Oktyabrın 10-da AŞPA-nın payız sessiyasında "cari debatlar" qaydasında Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara həsr olunan müzakirə olunub.
"Turan"ın məlumatına görə, AŞPA-nın Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri üzrə məruzəçisi Pol Qevan təəssüflə deyib ki, sentyabrda (12-13-də) iki ölkənin sərhədində yenidən hərbi gərginlik nəticəsində hər iki tərəfdən ümumilikdə300-ə yaxın insan həlak olub.
Qevan İrəvanın Ermənistanın 36 şəhər və kəndinin atəşə məruz qalması haqqında məlumatını təkrar edib.
Bununla belə, Qevan Azərbaycandan 1990-cı illərdə bu ölkənin suveren ərazisinin bir hissəsini Ermənistanın işğal etməsi zamanı törədilmiş potensial hərbi cinayətlərin dəlillərinin aşkar olunduğu haqqında məlumatlar daxil olduğunu bildirib. Qevanın sözlərinə görə, kütləvi məzarlıqların və işgəncə dəlillərinin aşkar olunduğu qeyd edilir: "Heç vaxt unutmamalıyıq ki, 4 min azərbaycanlı və 1 min erməni hələ də əvvəlki münaqişə zamanı itkin düşüb".
O, iki ölkə sərhədində Avropa İttifaqının missiyasının yaradılması haqqında qərarı alqışlayıb. Belə bir qərar oktyabrın 6-da Praqada Azərbaycan, Fransa, Aİ Şurasının prezidentlərinin və Ermənistan baş nazirinin görüşündə qəbul edilib. Qevan bu missiyanın iki ölkə arasında dialoq qurulmasında və etimad yaradılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Müzakirələrdə Fransa, İsveç, İrlandiya, İspaniya, Ukrayna, Avstriya, Türkiyə və bir sıra digər ölkələrin parlamentariləri çıxış ediblər. Bu zaman bəzi deputatlar, məsələn, Boriana Oberq (İsveç), Laura Kastel (İspaniya), İzabel Santyaqo (Fransa) yalnız Azərbaycanın ünvanına qərəzli və saxta ittihamlar səsləndiriblər.
Digər deputatlar tarazlaşdırılmış qiymətləndirmələrini ifadə edib, hər iki tərəfi beynəlxalq hüquq normalarına hörmət etməyə, Avropa Şurasına daxil olarkən götürdükləri öhdəliklərə riayət etməyə çağırıblar.
Ermənistan və Azərbaycandan olan deputatlar qarşılıqlı ittihamlarla çıxış ediblər. Müzakirələrin yekunlarına dair hər hansı sənəd qəbul edilməyib.


Şərhlər
qətnamə başımızın üstündə asılmış qılınc kimidir, onu silah kimi istifadə edəcək Aİ.