SƏRNİŞİNDAŞIMADA QİYMƏTLƏR NİYƏ ARTIRILIR? – “280 milyon manatdan şirkətlərə bir qəpik də verilməyib”

Bugünlərdə Azərbaycanda sərnişindaşıyıcı şirkətlər avtobuslarda gediş haqlarının qaldırılması ilə bağlı bir ildə üçüncü dəfə Tarif Şurasına müraciət ediblər. Şirkətlər gediş haqqının xərclərə adekvat olmadığını, koronavirus pandemiyası zamanı ciddi ziyana məruz qaldıqlarını bildirməklə bundan əvvəl də iki dəfə - yanvar və apreldə hökumətə müraciət etsələr də, müsbət cavab almamışdılar. Hazırkı müraciətdə də şirkətlər ya qiymətlərin qaldırılmasını, ya da dövlətin onlara dotasiya ayırmasını istəyirlər.

Hələ 2020-ci ilin martında Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda mənfi təsirlərinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzlamışdı. Tədbirlər Planına əsasən, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə (hava nəqliyyatı daxil) dəstək proqramına dövlət büdcəsindən 280 milyon manat ayrılmışdı.

Amma Tarif Şurasına müraciət edən şirkətlərdən biri – "Xaliq Faiqoğlu" MMC-dən "Turan"a bildirilib ki, üç ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub. Qeyd olunub ki, 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33 faiz artırılaraq 80 qəpik müəyyən edilib.

Habelə bildirilib ki, avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və s. bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizə qədər artıb: "Bu hallar da şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur".

Şirkətdən əlavə edilib ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini "Bakı Kart"a ödəyirlər: "Bu, kifayət qədər böyük faizdir. Təklif edirik ki, rüsum azaldılsın".

MMC-dən həmçinin iddia edilib ki, maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatın bir hissəsi Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətləri üçün nəzərdə tutulsa da, bu vəsaitdən özəl avtobus şirkətlərinə ödənilməyib. Bu deyilənlərə, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının isə “Azadlıq” radiosuna deməsinə görə, sərnişindaşıyıcı şirkətlərin müraciətindəki fikirləri Bakı Nəqliyyat Agentliyi (BNA) yaymalı idi: "Çünki BNA publik hüquqi şəxs olaraq nəqliyyat sektorunda tənzimləyici qurumdur".

Ekspert qeyd edib ki, özəl sərnişindaşıyıcı şirkətlər illərdir borc içindədir: "Çünki yanacaq, ehtiyat hissələri, sürtgü yağları bahalaşdı, üstəlik də, sürücüyə normal əməkhaqqı vermək lazımdır. Şirkətlərə tələb qoyulur ki, 200-300 min manatlıq avtobuslar al gətir, amma bir sərnişini 30 qəpiyə daşımalısan…"

Onun fikrincə, "Bakı Kart"a ödənilən 5 faizlik rüsum çox böyükdür: "Nəzərə alınmalıdır ki, kassaya daxil olan vəsaitin hamısı xalis gəlir deyil, bunda işçilərin maaşı, təmir xərcləri var. Şirkətlər bu puldan vergi ödəyir, sosial ödənişləri edir. Burada hansısa məmurlar, oliqarxlar öz marağını güdür".

E.Muradlının sözlərinə görə, məsələnin həlli üçün beynəlxalq təcrübə öyrənilməlidir: "Dünyanın ən inkişaf etmiş ölkələrində belə ictimai nəqliyyat ya bələdiyyələrin, ya da seçki yolu ilə seçilən merin əlindədir. Onlar da göstərilən xidməti daha da yaxşılaşdırmaq üçün və növbəti il yenidən seçilmək üçün çaba göstərir. Bizdə isə gələn dağıdır, gedən dağıdır".

O qeyd edib ki, dövlət başçısı sırf nəqliyyat sektoruna (avtobuslara) dəstək üçün 7.5 milyon manat ayırıb: "Bakı Nəqliyyat Agentliyi rəsmi etiraf edib ki, bu pulun hamısını "BakuBus" MMC-yə köçürüblər. Sənədin harasında yazılmışdı ki, pulun hamısı "BakuBus"a köçürülməlidir?! Deməli, Bakı Nəqliyyat Agentliyi tənzimləyici qurum olaraq dövlət şirkətini digərlərindən üstün tutur. "BakuBus"ın bazarda payı 18-20 faiz civarındadır. 80 faiz özəl sektorun əlindədir".

Bakı Nəqliyyat Agentliyindən isə "Turan"a bildirib ki, qiymət və dotasiyaların verilməsi ilə bağlı məsələlər onların səlahiyyətlərinə aid deyil. Qeyd olunub ki, pandemiya zamanı dəstək məqsədilə verilən 7.5 milyon manatın hamısının "BakuBus" şirkətinə köçürülməsi ilə bağlı deyilənlərə ayrıca münasibət bildiriləcək.

Tarif Şurasından "Turan"a özəl şirkətlərin ictimai nəqliyyatda nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və qiymətlərə yenidən baxılması barədə müraciət etmələrini təsdiqləyiblər. Şuradan bildirildiyinə görə, Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırıb ki, bu sahədə rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumları və iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrup yaradılsın: "Qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq".

Bəs təkliflər hansı istiqamətdə gözlənilir? Hələlik, mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə danışmaq mümkün olmayıb. 

“AzPolitika”

635x100

Şərhlər

Şəkili 2022-10-06 10:41:04

Arzu kimiləri Avtobazanı qanunsuz yolla özəlləşdirərək özü üçün vardövlət qazanır aidiyyatı qurumlar isə Arzunun əməllərinə göz yumurlar. səhmdarlar isə dicvident gözləyir ?

Nəqliyyatçı-pensiyaçı 2022-09-30 11:34:18

Bu qiymət artımının mənası bəlli deyil.Çünki neft idxal olunmur və dünyada hətta artım olarsa bu Azəərbaycana aid edilməməlidir.İkinci tərəfdən neftin dünyada ixrac qiymətləri artırsa bu AZərbaycana əlavə mənfəət gətirir.DEməli bu hlda da daşınma qiymətlərinin atırılması yanlışdır.Əgər bu daşımaıar ziyanla yerinə yetirilirsə,burada səbəb naşı adamların bu işlə məşğul olmasının qarçısı alınmalı və lazımi hallarda isə dövlət subsidiyası tətbiq olunmalıdır.Əhalini bu qədər yükləmək doğru deyil.

Oxucu 2022-09-29 20:21:03

Dövlətin özü niyə sərnişindaşınmanı təşkil etmir? Avtobus almağa pulu yoxdurmu? Sərnişindaşıma şirkətləri bu avtobusları dövlət qarantiyası və ya dövlətin pulları ilə alıblar. Bu avtobuslarla yanaşı sərnişindaşıma şirkətlərinin sahiblərinin bütün əmlakları müsadirə edilməli, sonra müsadirə edilmiş əmlaklar satışa çıxarılmalı, əldə edilmiş vəsaitlə avtobus parkları inşa edilməlidir. Sərnişindaşıma tam monopoliyadır. Bu marşurutlar və şirkətlər kimlərəsə məxsusdur və ya kimlərəsə aylıq verirlər. Bu yaramazlar azalan qazanclarını, kasıb-kusubun hesabına artırmaq istəyirlər. Kasıblar öz övladlarını vətənə şəhid etdilər, bu əclaflar cinayyətkar övladlarının cinayyətlərini ört basdır edib,kasıbın cibinə girirrlər. Allah bəlanızı versin! Yığdıqlarınız burnunuzdan gəlsin!

Vətəndaş 2022-09-29 17:28:15

Allah axırını xeyir eləsin,milləıt hər tərəfli yüklənir. Talançı məmurların nə veclərinədir millət,oturublar millətə atdıqları milyardların üstündə, milləti də sıxmaqda davam edirlər. Millətə qarşı bu nifrət görəsən nədəndir? Bəlkə bu millətdə deyil onlar,ya nəbilim nə deməkdir bu?

Son yazılar