saya salmır, burda mənəm, Bağdadda eynəkli xəlifə. Bax belə, bu bir nümunə, o biri institutlarda da aşağı-yuxarı belə hallar var...

alim 2022-07-29 17:55:43

Yəqn ki cənab deputat da yeni nazirıikdə bir vəzifə sahibi olar!

Roma 2022-07-29 17:16:01

..."Elm və Təhsil Nazirliyinin yaradılmasından sonra bu Nazirliyin tabeliyinə verilən AMEA institutlarının heç birində ixtisarların aparılması nəzərdə tutulmur."... çox nahaq yerə, məncə AMEA-nın bəzi institutları ləğv olunaraq və ya ixtisar olunaraq birləşdirilməli, Dövlət vəsaitinə qənaət olunaraq həmin vəsaiti başqa sahəyə yönəltməli...

sual 2022-07-29 13:07:41

“Orta təhsil və elm.... Olimpiada elm yarışmasıdır”....ölkədə bilmədikləri barədə danışan, geniş müzakirə aparan nə qədər oxumuşlarımız var....islahatların dərinləşməsinə mane olan amillərdən biri elə çox oxumuş, lakin az bilikli mütəxəssislərimizdir......olimpiada bilik, düşüncə tərzinin dərinliyi yarışmasıdır, müəllim!!! Elm – tədqiqatlar, araşdırmalar, yeni biliklərin əldə edilməsi....dünyanın hansı ölkəsində görmüsüz ki, orta təhsil müəllimi profil fənn üzrə tədqiqat işi ilə məşğul olsun??? Ən yaxşı halda pedoqoqika sahəsində, təcrübəsinə müvafiq olaraq.... Ölkədə Elm və təhsil nazirliyinin yaradılması olduqca zəruri, aktual və günün tələbi olan qərardır. Əgər Sərəncamla müəyyənləşmiş hədəflər uğurla reallaşdırılarsa bu, ölkədə həm elmin, həmdə təhsilin inkişafına böyük təkan verə bilər (şəxsən mən belə bir mexanizmin necə yaradılacağını və fəaliyyət göstərəcəyini təsəvvür belə etməkdə çətinlik çəkirəm)

mühəndis 2022-07-29 12:56:53

Təhsilin səviyyəsi qaldırılmalıdır.İndiki halda heş magistratura da elm vermir.diplom verir.Məsələyə kökündən baxılmalıdır.Ora məktəblərdən.uşaq baxçalarından,dərsliklərdən və təhsil metodikasından başlanılmalıdır. indi təyin etdikləriniz nazirlərin çoxu magistraturanı da.guya xaricdə niversitetləri bitiriblər.Onların iş metod və nəticələrə diqqət edin. Misal S.Babayev.İlham Kərimov və bu kimilər.

Son yazılar