“BİZİ MƏCBUR EDİRDİLƏR Kİ, DÜŞMƏNİN SAYINI AZ GÖSTƏRƏK...” – Şəhid polkovnikin sensasiyalı səs yazısı

“Tank və top olaraq, yəni artilleriya, tank və minaatanları götürsək, şəxsi heyət olaraq birə-bir idi. Hansı ki, hücum edən birə-üç olmalıdır. Bunlar kitabla, qanla yazılmış şeylərdir...

Bunlar hələ döyüş başlamamışdan bizi məcbur edirdilər ki, biz düşmənin tankının, topunun sayını az göstərək”.

“AzPolitika.info” xəbər verir ki, bunlar korpus komandirinin müavini, şəhid polkovnik Babək Səmidlinin sosial şəbəkələrdə, bəzi mətbu orqanlarda yayılan və böyük əks-sədaya səbəb olan, ölümündən əvvəl qeydə alınmış səs yazısında yer alan fikirlərdir.

Polkovnik həmin açıqlamasında düşmənin sayını az göstərməyi tələb edən yüksək vəzifəli şəxslərin adlarını da çəkir: “Bizi Ayaz Həsənov nə qədər sıxışdırdı. O, ciddi cəhdlə bizi sıxışdırırdı ki, düşməndən götürdüyümüz məlumatların faizini aşağı göstərək. Təki bunlar Ali Baş Komandana məruzə etsinlər ki, üstünlüyü saxlamışıq, müharibəyə hazırıq. Halbuki, korpus komandirləri deyirdilər ki, ay kişi, mən 140 tankın üstünə 140 tankla gedə bilmərəm. 140 tankın üstünə azı 250 tankla getməliyəm. Onlarsa ciddi-cəhdlə deyirdilər ki, sayı az göstərin. Çünki ordan baxır axı, baxır deyir ki, sən necə hücum edirsən ki, sənin sayın ona bərabərdir? Bizim komandir etiraz etmək istəyəndə, başladı onu təhqir etməyə: “Pampers geyin, sən qorxaqsan”. O da deyir: “Mən qorxaq deyiləm e, peşəkar hərbçiyəm. Mən hücuma gedirəmsə, əsgərim çox ölməsin deyə, üstünlüyü birə üç saxlamalıyam”. Mən 6 taborla 9 taborun üstünə hücuma keçmişəm. Halbuki, elə olmalı deyil. 9 taborun üstünə 18 taborla getməlisən. Çünki itki verdikdə, sən zəifləyirsən. Düşmən müdafiədə oturub və onun 30 illik bir müdafiə sistemi var. Bunlar bizə avqustda, Tovuz hadisələrində müharibə anonslarında ciddi cəhdlə düşmənin sayını az göstərmək üçün sıxışdırırdılar”.

Məlumat üçün bildirək ki, şəhid polkovnikin barəsində danışdığı A.Həsənov Nəcməddin Sadıkovun müavini olub və onun tapşırıqlarını yerinə yetirib. Əgər Babək Səmidlinin dediyi kimidirsə, bu, savaş başlamazdan öncə ordu rəhbərliyində təxribata və xəyanətlərə yol verildiyinə dair ciddi şübhələr yaradır. Çünki düşmənin canlı qüvvəsini və hərbi texnikasını bilərəkdən az göstərmək onun üzərinə göndərilən Azərbaycan əsgərini göz görə-görə qırğına vermək deməkdir. Belə çıxır ki, məqsəd də elə bu olub - əsgəri qırdırmaq, ordunu məğlubiyyətə uğratmaq və nəticədə ölkə rəhbərliyini torpaqların hərbi yolla azad edilməsi fikrindən vaz keçirmək. Elə şəhid polkovnikin səs yazısında da bundan bəhs edilir və qeyd olunur ki, Türkiyə hərbçiləri müdaxilə etməsəydi, ordu rəhbərliyindəki xəyanətkar qrup öz istəyinə nail olacaqdı: “Türklər gəlməsəydi... Türklər gəldi. Onlara bir şey deyə bilmədi. Nə deyəcəkdi? Bəxtiyar Paşa gedib deyər Ərdoğana, o da deyər ki, qardaş, səni aldadırlar, belə deyil. Ondan sonra “Bayraktar” gəldi. “Bayraktar” gəlməsəydi, üstünlüyü saxlaya bilməmişdik...”

Qeyd edək ki, polkovnik Səmidlinin korpusu Suqovuşan istiqaməyində döyüşüb və həmin istiqamətdə Azərbaycan Ordusunun böyük itkilər verdiyi, cənub istiqamətilə müqayisədə daha az irəlilədiyi məlumdur. Bunun səbəbləri də onu dediklərindən aydın olur...

Şəhid polkovnik bildirir ki, orduda adi rabitə cihazları belə çatışmırdı və 100 ədəd lazım olan hərbi birləşməyə cəmi 7 ədəd rabitə cihazı verilib: “Yəni, biz bu şəkildə qalib gəlmişik. Böyük çətinliklərlə. Bunların məqsədi ancaq cənab Prezidentin iradəsini qırıb, Qarabağdan vaz keçirmək olub – sanki gücümüz çatmadı. Halbuki, Azərbaycan əsgəri döyüşür. Yetər ki, sən onu təmin elə... Onların (ermənilərin) 30 illik (müdafiə) qurğuları ilə burdan çıxması ancaq bizim zabit, gizir, əsgərlərin cənab Prezidentin dediyi kimi, dirənməsi ilə mümkün olub... Çünki biz bir daha məğlub olsaydıq, bu, cənab Prezidentin Qarabağla bağlı iradəsinə təsir göstərə bilərdi. Biz ancaq qana qan sonunadək döyüşdük...”

Yeri gəlmişkən, polkovnik Səmidli həmin açıqlamasında Nəcməddin Sadıkovun da adını çəkir və Orduda MAXE-lərin qəbulu üçün rüşvət yığıldığını bildirir: “Bronijiletlərimiz, kaskalarımız çatışmayıb. Top mərmisi iki həftəyə bitdi... Ona qadın daşıyıb. Gətirib onu da general-mayor elədi, qoydu idarənin rəisi. Genştab (Baş Qərargah rəisi) Nəcməddin. Rasim Babayev - Komplektləşdirmə İdarəsinin rəisi. Ancaq bütün MAXE, əsgərləri pulla götürürdü...”

Polkovnik səfərbərliyin də gecikdirilməsindən gileyənir və deyir: “Səfərbərlik heç olmasa 15 gün, 10 gün əvvəl verilsəydi, mən onları döyüşə hazırlayardım. Müharibə 44 gün çəkməzdi, 20 günə qurtarardı. Müharibənin hər bir günü dövlətə milyardlarla pul deməıkdir...”

Xatırladaq ki, Babək Səmidli müharibənin bitməsindən bir neçə gün sonra - noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordeni ilə təltif edilib.

Göründüyü kimi, şəhid polkovnikin ölümündən az əvvəl söylədiyi faktlarda istintaq orqanlarının araşdırmalı olduğu çoxlu sayda məqamlar var. Sözsüz ki, bütün bu faktlar araşdırılmalı, günahkarlar cəzalandırılmalı və Müzəffər Ordu, nəhayət, təxribat və xəyanətlərlə onu zəiflətməyə çalışanlardan birdəfəlik təmizlənməlidir.

“AzPolitika.info”

635x100

Şərhlər

TurkAy 2022-10-25 15:16:21

cəzasızlıq yeni cinayətə yol açır,ancaq bizdə belədir,tala dagıt sonra get kef elə....

Moshu 2022-10-25 08:33:48

Yazı maraqlı, oxunaqlıdır. Lakin gəlin görək belə yazıya qəzet səhifəsində və ya saytlarda açıqlanmasına ehtiyac varmı? Bu dolayısı Zəfər çalmış Ordumuzun daxili mətbəxini üzə çıxarır. Məsələn, yazıda qeyd edilir ki, “140 tankın üstünə 140 tankla gedə bilmərəm, 6 taborla 9 taborun üstünə hücuma keçmişəm, Bronijiletlərimiz, kaskalarımız çatışmayıb. Top mərmisi iki həftəyə bitdi”. Belə məsələlər hərbi taktikanın sirrləridir. Düşmən niyə bilməlidir ki, sənin neçə tankın var, neçə taborun var, silah sursatın nə yerdədir? Düşmən bizdən fərqli olaraq hesabını yaxşı bilir. Elə məsələlər var ki, o mətbuata sızmamalıdır. Toyda, yasda bir də görürsən ki, məclisə aid olmayan söhbətlər gedir, informasiyalar sızır. Fikirləşirsən ki, bu məxfi məlumatlar Azərbaycan fərdində haradandır? Bir çox hərbiçilər öz vacibliyini göstərmək üçün ailədə, dost kampaniyasında ordu ilə bağlı ağzına gələni danışır. Bəlkə də bu məlumatların çoxu kəşfiyyat məlumatıdır, sirr olaraq qalmalıdır? Yaxud yazıda qeyd edilir ki, “100 ədəd lazım olan hərbi birləşməyə cəmi 7 ədəd rabitə cihazı verilib”. Bu nə düməkdir? Ildə bir neçə milyard manat orduya pul ayrılır. Bu milyardlardan 100 rabitə cihazı almaq mümkün deyilmi? Niyə düşmən az büdcəli təminatı ilə hərbiçisinin bütün ehtiyaclarını ödəyir (44 günlük müharibə getdiyi dövrdə televiziya kanallarında bu barədə xüsusi görüntülər yayımlanırdı). Daha sonra yazıda səfərbərliyin gecikdirilməsindən gileylənilir. Bu məsələ Ali Baş Komandanın səlahiyyətinə aid olan məsələdir. Belə çıxır ki, cənab Prezident nəyi isə səhv edib? Ən azından ayıbdır. Türklərin gəlməsini qabartmağa nə ehyiyac var. Oğrunun əlində oğurlanmış malı tutursan, özünü öldürür ki, vallah bunu mən etməmişəm, bu mənim əlim deyil. Nə olsun ki, bütün dünya bilir Türkün gəlməsini, daha sən bunu niyə belə şişirdirsən? Türklər gəlmişdisə sən nəyə lazım idin? Heç kimə sirr deyil ki, rüşvət məsələsi hansı biabırçı səviyyədədir? Yazıda bütün MAXE, əsgərlərin pulla götürülməsindən söhbət gedir və burada yalnız Ordu suçlanır. Əsla belə deyil. Bu məsələlərdə Səfərbərlik xidmətinin də rolu az deyil. Necə deyərlər, dəvəquşu başını quma soxub, arxasından xəbəri yoxdur. Hara baxır ölmüş Hərbi Prokurorluq? Bir məsələni də özümdən qeyd edirəm. Bu məsələ Milli Məclisin plenar iclaslarında da səsləndirilib. Müddətli xidmət hərbi qulluqçusu xidmət etdiyi dövrdə mobil telefondan istifadə etməməlidir, daha doğrusu bu ona qadağan edilməlidir. Bildiyim qədər valideynlər hərbi hissələrin rəhbər işçilərinin icazəsi ilə övladlarına mobil telefon (düşmənə məxfi məlumatlara çıxış imkanı) alırlar. Əsgər də xidmət əvəzinə valideynləri ilə, dost-tanışları ilə telefon əlaqəsi yaradırlar. Bəlkə də elə bu xüsusiyyətlərinə görə çar Rusiyasında müsəlmanların hərbi xidmətinə o qədər də fikir vermirdilər, SSRİ dönəmində isə, azərbaycanlıları və Mərkəzi Asiya ölkələrindən olan çağırışçıları bir qayda olaraq “stroybat”a aparırdılar. Hörmətli Azpolitika, mən Sizlərə hansısa iradımı bildirmək istəmədim, sadəcə olaraq dövlətçilik baxımından yazıya öz münasibətimi bildirdim.

maqsud 2022-10-24 22:53:59

Azərbaycan Xarici İşlər NAzirliyi də eyni durumdadır. Burada açıqca Rusiyaya və İrana işləyənlər vardır. heç bunu gizlətmirlər də... ...

Elmira 2022-10-24 11:20:52

DƏHŞƏT!!!!

Elmira 2022-10-24 09:49:40

DƏHŞƏT!!!!

t.ədalət 2022-10-23 22:37:24

Nacmuddin ordumuzdakı rus casusu idi,məlum.Ancaq ,o fikrinizlə razılaşmıram ki,140 tankın üstünə 250 tankla getməlisən.Əksinə 140 tankın üstünə 50-60 tankla gedəndə uğurlu olur.İndi idarə olunan raketlər və minaatanlarla tankları sərçə kimi vurmaq olur.

musa 2022-10-23 19:34:29

NƏCMƏDDİN HAQDA BU QƏDƏR MƏLUMAT OLDUĞU HALDA NİYƏ HƏLƏ DƏ O İCƏRİDƏ DEYİL ?

suala cavab vermək gərəkdir 2022-10-23 19:23:21

Niyə satqınlar barədə heç bir tədbir görülmür?

Eli 2022-10-23 16:34:49

Necmeddin Sadıqov haqqında bu qeder konkret fikirler,tenqidler deyilmesine baxmayaraq,”Bey” hele de öz kefindedir,ona gözün üste qaşın var deyilmir.Yeqin Rusitadan ehtiyat edirler,çox güman ki o “ГРУ»-nun sadiq emekdaşlarındandır ve gözleyirler ki Rusiya mğharibede zeiflesin ondan sonra onun” işine” baxsınlar ....

Yavər Yasaulov 2022-10-23 16:06:33

İlk azadlıq təkliflərinə elə AzPolitdə 2016cı ildə və namizadlərin Qarabağ müzakirəsi zamanı izlənmişdi. Aprel Siyasi-Hərbi təxribatı son dərs idi ki, notünü BMT TŞ həllinə qısa (ay) müddət ver və ərazinə sahibliyə çalış! Not müddəti bitən gündən Laçın bağlanmalı ərazidəki özgə hərbi obyekt və silahlıları məsafədən tam məhv edillməli idilər?

Cəmil 2022-10-23 14:23:16

iki ildir bu faktlara diqqət edən varmı? Niyə yoxdur*

Perviz 2022-10-23 14:09:52

Deyəsən yuxaridan tapsiriq gələndən sonra məlumati paylasdiz

Rasim Quliyev 2022-10-23 14:00:28

Nəcməddin Sadıkov herbici deyil o poqonlari pulla satandir.Ellerinede el arasinda deyirler alverci

Son yazılar