"RUSİYAYA DRON SATMAQDAN SÖHBƏT GEDƏ BİLMƏZ" - Bayraktar qardaşlarının müsahibəsi + FOTOLAR

"Bayraktar" pilotsuz təyyarələri Rusiya ilə müharibədə bir növ Ukrayna müqavimətinin simvoluna çevrilib. "Bayraktar" sözünün özü isə populyar mədəniyyətin ayrılmaz hissəsi olub. Bu dronların yaradılmasının arxasında iki qardaş Haluk və Səlcuk Bayraktar durur.

Qardaşlar nadir hallarda müsahibə verirlər, lakin onlar BBC müxbirləri Cafer Umerov və Tatyana Yanutseviçlə danışmağa razılaşıblar.

“AzPolitika.info" həmin müsahibəni bəzi ixtisarlarla oxuculara təqdim edir:

"Biz Bayraktar qardaşları ilə İstanbulun ucqar bölgələrinin birində yerləşən ofisdə görüşürük. Ərazi və binanın özü dünya boyunca müxtəlif müharibələrin gedişatını dəyişdirən dron istehsal edən şirkətdən daha çox Qərbsayağı universitet şəhərciyinə oxşayır.

Girişdə Osmanlı imperiyasının tarixinə dair pulsuz kitabları görmək olar, onların yanında namazın düzgün qılınmasını izah edən başqa kitablar düzülüb.

Qapalı kabinetlərin sayı azdır və məkan açıq sahələrə ayrılıb. Universitet təəssüratını həmçinin işçilərin özü də yaradır - qardaşların dediyinə görə orta hesabla onların yaşı 29-30 arasındadır.

İkinci mərtəbədə qardaşların ayrıca, yan-yana yerləşən üç ofisi var.

Müsahibəmiz iki qardaşla razılaşdırılıb. Məlum olduğu kimi, onların ən kiçik qardaşı - Əhməd ictimai diqqətdən kənar durur və mətbuat xidmətinin məlumatına görə, dronlarla məşğul deyil.

Kabinetlər qardaşların yaşına uyğun olaraq sıra ilə ardı-ardına düzülüb və bu ailəyə böyük əhəmiyyətin verildiyi mühafizəkar Türkiyədə olduğumuzu xatırladır.

Ən birinci kabinet böyük qardaş - Haluka məxsusdur. O, şirkətin CEO-su - baş icraçı direktorudur.

Onun ofisi işıqlıdır, divarda kəhrəbadan hazırlanmış ənənəvi Ukrayna evinin şəkli asılıb, qəhvə stolunda isə yumşaq oyuncaq - "Bayraktar TB2" təyyarəsini görmək olar.O bizə, ilk növbədə, 2020-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsən verdiyi "Xidmətə görə" ordenini göstərir.

Haluk söhbət əsnasında tez-tez ötən il vəfat edən atasının - Özdəmir Bayraktarın adını çəkir.

Mərhum atasını şirkətin texniki direktoru və "Bayraktar" dronlarının memarı sayılan ortancıl qardaş Səlcuk da yada salır.

Haluk deyir ki, ona aviasiya sevgisini həvəskar pilot olan atası aşılayıb. Özdemir Bayraktar 1984-cü ildə avtomobillər üçün ehtiyat hissələrini istehsal edən şirkətin qurucusudur.

İstehsalla yanaşı, o, həmçinin fəal siyasətlə də məşğul olub, bunun sayəsində Türkiyənin hazırkı Prezidenti Rəcəp Tayyip Ərdoğanla tanış olub. (Həmin vaxt hələ Ərdoğan Prezident deyildi).

Hər ikisi 1998-ci ildə qadağan edilən Rifah Partiyasının üzvləri idi. Daha sonra partiya Ədalət və İnkişaf Partiyası (AK Parti) adı ilə yenidən qeydiyyatdan keçib və hazırda Türkiyənin hakim partiyasıdır.

2016-cı ildə yaxın mövqedə duran iki siyasətçi rəsmən qohum oldular: Səlcuk Ərdoğanın qızı Sümeyya ilə evləndi.

Qardaşların dediyinə görə, Bayraktar ailəsi həmişə istehsalla məşğul olub, uşaqlıqdan fabrikdə işləməyə öyrəşiblər: həm dəzgahların proqramlaşdırılmasına kömək ediblər, həm də məktəbdə təhsil alıblar. Selçuk o vaxtar ölkənin ən prestijli kolleclərindən biri olan İstanbul Amerikan Robert Liseyində oxuyub.

Hər iki qardaş ali təhsilini Türkiyə və Amerikada alıb. Səlcuk ABŞ-da dron istehsalı üzrə ixtisaslaşıb. Onlar məktəbi bitirdikdən sonra ölkələrinin texnoloji imkanlarını inkişaf etdirmək üçün vətənə qayıdıb atalarının "Baykar" şirkətində işə başlayıblar.

Qardaşlar deyirlər ki, pilotsuz təyyarələrin istehsalına çox kiçik bir mühəndis qrupu ilə başlayıblar və şirkətə yalnız şəxsi vəsaitlərini yatırıblar. Hesab olunur ki, onların uğurunun səbəblərindən biri də döyüş əməliyyatlarının iştirakçıları olan türk əsgərləri ilə daimi ünsiyyətdir. Qardaşların fikrincə, bu, dronların tələb və ehtiyaclara uyğun olaraq yenilənməsinə kömək edir.

Hərbi pilotsuz təyyarələrə niyə onların soyadları verilib?

Bu suala cavab verən qardaşlar deyir ki, "Bayraktar" türkcə "bayrağı daşıyan" deməkdir və onlar bu adın dron üçün mükəmməl olduğunu düşünürlər: "Biz dəyişən aviasiya sahəsində bayraqdar olmaq istəyirik".

Haluk isə əlavə edir ki, pilotsuz təyyarələrin daha ədalətli və bərabərhüquqlu dünyanın yaradılmasına töhfəsini görmək istəyir.

Biz Ukraynadakı müharibə mövzusuna keçirik.

Ukrayna ordusu rus qoşunlarına qarşı fəal şəkildə "Bayraktar TB2" dronlarından istifadə edir. İnternetdə Rusiya zirehli texnikasının dron zərbəsi ilə məhv edildiyini əks etdirən videolar yayılıb.

Ukraynalılar üçün türk dronları bir növ Rusiyanın təcavüzünə qarşı müqavimət rəmzinə çevrilib. Onlar haqqında nəğmələr qoşulur, Bayraktar adı uşaq və ev heyvanlarına verilir. Bayraktar sözü həmçinin ölkənin populyar mədəniyyətində və Ukrayna diasporunda öz yerini tutub.

Qardaşlar birmənalı şəkildə Ukraynanı dəstəkləyirlər. Onlar bir neçə dəfə Ukrayna hərbçilərinə pulsuz olaraq pilotsuz təyyarələr bağışlayıblar və onların alınması üçün toplanılan pulları ukraynalı qaçqınlara veriblər.

Bayraktarların bir növ azadlıq rəmzinə çevrilməsi ilə bağlı keçirdiyi hisslər barədə suala cavab verən Haluk deyir ki, yaratdıqları texnikanın Ukraynanın müstəqillik mübarizəsinə dəstək olmasından qürur duyur.

O əlavə edir ki, Ukrayna azad dünya uğrunda mübarizə aparır. Ukrayna xalqını alicənab adlandıran Səlcuk isə Rusiyanın müdaxiləsini ədalətsiz və qanunsuz müharibə kimi səciyyələndirir.

Bayraktar qardaşları Ukraynaya necə kömək edirlər?

"Baykar"ın Ukrayna ilə əməkdaşlığı Rusiyanın bu ölkəyə genişmiqyaslı müdaxiləsindən əvvəl başlayıb. Rusiya Krımı ilhaq etdikdən və "DXR" və "LXR"ə hərbi dəstək verməyə başlayandan sonra, Kiyev müdafiə vasitələri axtarmağa başlayıb.

Haluk deyir ki, Ukrayna hakimiyyəti pilotsuz təyyarələr almaq üçün bir çox ölkəyə müraciət etsə də, buna yalnız Türkiyə razılaşdı.

""Bayraktar" sistemləri Ukraynada 2018-ci ildən bəri istifadə olunmaqdadır, - o, xatırladır. - Eyni zamanda, Ukrayna ilə müdafiə sənayesində müxtəlif texnoloji sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcək çox mühüm layihələr imzalanıb".

Halukun sözlərinə görə, şirkət bir çox Ukrayna hərbçisinə "Bayraktar TB2" dronunu idarə etmək üçün təlim keçib. Bu yaxınlarda qardaşlarla dostlaşan PUA operatoru olan ukraynalı zabit rusların hücumu nəticəsində aldığı xəsarətlərdən sonra həlak olub. Onun dəfnində "Baykar" şirkətinin nümayəndələri də iştirak edib. Və indi qardaşlar mərhumun ailəsinə kömək etmək istəyirlər.

"Müharibə başlayanda biz on yük maşını ilə humanitar yardım göndərdik - həm ərzaq, həm uşaq qidası, həm də gigiyena vasitələri. Ukrayna bizim yaxın münasibətlərimiz olan ölkədir. Biz ukraynalıların ağrısını bölüşürük və onların öz torpaqlarının uğurlu müdafiəsini və qəhrəmancasına mübarizəsini yüksək qiymətləndiririk", - Haluk deyir.

Bütün bunlar yaxşı səslənir. Lakin bəzi tənqidçilərə əsasən, Ukrayna sadəcə olaraq "Baykar"ın öz silahlarını satdığı bir bazardır.

Bayraktar qardaşları buna necə cavab verirlər?

Haluk kommersiya maraqlarının mövcud olduğunu gizlətmir. Amma o, müharibə başlayandan sonra şirkətin Ukrayna ilə əsl sıx əməkdaşlığa çox səy göstərdiyini deyir: "Bizim üçün prioritet hər iki tərəfə fayda verəcək güclü əlaqələr qurmaq və əməkdaşlığı inkişaf etdirməkdir".

O, Rusiyanın Ukraynada müharibəsinin başlaması ilə "Bayraktar" pilotsuz təyyarələrinə həm marağın, həm də satışların artdığını təsdiq edir. Ukrayna müharibəsindən əvvəl Azərbaycan dronları Qarabağda istifadə edib. Pilotsuz təyyarələr həmçinin Suriya və Liviyada da tətbiq olunub. Çox vaxt münaqişənin qarşı tərəfində Rusiya olub.

Rusiya tərəfindən reaksiya oldumu?

"Biz texnologiyaları inkişaf etdirən şirkətik. Öz məqsədlərimiz var, - Haluk deyir.

“Ölkəmizin, eləcə də strateji əməkdaşlıq etdiyimiz ölkələrin inkişafına töhfə verməyə çalışırıq. Bu texnologiyalardan özümüz istifadə etmirik. Biz özümüz ondan istifadə etmirik, hazırlayıb başqalarına veririk" deyə, əlavə edir.

Onun sözlərincə, məsələn, Ukraynada dronlardan Ukrayna hərbçiləri istifadə edir və buna məhz onlar qərar verir.

"Bu, digər məhsullarda olduğu kimidir. Təbii, təəssüflər olsun ki, Rusiya mediasında böhtanlar görürük, çünki bizim sistemlərimiz hava hücumundan müdafiəni yarır və zirehli texnikanı məhv edir. Amma bütün hallarda biz texnologiyanı təqdim edən şirkətik", deyən Haluk sistemlərin istifadəsi barədə qərarın ondan asılı olmadığını vurğulayır.

Eyni zamanda o, "Bayraktar" pilotsuz təyyarələrinin Ukraynanın müstəqillik mübarizəsinə töhfə verdiyini gizlətmir və bu töhfənin səmərəli olmasına çalışdığını deyir.

"Amma Moskva sizə daha çox pul təklif edərsə, onlara da satarsınızmı?", - deyə sual veririk.

"Pul bizim üçün prioritet deyil. Pul və maddi resurslar bizim biznesimizdə heç vaxt əsas məqsəd olmayıb. - Haluk Bayraktar deyir.

Və əlavə edir: “Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız uzun illərdir ki, davam edir. Ona görə də düzünü desək, bizə nə qədər pul təklif etsələr də, bu vəziyyətdə onlara - Moskvaya dronlar verməkdən söhbət gedə bilməz.

Bu müddət ərzində bizim bütün dəstəyimiz tamamilə Ukraynanın tərəfindədir. Çünki bizim çox güclü əlaqəmiz var və Ukrayna çox ədalətsiz, aqressiv və əsassız hücuma məruz qalır. Ona görə də Ukrayna ilə əməkdaşlığımıza heç nə kölgə salmayacaq, hansı məbləğ təklif olunsa da, bizim bu məsələdə mövqeyimiz aydındır".

Hərbi dronların kimə veriləcəyi barədə qərar verən kimdir? Halukun sözlərinə görə, bu məsələni həm şirkət, həm də Türkiyə dövləti həll edir. Ancaq belə görünür ki, yekun qərar Ankaranın əlindədir, o, burada həm də öz xarici siyasət maraqlarını nəzərə alır.

Moskvanın İranın "Shahed 129" pilotsuz təyyarələrinə maraq göstərdiyi məlumdur.

Səlcuk deyir ki, o, İran pilotsuz təyyarələrinin texniki xüsusiyyətləri ilə tanış deyil. Amma əlavə edir ki, "Bayraktar" öz sinfində ən yaxşı drondur:"Dünyada döyüş vaxtı bu qədər yaxşı nəticə göstərən ikinci belə bir pilotsuz uçuş aparatı yoxdur".

Ukraynadan əvvəl "Bayraktar"lar Qarabağda Azərbaycan ordusu tərəfindən tətbiq olunub. Onları 2020-ci ilin fevralında Türkiyə ordusu Suriyadakı Bahar Qalxanı əməliyyatı vaxtı istifadə edib. Və daha əvvəl, bu dronlar Liviyada, Haftar ordusuna qarşı istifadə olunub.

"Bayraktar"lar Ukraynadan əvvəl yalnız sırf kəşfiyyat sistemləri kimi istifadə olunmayıb. Onların vasitəsilə hava hücumundan müdafiə sistemləri zəif olan yerlərdə, yəni az qala "istixana" şəraitində zərbələr endirilib.

Kifayət qədər yüksəklikdə olan pilotsuz təyyarənin zərbələri çox vaxt sarsıdıcı olur. Pilotsuz aparatdan çəkilmiş videolar həmləni gözləməyən hərbçilərin mövqelərinə idarə olunan bombaların atılmasını əks etdirir.

Ancaq Ukraynada artıq havadan müdafiə olunan hədəflərə zərbə endirmək funksiyası öz aktuallığını itirib. Bundan sonra dronlar öz sinfinə aid olan daha ənənəvi vəzifələri yerinə yetirməyə başlayiblar: bunlar müşahidə, hədəf təyinatı və kəşfiyyatdır.

Baykar həmçinin başqa bir pilotsuz təyyarə - "Akıncı" üzərində işləyir. Onda Ukrayna istehsalı olan turbinlərdən istifadə olunur.

Səlcuk Akıncının daha təkmil, daha iri və daha sürətli olduğunu təsdiqləyir. Onlar Ukrayna turbinləri ilə təchiz olunsa da, Ukraynada bu dronlar mövcud deyil. "Akıncı"nın Ukraynaya təhvil verilib-verilməyəcəyi ilə bağlı suala cavab verən qardaşlar deyir ki, Ukrayna tərəfi hələ belə bir müraciət etməyib.

Eyni zamanda qardaşlar Türkiyənin səsdən sürətli ilk dronu olan "Kızılelma"nı hazırlayır və yeni "Bayraktar TB3" dronu üzərində işləyirlər. Hər iki dron helikopter daşıyan gəmilərindən qalxıb enə biləcək. Kızılelma da Ukrayna turbinləri ilə təchiz olunacaq.

Lakin əməkdaşlıq bununla bitmir. Haluk qeyd edir ki, onlar Ukrayna ərazisində pilotsuz qırıcıların tam istehsalına başlamağı və ukraynalı gənclər üçün elmi mərkəzləri açmağı planlaşdırırlar.

Qardaşlara əsasən, onlar dronların hazırlanması və istehsalı üçün mərkəz yaratmaq üçün sahə alıblar, lakin müharibəyə görə işi dayandırmalı olublar.

"AzPolitika.info"

635x100

Şərhlər

Rr 2022-08-28 01:46:03

Türkiyədə texnoloji inkişaf sürətlə gedir

Son yazılar