“HƏRBİ İDARƏÇİLİK LUKAŞENKODAN ALINA BİLƏR...” - Kremlin Belarusla bağlı məkrli planı

Məlum olduğu kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko hər nə qədər Putinin ən yaxın müttəfiqi sayılsa da, bu statusundan heç də razı deyil və xüsusilə Ukraynaya qarşı işğalçılıq müharibəsində Belarusun birbaşa iştirakının qarşısını almağa çalışır.

Müharibənin ilk günlərində Belarus ərazisindən Ukraynaya hücum olsa da, rus qoşunları Kiyev ətrafından qovulduqdan sonra Belarusun bu savaşdakı iştirakı demək olar, minimuma enib. Lakin bu vəziyyət təbii ki, Kremli qane etmir və Belarusun savaşa daha aktiv şəkildə qoşulması, Belarus hərbçilərinin Rusiya tərəfindən döyüşməsini təmin etmək üçün Lukaşenkoya hər cür təzyiqlər göstərilir. Buna baxmayaraq, hələlik Belarus Prezidenti pis-yaxşı müqavimət göstərə bilir və öz ölkəsinin ordusunun Ukraynadakı təcavüzdə iştirakına imkan vermir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak Kremlin Belarusla bağlı məkrli planlarının olduğunu bildirib. O, qeyd edib ki, Lukaşenkodan narazı olan Putin hakimiyyəti Belarus ordusuna nəzarəti ələ keçirmək istəyir: “Bu subyektin(Lukaşenko nəzərdə tutulur-red.) daxili siyasi bazarda böyük problemləri var. O, 2020-ci ilin payızına kimi özünün hesab etdiyi qədər legitim deyil. Digər yandan o, Putinin fövqəladə təzyiqi altındadır. Rusiya öz müttəfiq dövlətindən müharibədə daha intensiv iştirak tələb edir. Bu isə Belarus dövlətçiliyinin perspektivinin sıfırlanması ilə nəticələnə bilər və belaruslar bunu anlayırlar, o cümlədən də Lukaşenko. Ona görə də Lukaşenko bir yandan çaşqınlıq içərisindədir, digər yandan isə əzilmiş durumdadır”.

Podolyak qeyd edib ki, Ukrayna tərəfi istənilən varianta hazırlıq görür və Belarus tərəfindən mümkün hücumun qarşısını almaq üçün tədbirlər görür. Onun sözlərinə görə, Rusiyanın planlarına Belarus ordusuna nəzarəti Lukaşenkodan alaraq, qoşunları Ukraynaya yönəltmək məqsədi daxildir: ”Ukrayna Belarusla sərhəddə müdafiə qüvvələrini toplayıb və hərbi təlimlər keçirir. Minalanmış sahələr var və ümumilikdə sərhəd öz perimetri boyunca yaxşı qorunur. Rusiya oraya 20-30 min nəfərlik səfərbərliyə cəlb edilmiş qüvvələrini göndərmək istəyir. Orada müəyyən cəhdlər ola bilər. Daxildə üsyan təşkil edilməsi ssenarilərdən biri ola bilər və biz buna ciddi yanaşırıq - Belarus hərbi hissələrini öz hərbçilərilə doldurub, daxili üsyan təşkil etməyə və hərbi idarəçiliyi Lukaşenkodan almağa cəhd göstərəcəklər. Ona görə də biz Belarus istiqamətinə aktiv hazırlaşırıq və başa düşürük ki, Rusiya bu istiqaməti aktivləşdirə bilər. Lakin gün ötdükcə Rusiyanın şansları azalır”.

Qeyd edək ki, bundan öncə Ukrayna kəşfiyyatının başçısı Kirill Budanov Lukaşenkonun Ukraynaya qarşı müharibəyə Belarusun cəlb edilməsindən çox qorxduğunu və bunun qarşısını almaq üçün hər şey etdiyini bildirmişdi. Həmçinin, son məlumatlara görə, Rusiya səfərbərliyə cəlb edilmiş 20 minə yaxın əsgəri Belarusa göndərmək niyyətindədir və bununla bağlı artıq hazırlıqlar gedir.

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar