Rusiya avqustun 31-də Avropaya "Şimal axını 1" kəməriylə qaz tədarükünü dayandırıb. Bu, Moskvanın Qərb ölkələrinə təzyiq məqsədilə tədarükü məhdudlaşdırması sarıdan narahatlığı artırıb.
Baltik dəniziylə Almaniya gedən "Şimal axını 1" ilə qaz axını sıfıra düşüb. Fasilə sentyabrın 2-dək təmir işlərinin aparılmasıyla izah olunur.
Rusiyanın "Qazprom" enerji nəhəngi kompressorda üçgünlük təmiri vacib adlandırıb.
Almaniyanın Federal Şəbəkə Agentliyinin başçısı Klaus Mueller isə qərarı texniki baxımdan anlaşılmaz sayaraq xəbərdarlıq edib ki, bu, Moskvanın enerji təchizatından təhdid kimi istifadə etməsinə sadəcə bəhanədir.
Təcrübə göstərir ki, Moskva “hər bir belə təmirdən sonra siyasi qərar verir”, deyən Mueller əlavə edib ki, Rusiyanın yenə bunu edib-etməyəcəyini sentyabrın əvvəlində biləcəyik.
Rusiyanın tədarükü məhdudlaşdırmaqla Qərb ölkələrinə təzyiq göstərmək, onların Ukraynaya qarşı müharibəyə görə Rusiyaya sanksiya tətbiqində birliyini pozmaq cəhdiylə bağlı ittihamları Moskva rədd edir.
Fransanın enerji naziri Aqnes Panyer-Runaçer avqustun 30-da Rusiyanı qazdan müharibə silahı kimi istifadədə suçlayıb.
Bu bəyanatdan öncə "Qazprom" bildirib ki, ödənişlərin olunmamasına görə Fransanın "Engie" elektrik şirkətinə qaz tədarükünü dayandırır.
“Fransa yazdan bəri bu ssenariyə hazırlaşır...”, – deyən nazir əlavə edib ki, ölkə onsuz da Rusiyadan qaz idxalından asılılığını 9 faizə salıb.
Ukraynanın işğalından öncə bundan iki dəfə artıq qaz idxal olunurdu.
Xatırladaq ki, Rusiyanın qaz tədarükünü pozması və azaltması nəticəsində qiymətlər qalxıb, Avropa ölkələri qış öncəsi alternativ təchizat mənbələri axtarmağa başlayıblar.
"AzPolitika.info"


Şərhlər