“MÜHARİBƏ RUSİYA PARAM-PARÇA OLANA QƏDƏR DAVAM EDƏCƏK” – “Ukraynanın məğlub olması variantı yoxdur”

Rusiya və Ukrayna arasında qanlı müharibə davam edir. Prezident Putin Ukraynanın dörd regionunu özünə birləşdirdikən bir gün sonra Ukrayna ordusu strateji əhəmiyyətə malik Liman şəhərinə nəzarəti ələ keçirməklə, Luqansk istiqamətində hərəkət üçün münbit şərait yaradıb. Rusiya rəhbərliyi isə geri çəkilməyəcəyini, artıq Rusiya “ərazisi” saydıqları Ukrayna torpaqlarını müdafiə edəcəklərini bildirirlər. Beləliklə, Ukrayna düyünü daha mürəkkəb hal alır və nəticələrinin də dünyanın geopolitik durumunda böyük dəyişikliklərə səbəb olacağına şübhə yeri qoymur. 

“AzPolitika.info” mövzunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

- Sərdar bəy, Rusiya Ukraynanın dörd vilayətini faktiki ilhaq etdi, Kreml onların taleyinin heç vaxt Ukrayna ilə danışıqlarda müzakirə mövzusu olmayacağını elan etdi. Hazırki durumu necə qiymətləndirirsiniz?

- Əslinə qalsa bu “referendum” Rusiyanın Ukraynada məğlubiyyətini kompensasiya etmək üçün Putin tərəfindən atılan avantürist addımdır. İndiki halda müharibə gedir, ərazinin bir hissəsi Rusiyanın, bir hissəsi də Ukraynanın nəzarətindədir. Müharibə gedən şəraitdə hər hansı bir referendum və seçki keçirmək gülüncdür. Beynəlxalq hüquq buna imkan vermir. Digər tərəfdən, Ukrayna dövlətinin razılığı olmadan onun ərazisində kimsə referendum keçirə bilməz. Bununla bağlı beynəlxalq presedent var. Məsələn, Kataloniya referendum keçirmək istədi, amma Madrid bununla razılaşmadı və Kataloniya rəhbərlərinin çoxu həbs olundu. Bu baxımdan həm beynəlxalq hüquq, həm də beynəlxalq presedentə görə Ukrayna ərazisində nə referendum keçirmək, nə də onun nəticəsini qiymətləndirmək olar.

- Amma Kremli sürətli şəkildə referendum və ilhaq siyasətini həyata keçirir. Bu, nə ilə nəticələnə bilər?

- Ukrayna öz torpaqlarını işğaldan azad edəcək. Əslində, Putin Ukraynada yaşayan rusların taleyinə qara xətt çəkdi, onları öz avantürasına cəlb etməklə, bu insanların Ukraynada yaşamasının qarşısını aldı. Ukrayna bir qarış torpağını da Rusiaya vermək niyyətində deyil, dünya da bu əraziləri Rusiyanın torpağı saymır. Rusiya bu əraziləri öz torpağına qatdığı andan bu ölkə dünyada sərhədləri tanın dövlət statusunu itirdi. Yəni Rusiya özünü beynəlxalq hüquqdan kənar subyektə çevirmiş oldu. Ona görə də burada çıxış yolu odur ki, Rusiyada ağıllı bir adam hakimiyyətə gəlsin və Putinin qərarlarını ləğv etsin, müharibə dayansın. Əks halda müharibə Rusiya param-parça olana qədər davam edəcək.

- Hazırda Putin Ukraynanın Azərbaycan boyda ərazisini tutub və öz torpağı elan edir. Bundan sonra Ukraynanın hansı yolu qalır?

- Bəyəm Ukrayna bu ərazilərdən imtina edir ki, Rusiya onu özünə birləşdirsin? Ukrayna razılaşmadan onun ərazisini kimsə özününkü saya bilməz. Bizim də konstitusiyamızda torpaqların dəyişdirilməsi mütləq xalqın razılığı -referendumla ola bilər. Ukrayna xalqı bəyəm öz ərazisini ruslara güzəştə gedir ki, bununla da məsələ həllini tapsın? Belə olsa, kiçik bir dövlət başqa dövlətin ərazisini özününkü elan edər, deyər ki, bura mənimdir və bununla da məsələ bitər.

- Sizin dediyiniz nəzəriyyədir, amma indiki halda Ukraynada faktiki işğal reallığı var...

- Heç bir reallıq yoxdur. Ona görə ki, Putinin bu qərarını heç kəs tanımır. Beynəlxalq hüquqa zidd qərardır, legitim deyil ki, onu kimsə tanısın. Odur ki, Rusiyanın addımları boşdur.

Müharibədə Ukrayna Rusiyaya qalib gəldikdən sonra mümkündür ki, Rusiyanın bəzi əraziləri Ukraynaya qatılsın. Hər şey cəbhədəki vəziyyətdən asılıdır. Kimsə kiminsə qanuni torpağını özününkü saya bilər. Əsas qərar hərb meydanındakı nəticədən doğacaq. İndiki halda da müharibə Ukraynanın üstünlüyü ilə davam edir. Rusiyanın bu müharibəni daha bir neçə il uzatmaq imkanı yoxdur. Əgər uzadacaqsa, deməli, hərbi-siyasi, sosial-iqtisadi və coğrafi cəhətdən çökəcək.

- Sizin dediklərinizi yəqin ki, Kremlin strateqləri də hesablayır. Bu halda Putin niyə belə addımlar atır?

- Ukrayna cəbhəsində ruslar ciddi məğlubiyyətə düçar olurdu. Ukrayna ordusunun əks-hücumu artıq bütün həmin ərazilərin Kiyevin əlinə keçəcəyi qənaətini yaradırdı. Ona görə də həmin əraziləri Ukrayna azad edənə qədər belə qərar verildi ki, müharibəni başladan Putin rus cəmiyyətinə hansısa qələbə olduğunu nümayiş etdirsin. Məncə, Rusiyada rəhbərlik dəyişilməli, Putinin qərarına yenidən baxılmalıdır. Əks halda müharibənin sonu görünmür.

- Putinin dəyişdirilməsi ehtimalı varmı?

- Ən yaxşı halda Putini xəstəliyinə görə dəyişə bilərlər. Pis halda isə Rusiya vətənpərvərləri və siyasətçiləri indiki siyasətin ölkələrini məhvə apardığını nəzərə alaraq, Putinin hakimiyyətdən getməsini təmin edə bilərlər.

- Bunun baş verəcəyini gözləyirsinizmi?

- Əlbəttə, dövlət və millət tam məhv olunca, elə Putinin özünün addımı ilə vəziyyət dəyişə bilər. Əsrin əvvəllərində türk sultanı Atatürkün Anadoluya keçib, Osmanlı dövlətini türk dövləti kimi xilas etməsini istəmişdi. Məsələn, Səlcuqlar öz yerlərini Osmanlıya verdi ki, biz süquta gedirik, siz durumu düzəldin. Məncə, Putin ölkəsinin hərtərəfli çökdüyünü gördükdə məcbur olacaq ki, dövlətini xilas etmək üçün hansısa qərarlar versin. Ən azından özünün təhlükəsizliyi üçün. Amma Putin hakimiyyətdə qala-qala öz əleyhinə qərarlar verə bilməz. Problem də bununla bağlıdır.

- Amma indi Putin siz dediklərinizlə deyil, dünyanı nüvə silahı ilə təhdid etməklə məşğuldur...

- Putinin bütün addımları avantüristdir. O cümlədən də nüvə mövzusu. Əvvəla, ABŞ elan edir ki, nüvə atılacağı təqdirdə bunun qarşılığı veriləcək. Yəni Rusiya Ukraynaya atacaqsa, ABŞ və Britaniya da Rusiyaya atacaq. Beləcə Rusiyanın özü nüvə müharibəsi məkanına çevriləcək.

İkincisi, bu gün ABŞ-ın “Ulduz müharibəsi” ssenarisi var və buna görə yerdəki bütün silahlara nəzarət olunur. ABŞ deyir ki, nəbadə nüvə düyməsinə doğru gedəsən. Rusiya buna cəhd edəcəksə, həmin nüvə başlıqları Rusiyada məhv ediləcək. Açığı, mən düşünmürəm ki, ABŞ və Avropa Rusiyanın nüvə müharibəsi başlatmasını gözləsin. Əks halda Ukraynada nüvə silahının partlaması elə Avropanın nüvə çirklənməsi deməkdir. Ona görə də, avropalılar preventiv tədbirlərlə Rusiyanın əlində olan nüvə silahlarını məhv edəcək.

- Yəni hesab edirsiniz ki, Ukraynaya görə bəşəriyyətin sonunu gətirəcək nüvə müharibəsinə gedilə bilər?

- Bilmək lazımdır ki, Ukraynaya görə heç kəs addım atmır. Rusiya Ukraynanı ona görə ələ keçirməyə çalışır ki, ABŞ və Avropanı zəiflətsin, mümkün qədər onları öz iradəsinə tabe etdirsin. ABŞ Ukraynanı ona görə müdafiə edir ki, Rusiya Ukraynaya qalib gələcəyi təqdirdə dünyada Moskvanın yeri və rolu dəyişəcək. Ona görə də burada heç kəs Ukraynaya görə vuruşmur, öz maraqlarına görə savaşır.

- Ukrayna xristian aləminin Suriyası ola bilərmi?

- Suriyada vəziyyət və durum ona görə indiki nəticəyə səbəb oldu ki, xalq faktiki iki hissəyə bölünmüşdü. Hakimiyyətin və müxalifətin tərəfdarlarına çevrilmişdi. Ukraynada isə müxalifətli-iqtidarlı bir yumruq kimi birləşib, legitim hakimiyyət var. Odur ki, Ukraynanın Suriya olmaq şansı görünmür. Xarici düşmənə qarşı xalq birləşdiyi üçün orada bu və ya digər oyunçuların Ukraynanın əleyhinə getmək imkanı yoxdur. Bu baxımdan kənardan verilən dəstək də Ukrayna dövlətinin bərkiməsinə və xalqın konsolidasiyasına kömək edir.

- Müharibə uzanacaqsa Avropanın qışda donması və tədricən Ukraynaya dəstəyin azalması müşahidə edilə bilərmi?

- Ukraynaya dəstək sona qədər davam edəcək. Artıq Norveç öz qazını Avropaya verir, Azərbaycan Avropaya verdiyi qazın həcmini çoxaldır. Eləcə də ərəb ölkələri prosesə girir, ABŞ-dan maye qazının Avropaya gəlməsi müşahidə edilir. Diqqət edin, Avropa 5 il II Dünya Müharibəsini yaşayıb. Bəyəm o zaman soyuqdan donurdu? Məncə, Rusiyanın qaz və neft məsələsi bir qədər şişirdilib. Düşünmürəm ki, Qərb Rusiyanın qazından asılıdır. Təkcə Fransanın 50-yə qədər Nüvə Elektrik Stansiyası var. O cümlədən Almaniya və digər ölkələrin. Sözsüz ki, alternativ imkanlardan istifadə olunacaq, maye qaz və digər yanacaq növlərindən istifadə etməklə qışı başa vuracaqlar.

- Belə iddialar səslənir ki, kollektiv Qərb əslində Ukrayna ərazilərinin ilhaq edilməsi prosesinə qarşı düşünüldüyündən az reaksiya verib, vahid mövqe nümayiş etdirə bilməyib. Bu, nə dərəcədə doğrudur?

- Əslində Qərb vaxtından əvvəl reaksiya versəydi, Putinin dedikləri və siyasəti daha əsaslı görünər və qəbul olunardı. Putin Kremlidəki çıxışı zamanı elan etdi ki, Qərb bizi məhv etmək istəyir və s. Odur ki, Qərb gözlədi ki, Moskva ortaya ciddi bir siyasət qoysun və həmin siyasətin əsasında Rusiyanın cəzalandırılması baş tutsun. 

- Deməli, müharibə davam edəcək?

- Bu daha çox Rusiyadan asılıdır. Moskva öz qoşunlarını geri çəkməyəcəyi təqdirdə müharibə davam edəcək. Yəni biz tutduq, ilhaq etdik, gəlin sülh danışıqlarına başlayaq yanaşması keçməyəcək. Müharibə Rusiyanın tam məğlubiyyətinə qədər davam edəcək. Rusiya elə addımlar atıb ki, artıq heç kəs Rusiya ilə razılaşmayacaq. Prezident Zelenski Putinin sülh danışıqları təklifinə reaksiya verərkən bildirdi ki, Rusiya ilə danışıqlar başqa bir prezidentlə aparılacaq. Bu o deməkdir ki, ilhaq qərarlarından imtina edilməyənə qədər Ukrayna Putinlə danışıqlar aparmayacaq. Danışıqlar yoxdursa, müharibə olacaq.

- Qərbin Putini hakimiyyətdən düşürmək üçün hansısa planları varmı?

- Qərb elə siyasət aparır ki, nəticədə Rusiya əhalisi ayağa qalxaraq inqilab etsin. Qərbin Rusiya kimi böyük dövlətdə hakimiyyət dəyişikliyi etmək üçün nə niyyəti ola bilər, nə də imkanı. Amma indiki sanksiyalar və rus hakimiyyətinin qərarları əhalinin ayağa qalxmasına kifayət edəcək.

Məsələn, mobilizasiya göstərdi ki, rus cəmiyyəti Putinin siyasətini birmənalı müdafiə etmir. Bir azdan ağır sosial iqtisadi durum yaranacaq, Rusiyada həyat səviyyəsi bir neçə dəfə aşağı düşəcək. Düşünürəm ki, indiki vəziyyət bir qədər də davam edərsə, biz Rusiya küçələrində etirazların səsini eşidəcəyik. Eləcə də rus elitasının özündə elə qruplar meydana çıxacaq ki, onlar Putini hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar. Hazırda Rusiya qapalı cəmiyyətdir, məsələn, müharibənin başlamasından əvvəl Təhlükəsizlik Şurasının iclasında çıxış edən Sergey Narışkinin boğazının quruması göstərdi ki, Rusiyada durum necədir. Adamlar hətta düşündüklərini deməyə qorxurlar. Bu baxımdan kənardan baxdıqda Putin hakimiyyətində monolitlik görünür, amma Kremldə ilhaq qərarı üçün keçirilən toplantıda rus rəhbərlərinin simasında kədər, qəm və soyuqluq görünürdü. Əslində heç bir monolitlik yoxdur. Ola bilsin ki, rus rəhbərlər Putinin səhhətinin necə inkişaf edəcəyini gözləyirlər. Məncə, xəstəlik də Putinin sıradan çıxması baxımındn bir səbəbdir.

Qısacası, Ukraynanın bu müharibədə məğlub olmaq variantı yoxdur, Qərb də sona qədər ona dəstək verəcək. Çünki bu müharibə əslində Avropa və ABŞ-a qarşıdır.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

635x100

Şərhlər

Camal 2022-10-03 14:32:42

Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar-artıq çatlar başlayıb-bu qədər sadə. Rusiya daha normal dövlət olmayacaq-çezdi kələntər.....

Son yazılar