Rusiya Kommunist partiyasının rəhbəri Gennadi Zyuqanov sentyabrın 13-də Rusiya Dumasında çıxışı ölkədə geniş müzakirələrə səbəb olub. Partiya sədri deputatlara ölkənin Ukraynada üzləşdyi son dərəcə çətin və narahatedici vəziyyətdən danışıb.
"Xatırladığım qədər heç vaxt belə bir şey görməmişəm. Ukraynada xüsusi hərbi əməliyyat tammiqyaslı müharibəyə çevrilib. Müharibə və xüsusi əməliyyat kökündən fərqlənir. Müharibəni istəsən də bitirə bilməzsən; qələbə və ya məğlubiyyətədək vuruşmalısan. Donbasda qələbə bizim tarixi tələblərimiz məsələsidir…”, – o deyib.
Zyuqanov bununla Ukrayna müharibəsi ətrafındakı diskursa yenilik gətirib. O, Ukraynada baş verənləri “müharibə” adlandırıb. Martda Dövlət Duması Ukraynaya hücumu “müharibə” adlandıranlara qarşı ciddi tədbirlər nəzərdə tutan tələsik qanun qəbul etmişdi.
Hücumu “müharibə” və ya “müdaxilə” adlandıran tənqidçilərsə “silahlı qüvvələri gözdən salma” və “yanlış məlumat yayma” maddələri ilə təqib olunurlar.
Zyuqanovun çıxışı eyni zamanda Rusiyanın müharibə elan edərək hərbi səfərbərliyə başlamağa məcbur olub-olmayacağı ilə bağlı müzakirələrə yol açıb.
Hakim “Yedinaya Rossiya” partiyasından olan deputat, Dumanın Təhlükəsizlik komissiyasının üzvü Mixail Şeremet də bir radio müsahibəsində tam səfərbərliyin elan edilməsinə çağırıb. O, Rusiyanın səfərbərliksiz istədiyi nəticələri ala bilməyəcəyini deyib.
"Demək istəyirəm ki, bu gün cəmiyyət qələbəni qarşısına məqsəd qoyub mümkün qədər sıx birləşməlidir”, – o söyləyib.
Hazırda xaricdə yaşayan rusiyalı müstəqil hərbi ekspert Yuriy Fyodorov “Nastoyaşeye Vremya”ya deyib ki, Rusiya nomenklaturasının ən yüksək çevrələri labüd məğlubiyyəti hiss etdikləri üçün panikaya düşürlər.
"Bu panika içində də onlar səfərbərlik, müharibə elanı, Qərbin müharibə elan etməsi kimi köhnə ideyalara qayıtmağa başlayırlar”, – Fyodorov deyir.
Bir çox təhlilçilər hesab edirlər ki, canlı qüvvə Kremlin əsas problemlərindən biridir. Qərbin get-gedə artan hesablamalarına görə, Rusiya fevraldan bəri 25 min hərbçisini itirib. Ölən və yaralananların ümumi sayı isə 80 minə çatır.
"AzPolitika.info"


Şərhlər