RUSİYANIN NƏ QƏDƏR RAKETİ, TƏYYARƏSİ VƏ TEXNİKASI QALIR? – “Yeni istehsal mümkün deyil...”

Ukrayna müharibəsi Rusiya ordusunun çoxsaylı zəif tərəfləri ilə yanaşı, Rusiya Hərbi Sənaye Kompleksindəki böyük problemləri də üzə çıxarıb.

SSRİ-nin dağılmasından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, Rusiya silahlı qüvvələrində hələ də xeyli miqdarda sovet zirehli texnikası, artilleriya və raket qurğuları, müxtəlif növ mərmilər, döyüş təyyarələri və hərbi gəmilər aktiv fəaliyyətdədir. Rusiya hakimiyyəti son 10 ildə hərbi texnikanın yenilənməsinə böyük vəsaitlər sərf etsə də, istənilən nəticəni əldə edə bilməyib. Ekspertlər belə acınacaqlı vəziyyəti korrupsiya, kadr çatışmazlığı, texnoloji gerilik, xarici komponentlərdən asılılıq, menecerlərin səriştəsizliyi ilə izah edirlər. Onların fikrinə görə, Ukraynadakı müharibənin gedişi göstərir ki, bu ilin sonuna kimi Rusiya ordusu artilleriyasız, tanksız və mərmisiz qala bilər.

“AzPolitika.info” xəbər verir ki, Latviyanın “The Insider” portalı “Əlvida silah! İlin sonuna kimi Rusiya demək olar ki, mərmisiz, artilleriyasız və zirehli texnikasız qalacaq” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin yazının ilk hissəsində top lülələrinin aşınmasına, mərmi qıtlığına və sanksiyaların təsirinə toxunulmuşdu (Bura bax: MƏRMİSİZ, ARTİLLERİYASIZ, ZİREHLİ TEXNİKASIZ... – Rusiyanın ehtiyyatları tükənir, yeni istehsal mümkün deyil...). Məqalənin ikinci hissəsində isə Rusiya raket texnologiyasının və aviasiyasının mövcud vəziyyətinə diqqət yetirilir.

- Raketlərin tükənməsi

Rusiya artilleriyasının tədricən və dönməz hal alan problemləri ilə yanaşı digər silah növlərindəki və hərbi texnikadakı böyük çatışmazlıqlara diqqət ayırmaq lazımıdır. Biz burada üç əsas silah sistemlərinə diqqət yetirək: yüksək dəqiqlikli silahlar, aviasiya və zirehli texnika.

Rusiyanın bəzi raket tipləri yüksək dəqiqlikli silahlar sırasında daxil edilir. Bunlar uçuş məsafəsi 300 kilometrdən artıq olan “İskəndər M” ballistik raketləri, dənizdə və quruda bazalaşdırıla bilən “Kalibr” qanadlı raketləri, səsdən iti üçan gəmilər əleyhinə qanadlı “Oniks” raketləri və havada bazalaşdırılan qanadlı “X-101”, ”X-555” və “X-22/X-32” raketləridir.

Uçuş məsafəsi 300 kilometrə kimi olan raketlər: ”X-35” və “X-59” aviasiya qanadlı raketləridir. Deməli, ”X-555” və “X-22” Rusiyaya SSRİ-nin silah arsenalından miras qalıb və artıq istehsal olunmur.

Müharibədən öncə saylarının söylənmsi çətin olan köhnə “X-35” və “X-59” raketlərindən başqa, Rusiya arsenalında digər tip raketlərdən bir neçə yüz ədəd qalmışdı.

Müharibənin ilk başlarında bu raketlərdən hər gün onlarla zərbə vurulurdu, ancaq indi bu zərbələrin intensivliyi xeyli səngiyib. Buradan da bu tipli raketlərin sayı barəsində müəyyən nəticə çıxarıla bilər.

Rusiya uzaqvuran raket qıtlığı səbəbindən Ukrayna şəhərlərini və yerüstü hədəfləri vurmaq üçün S-300/S-400 Hava Hücumundan Müdafiə sistemlərindən istifadə edir.

Rusiyanın istehsal gücü ekspert diskusiyasının predmetidir. Uzaqvuran qanadlı və operativ-taktiki ballistik raketlərin hər tipindən illik 50 ədəd istehsal etmək mümkündür. Həm də dənizdə bazalaşan “Kalibr”, aviasiya raketi “X-101” və yerdə bazalaşan qanadlı raketlərin hamısı eyni raketlərin müxtəlif tipləridir və onların illik ümumi istehsal gücü 100 ədəddir.

Öz növbəsində “Oniks” qanadlı raketlərinin illik istehsalı 55 ədəd olduğu halda “X-22” raketinin istehsal həcmi 20 ədədi keçmir.

Deməli, belə alınır ki, Rusiyanın 300 kilometrdən uzağı vuran yüksək dəqiqlikli raketlərinin illik ümumi istehsal sayı 225 ədəd təşkil edir.

Digər tərəfdən, bir daha qeyd etmək lazımdır ki, 300 kilometrədək uçuş məsafəsi olan “X-35” və “X-59” raketlərinin istehsal həcmini dəyərləndirmək hələ ki, çətindir.

Rusiya silah sənayesinin istehsalı ciddi şəkildə artırmaq potensialı yoxdur, bu təkcə avadanlığın alınmasına qoyulmuş embarqo və kadr məhdudiyyəti ilə bağlı deyil, həm də əmək məhsuldarlığının aşağı olması ilə əlaqədardır. Çünki Rusiya Hərbi Sənaye Kompleksinin müəssisələrindəki işin təşkili ümumən Rusiyanın siyasi-iqtisadi modelinə uyğun gəlir.

- Zirehli texnika problemi

Zirehli texnika ilə bağlı vəziyyət də aşağı-yuxarı eynidir. Burada texnikanın itirilməsi heç də döyüş zamanı onun birbaşa məhv edilməsi səbəbindən baş vermir, əsas problem mühərrikin istismar müddətinin tükənməsidir. Rusiyanın əsas döyüş tankları “T-72” və “T-80”-ın müxtəlif modifikasıyalarının mühərrik resursu 1000 saatdan artıq deyil.

Bundan sonra onlar mühərrikləri dəyişməlidirlər, ancaq indi həmin mühərriklər xaricdən alınan avadanlıqların köməyi ilə istehsal olunur. Əlbəttə, tank mühərrikləri təmir edilir, amma buna baxmayaraq onun imkanları başlanğıc resursundan çox aşağı olur və bir müddətdən sonra yararsız hala düşür.

Heç şübhə yoxdur ki, müxtəlif növ zirehli texnikalar müharibədə sutka ərzində hər halda 2-3 saat işləyirlər və ona görə də onlar müharibə başlayandan indiyədək orta hesabla 370-560 saat işləyiblər.

Hərbi hissələrdən və saxlanma bazalarından gətirilən nisbətən təzə sayıla biləcək zirehli texnikalar yüksək intensivli döyüşlərdən sonra 2022-ci ilin axırında təmirə yollanacaq. Bir şeyi də yada salaq ki, əvvəl söylədiyimiz kimi tank lülələrinin də istismar müddətinin vaxtı var.

Rusiyada zirehli texnikanın modernləşdirilməsi və istehsal tempi 2010-cu illərdə daha sürətlə həyata keçirilməyə başladı. Bunların içərisində Nijni Taqil şəhərindəki “Uralvaqonzavod”da və Omskdakı zavodda 2011-ci-2020-ci illərdə hər il 160-170 ədəd “T-72B3M” tankı istehsal edilib (2021-ci ildə bu tankların illik istehsalı 34 ədədə qədər azalıb). Bundan başqa 2017-2021-ci illərdə Omsk zavodunda 45-50 ədəd “T-80БВМ” tankları buraxılıb.

O ki qaldı 1990-2000-ci illərdə buraxılan “T-90” tankının modernləşdirilmiş versiyası olan “T-90M” tanklarının istehsalına, onların seriya istehsalı yalnız 2021-ci ilin sonunda başlayıb. Əminliklə söyləmək olar ki, hələlik bu istehsalın illik gücü cəmi iyirmi ədədə çatır.

Beləliklə, müharibənin əvvəlində Rusiya ordusunda olan 3300 tankdan 2000-i modernləşmişdi. Rusiya ordusunda müxtəlif tiplərdən olan 16000 zirehli maşının təxminən dörddə biri yeni və modernləşdirilmişdir. Onu demək lazımdır ki, mövcud olan yeni və modernəlşdirilmiş zirehli texnika da xarici avadanlıqlar və xarici komponentlər hesabına ərsəyə gətirilib.

- Hərbi aviasiya problemi

Bu fonda aviasiyadakı vəziyyət ilk baxışda daha yaxşı görünür. Hətta əgər “Su-25” hücum təyyarəsinin mühərrikinin ən az istismar resursuna (500 saat) və geniş şəkildə istifadə edilən qocaman cəbhə bombardmançısı “Su-24” üçün müharibənin istənilən halda son nəfəs olduğunu nəzərə alsaq, onda Rusiya təyyarə və vertolyotlarının döyüş meydanındakı intensivliyinin azaldığını görərik.

Təcavüzün ilk başlarında, Ukrayna Hava Hücumundan Müdafiə sistemlərinin zəif təşkili vaxtı Rusiyanın hər bir təyyarəsi gün ərzində ümumən 1-1,5 saatlıq 1-2 döyüş uçuşu həyata keçirirdi. Bütün itkilər və texniki nasazlıqlara baxmayaraq, Rusiya Ukrayna sərhəddində müxtəlif tipdən olan 400 döyüş təyyarəsi və təxminən 360 helikopter (onlardan hamısı döyüş maşını deyil) saxlayır.

Reallıq ondan ibarətdir ki, elə müharibənin əvvəlindən Rusiya geniş miqyaslı hava hücumu kampaniyası aparmaq qabiliyyətini ortaya qoya bilmədi, indi isə belə bir kampaniya həyata keçirmək imkanı daha da məhdudlaşıb.

Ukraynaya irimiqyaslı təcavüzdən öncəki on illikdə Rusiya hər il 30-35 döyüş təyyarəsi, 25-30 zərbə helikopteri istehsal edib və 130-200 arası müxtəlif aviatexnika modernləşdirib. Rusiya Hərbi Sənaye Kompleksi 2020-ci ildən əvvəl yeni nəsil döyüş təyyarələrinə keçid planlaşdırmışdı. İndi texnoloji embarqo bu planın uğurla həyata keçirilməsinə çətin ki, imkan versin. Həm də unutmayaq ki, onsuz da bu plan axsayırdı.

Rusiya 2022-ci ildə Hərbi Sənaye Kompleksinə yüz milyardlarla rubl axıtsa da, istehsal prosesi uzunmüddətli aşınma nətəcəsində praktik qaçılmaz deqradasiya həddinə çatdığından onun saxlanması təkcə təşkilatı və maliyyə faktorundan yox, həm də mühəndislərdən, işçilərdən və menecerlərdən asılı olacaq. Sadə dillə desək, bundan sonra bu sahə sənaye istehsalından daha çox manufakturaya oxşayacaq.

Hazırladı: Vaqif NƏSİBOV

635x100

Şərhlər

zahid 2022-09-21 09:59:22

RUSİYANIN NƏ QƏDƏR RAKETİ, TƏYYARƏSİ VƏ TEXNİKASI ALIR? – “Yeni istehsal mümkün deyil...” başlıqda səhv var məncə.... maraqlı yazıdır

Son yazılar