“Onlar Enerqodar şəhərinin daxil olduğu Zaporojyenin kiçik bir hissəsini götürmək istəyirlər ki, bununla da bizdən Zaporojye AES-i oğurlasınlar. Bu, onların bu günə qalan yeganə arzusudur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak Ukrayna televiziyalarından birinə müsahibəsində deyib.
Podolyak bildirib ki, işğalçı qüvvələrin ən çox qorxduğu Zaporojye vilayətinin bir hissəsinin, xüsusilə AES olan ərazinin və Enerqodar şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilməsidir.
Qeyd edək ki, tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov da hazırkı məqamda Rusiyanın daha çox Zaporojyenin işğal edilmiş ərazilərini və AES-i saxlamağa çalışdığını bildirib. Podolyakın fikrincə, Donetsk və Luqansk vilayətləri isə Kremli daha az maraqlandırır: “Bu vilayətlər onlara lazım deyil. Onları qaytarmağa hazırdırlar”.
Prezident Ofisinin sözçüsü əlavə edib ki, Rusiya onsuz da Donetsk və Luqansk vilayətlərini uzun müddət işğalda saxlaya bilməyəcək: “Orada yeganə istiqamət Baxmutdur ki, orda da “zek”lər döyüşürlər. Onların arxasında isə cəza dəstələri gəlir. Klassikadır, Rusiya klassikasıdır. Biz indi artıq 1942-1943-cü illəri görürük. Onlara oraya hətta 40-cı illərin silahlarını çəkib gətirirlər”.
Xatırladaq ki, oktyabrın 5-dən Luqansk istiqamətində Ukrayna Ordusunun hücum əməliyatları başlayıb. Bu əməliyyatlar Xarkovdakı kimi sürətli olmasa da, bir neçə gün ərzində 7 yaşayış məntəqəsinin azad edildiyi məlum olub. O da məlum olub ki, Rusiya hərbi komandanlığı özünün Donetsk və Luqanskdakı hərbi birləşmələrinin böyük hissəsinə hücum əməliyyatlarını dayandırmağı və müdafiəyə oturmağı əmr edib.
“AzPolitika.info”


Şərhlər