“ƏRDOĞAN ZELENSKİYƏ PUTİNLƏ GÖRÜŞ TƏKLİF EDƏCƏK” - Türkiyə lideri müharibəni bitirir?

“Putinlə Zelenski “yol xəritəsi”ni müzakirə edə bilərlər”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı Prezident Volodimir Zelenskiyə Putinlə görüşməyi təklif edəcək”.

“AzPolitika.info” xəbər verir ki, Türkiyənin “A Haber” telekanalının yaydığı bu məlumat Ukraynada geniş müzakirələrə səbəb olub.

Lvov şəhərindəki “A Haber” müxbirinin doplomatik dairələrə istinadla yayımladığı bu xəbər bir daha Ərdoğanın BMT Baş katibi Antoniu Quterreşlə birgə Ukryanaya səfərinin əsas mövzusunun məhz sülh gündəliyi olduğunu təsdiqləyib. Hansı ki, rəsmi məlumatlarda əsas mövzunun "taxıl dəhlizi"nin fəaliyyəti, Rusiya və Ukraynanın qarşılıqlı əsir mübadiləsi, Zaporojye AES ətrafında yaranan durum və digər məsələlərlə bağlı olduğu qeyd edilir.

“CNN Türk” isə bir qədər də irəli gedərək, Zelenski ilə Putinin gələcək “yol xəritəsi”ni müəyyən etmək üçün görüşə biləcəyini xəbər verib.

Qeyd olunub ki, “yol xəritəsi” razılaşdırıldıqdan sonra tərəflərin nümayəndə heyətləri bu sənədin əsasında iş apara bilər: “Rusiyadakı mənbələrdən aldığımız məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Prezident Volodimir Zelenski ilə görüşə bilər. Rusiya tərəfi bəyan edib ki, liderlər “yol xəritəsi”ni müzakirə və müəyyən edə bilərlər. Sonra isə nümayəndə heyətləri həmin “yol xəritəsi”ni həyata keçirməklə məşğul olacaqlar”.

Məlum olduğu kimi, Türkiyə bu müharibənin ilk günlərindən vasitəçilik missiyası ilə çıxış edib və dünyada bu məsələnin sülh yolu ilə həllinə çalışan ən aktiv ölkə kimi tanınıb. Məhz Türkiyənin sayəsində Ukrayna taxılının dünya bazarlarılna çıxarılmasına dair razılaşma əldə olunub və hazırda da Türkiyə hər iki münaqişə tərəfinin etibar etdiyi yeganə ölkədir.

Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Soçidə Putinlə keçirdiyi görüşdən sonra danışıqların ikitərəfli münasibətlər mövzusunda olduğuna dair rəsmi məlumatlar yayılsa da, əslində, əsas mövzunun Ukrayna olduğu heç kimdə şübhə doğurmurdu və bütün mütəxəssislər qeyd edirlər ki, küncə sıxışdırılmış Putinin yeganə ümid yeri Ərdoğandır. Çünki məhz Türkiyə Ukrayna müharibəsində dalana dirənmiş Rusiya ilə böyük itkilər vermiş və Qərbin yardımlarından asılı vəziyyətə düşmüş Ukraynanı bir masa arxasında oturtmaq imkanında olan dövlət sayılır.

Lakin Ukraynada çoxları indiki şəraitdə, özü də Rusiyanın şərtləri daxilində danışıqların rəsmi Kiyevin maraqlarına uyğun olmadığı qənaətindədir. Bunu Ukrayna Prezident Ofisinin sözçüləri də dəfələrlə rəsmi açıqlamalarında bəyan ediblər. Ancaq bir məsələ də var ki, Putinin Ərdoğan vasitəsilə ünvanladığı “yol xəritəsi”ndə Ukraynaya nələrin təklif edildiyi hələ bəlli deyil. Bəlkə orada göstərilən şərtlər müəyyən korrektələrdən sonra Ukraynanın maraqlarına uyğun gələcək?

Hər halda, Ərdoğan-Quttereş-Zelenski üçtərəfli görüşü Rusiya-Ukrayna savaşının sülh yolu ilə tənzimlənməsi prosesində yeni və məhsuldar mərhələ ola bilər.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar