PUTİNİN ORDUSU QAÇIR, YOXSA “YENİDƏN QRUPLAŞDIRILIR”?... - Və əsir düşən rus tankçısının ilginc ifadəsi

Heç kimə sirr deyil ki, hələ 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağda əl-qolunu bağlayan, onu məğlub duruma salan amillərdən biri və hətta birincisi Rusiya və onun ordusu idi. Hamı bilirdi ki, Ermənistanın arxasında duran Rusiyadır və bu böyük ölkənin nəhəng və güclü ordusuna qarşı durmaq intihara bərabər addım olar. Bu düşüncə uzun illər öz təsirini saxladı və 2009-cu ildə Gürcüstanda, daha sonra Krımda və Donbasda bir daha özünü təsdiqləmiş oldu...

Lakin Türkiyə hələ 2015-ci ildə rus təyyarəsini vuranda, daha sonra Liviyada və Suriyada ruslarla proksi savaşa girəndə və bu ərəb ölkələrində rusların tabeliyində döyüşən, onların idarə etdiyi yerli qoşunlara və hərbi birləşmələrə ağır zərbələr endirəndə bir növ “şeytanın qıçını sındırmış” oldu. Bu zaman çoxları anlamağa başladı ki, Rusiya hərbi maşını öz səviyyəsinə, texnoloji inkişafına və idarəetməsinə görə heç də deyildiyi qədər tərifli və güclü deyil.

Azərbaycanın 44 günlük müharibədəki möhtəşəm qələbəsi isə bu qənaəti bir qədər də gücləndirdi və göstərdi ki, rus silahı və rus hərbi məktəbi NATO standatları ilə müqayisədə olduqca geridə qalmış durumdadır və açıq savaşda məğlubiyyətə məhkumdur.

Nəhayət, bu gün Ukrayna cəbhələrində baş verənlər isə bütün bu prosesin kulminasiya nöqtəsi sayıla bilər. Çünki Xarkov və Xersondakı döyüşlər yeni mərhələnin başlanğıcıdır. Ukraynanın Müdafiə naziri Aleksey Reznikovun dediyi kimi, “bu əks-hücum onun əlamətdardır və onu göstərdi ki, Rusiyaya qalib gəlmək olar!”.

Daim “qalib”, “müzəffər”, “yenilməz”, “nəhəng” və sair epitetlərlə bəzədilən rus ordusunun son məğlubiyyətlərə və Xarkov vilayətindən qaçışına Kremlin və onun təbliğatçılarının münasibəti olduqca ilginc və bəzən də gülməli xarakter alır. 

Belə ki, Rusiya Müdafiə Nazirliyi 4 gündə 2.5 min kvadrat kilometr ərazinin, böyük sayda canlı qüvvə və hərbi texnikanın məhv edilməsi bahasına 5 aya işğal olunmuş Balakleya, Kupyansk, İzyum, Liman və Lisiçansk kimi şəhərlərin itirilməsini “qoşunların Donetsk istiqamətində yenidən qruplaşdırılması” adlandırıb (Necə ki, erməni ordusu da 44 günlük müharibədə cəbhədəki hər məğlubiyyətini “taktiki geri çəkilmə” adlandırıdı-red.).

Yəni ki, Vladimir Putinin və ətrafının neçə aylardır təkrarladıqları kimi – “hər şey plan üzrə gedir”. Görünür, Rusiya ordusu Ukraynaya soxulanda, 5-6 aya böyük itkilərlə işğal olunan ərazilərin “dünyanın ikinci ordusu”nun bir neçə günə Ukrayna Ordusuna təhvil verib qaçması da əvəlcədən planlaşdırılıbmış və bu da həmin “möhtəşəm” planın tərkib hissəsi olubmuş...

Ukrayna mətbuatında və sosial şəbəkəlrdə Xarkov istiqamətindəki döyüşlərdə əsir düşən bir rus tankçısının maraqlı videosu yayılıb.

O, jurnalistlərlə söhbətində deyir ki, öz tankından ukraynalılara atəş açmayıb. Çünki onun tankı texniki cəhətdən nasaz olub və atəş açmaq imkanında olmayıb. Özü də onunla birgə hərəkət edən digər tanklar da eyni vəziyyətdə olublar – atəş aça bilməyiblər.

Lakin ukraynalılar deyiblər ki, o, yalan danışır. Çünki əslində, həmin istiqamətdə Ukrayna Ordusunun mövqelərinə bəzi rus tanklarından atəş açılıb.

Bu zaman rusiyalı tankçının cavabı qarşı tərəfi şoka salıb. O, deyib ki, ukraynalılara atəş açan tanklar hərəkət edən tanklar yox, səngərlərdə gizlədilən tanklar olub. Çünki o tanklar da texniki cəhətdən nasazdırlar və yalnız atəş aça bilirlər, hərəkət edə bilmirlər, ona görə də səngərlərə yerləşdiriliblər.

Yəni ki, həmin istiqamətdəki rus tanklarının hərəkət edə biləni atəş aça, atəş açanları isə hərəkət edə bilmirmiş... Bəli, bu, bütün dünyaya meydan oxuyan, bu gün - sabah Avropanı işğal edəcəyi ilə hədələyən “dünyanın ikinci ordusu”dur.

Maraqlıdır ki, ordu ilə paralel olaraq, Rusiyada informasiya və təbliğat müstəvisində də xaos və başıpozuqluq, hətta tragikomik durum hökm sürür.

Məsələn, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev yenə heç nə olmamış kimi Ukraynanı hədələyir və deyir ki, “Kiyev rejimi Rusiyanın şərtləri daxilində total kapitulyasiyaya getməlidir”.

Rusiyanın BMT-dəki nümayəndəsi isə BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edib və bildirib ki, Ukraynanın Xarkov istiqamətindəki hücumu qanunsuzdur və həmin döyüşlərdə Ukrayna Ordusunun hərbi qənimət kimi əldə etdiyi Rusiyaya aid hərbi texnika geri qaytarılmalıdır...

Marqarita Simonyan isə Ukraynanın zərbələrindən sonra birdən-birə “ayılaraq” deyib ki, “gələcəyə ən yaxşı baxış, keçmişin ümumi mənzərəsidir”. Kremlin və “rus dünyası”nın odlu-alovlu təbliğatçısı bu dəfə “sülh göyərçini” rolunda çıxış edərək, təklif edib ki, keçmişdəki kimi rusiyalılar və ukraynalılar birgə bayramlar keçirməli, həm rus, həm də Ukrayna dillərində mahnılar oxumalıdırlar və s.

Hansı ki, məhz bu “xanım” müharibənin ilk saatlarında bir neçə günə Kiyevin Borispol aeroportunda olacaqlarını yazıb, ukraynalılara qıcıq verib, onları lağa qoyurdu və son günlərə qədər rus ordusunu göylərə qaldırırdı. Ancaq Ukrayna Ordusunun bir neçə günlük əks-həmləsi göründüyü kimi, vəziyyəti kəskin şəkildə dəyişdi və heç kimə sirr deyil ki, vəziyyət daha da çətinləşəcəyi təqdirdə Kremlin indiki sahibini ilk satanlar da məhz onun ən adlu-alovlu təbliğatçıları olacaq...

Hələliksə, Ukrayna Ordusu irəliləyir və sübut edir ki, rus ordusuna qalib gəlmək olar və bu, olduqca vacibdir. Hələ müharibənin ilk günlərində rus qoşunları onlarla kilometrlik hərbi kolonlarla Kiyevə yaxınlaşanda və hamı Kiyevin tezliklə zəbt olunacağını düşünəndə Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç demişdi ki, “rus ordusu güclü deyil, sadəcə uzundur”.

Onun dedikləri bu gün bir daha təsdiqini tapır və bu gedişlə, yaxın gələcəkdə həmin ordunun uzunluğundan da bir şey qalmayacaq...

Cəlal(Elxan) Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Elmira 2022-09-13 09:02:10

Cəlal bəy, şad xəbərlərə görə təşəkkür edirik. Putler kaput! Rusiya , bu xalqlar həbsxanası, çökür! Urra-a-a!!!

Son yazılar