Xəbər verildiyi kimi, bir neçə gün öncə Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov jurnalistlərə müsahibəsində “Komando”ya qəbul edilmək üçün qardaşından 6 min manat rüşvət tələb olunduğunu deyib.
Daha sonra Müdəfiə Nazirliyi və Baş Prokurorluq məsələnin nəzarətə götürüldüyünü, araşdırılaraq ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.
Ötən gün isə bu barədə şəhidin qardaşı Sənan Əhmədovun videomüraciəti yayılıb. O, bu müraciətdə sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib və hər kəsdən üzr istəyib.
Qeyd edək ki, şəhid qardaşının bu müraciəti ictimaiyyətdə birmənalı qarşılanmayıb və böyük narazılıqlara səbəb olub. Onun təzyiq altında bu videonu çəkməyə məcbur edildiyi iddia olunur.
“AzPolitika.info” “Bakupost.az”-a istinadla xəbər verir ki, sosial şəbəklərdə bir sıra tanınmış şəxlər bu məsələyə öz etirazlarını bildiriblər.
Hüquqşünas Ələsgər Məmmədli: “Şəhid qardaşına diqtə ilə yazdırıb üzündən də səhv oxutduqları üzr videosu əslində rüşvətin, korrupsiyanın hansısa bir vəzifəli şəxsin münfərid əməli yox, idarəetmə sisteminin təməl sütunu olduğunun etiraf videosudur. Qanı belə qurumayan şəhidin üzərində bu alçaqlığın edilməsi isə hiddət və nifrəti körükləyir. Ləyaqətsizlikdir!”.
Jurnalist Xalid Kazımlı: “Rüşvət eyhamı olan səs yazısına görə iki adam tutulmadımı? Eyni şey baş veribsə, yenə kimlərsə içəri getməlidir. Ayrı-seçkilik etmək düzgün olmaz. Birinci halda canlı efirdə verilən təkzibə məhəl qoyan olmadısa, ikincidə niyə olmalıdır?”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova: “Şəhid qardaşını tələm-tələsik təkzib videosunda çəkmək böyük, hətta çox böyük səhv oldu. Bir çox önəmli təməllərə yönəlik kocaman yanlış: Dövlət, dövlətçilik, ədalət, qanunun aliliyi...Videoda tək bir haqqlı var idi. Şəhidin qardaşı”.
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, şəhid qardaşı Sənan Əhmədov videomüraciətində həqiqəti gizlədir: “Onun pulu qaytarıldığı üçün videoda məcbur belə danışır. Şəhid qardaşının borcu bağlanıbsa, deməli onu bunun müqabilində danışdırıblar. Bu məsələni yoxlamaq üçün 10-15 dəqiqə vaxt lazımdır. Sənan Əhmədovu çağırıb, hansı bankda borcu olduğunu öyrənmək olar. Məsələn, X banka borcu olubsa, onunla bərabər həmin banka gedib, 5 dəqiqə ərzində borcunun qalıb-qalmadığı yoxlanıla bilər. Əgər Sənan Əhmədovun borcu bağlanılıbsa, aydın məsələdir ki, onu bu yolla danışdırıblar”.
“İstənilən halda çox rəzil hərəkət, utancverici mənzərədir. 77 igidimiz şəhid olub, bütün xalq matəm içindədir, lakin məsələni bu şəkildə ictimailəşdirənlər insan ola bilməz. Sənan Əhmədovun danışığından hiss olunur ki, onun arxasında heç kim olmadığına görə həqiqəti danışmır. Videomüraciətdə dedikləri sadəcə olaraq məcburiyyətdəndır. Xalqı, insanları bu qədər alçaltmaq olmaz. Çox istərdim ki, bu məsələnin üstünə getsinlər. Düşünürəm ki, bu çirkin əməli edən şəxsi çağırıblar ki, Sənan Əhmədovun pulunu versin və məsələ bağlansın”,-deyə ekspert bildirib.
“AzPolitika.info”


Şərhlər
quldurlar yazığı yəqin ki möhkəm sıxışdırıblar
Aha )
Ne zaman bitecek bu xalqın utancverici vidioları. Rezaletdir. Bunu edenler Azerbaycanlı ola bilmez.