ZƏFƏR PARTİYALARI - “Məğlubiyyət dövründən qalib siyasi sistemə doğru”

Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun layihənin təqdimatı zamanı etdiyi çıxışı və layihə ilə bağlı siyasi partiyaların təkliflərinin əks olunduğu infoqrafikanı təqdim edirik:

• Vətən müharibəsində parlaq Qələbəmizin 2-ci ildönümündə ümumxalq əhəmiyyətli qanunvericilik layihəsinin ictimai müzakirələrə çıxarılması mühüm hadisədir. Qalib dövlət statusu və yeni milli-siyasi kimliyi partiyalar sisteminə köçürmək, hərbi əməliyyatlarda olduğu kimi, bütün resursları sağlam, azad və dövlətçi siyasi sistemə, güclü partiyalar quruculuğuna daşımaq gərəkdir. Yeni qanun layihəsi - müstəqillik tariximizdə ilk dəfə məğlubiyyətlə deyil, Qələbə ilə başlamaq, torpaqların işğalına yol verməyən qalib siyasi sistem formalaşdırmaq və müharibədə olduğu kimi, sülh dövründə də milli birliyi qorumaq ideyasından doğulub. Hazırda dünyanı təhdid edən müharibələr dövründə düzgün qərarlar qəbul etmək, Qələbədən sonra coğrafi və siyasi miqyasına görə böyüyən milli ideallarımızı dövlətimizin və partiyaların birgə yeni hədəflərinə çevirmək, ideoloji fərqlərə baxmayaraq, “Zəfər partiyalar”ı kimi millət qurucluğunda iştirak etmək məqsədilə irəli sürülüb.

TARİXİ FON: CÜMHURİYYƏTDƏN SOVETLƏRƏ VƏ İNQİLABDAN DOĞULAN PARTİYALAR

• “Azərbaycanda partiyalar” sistemi 90-cı illərin - sovetlərin dağılmasının nəticəsidir. Təməl əsasları xalq hərəkatına bağlı olan, institusional mənşəyi isə iki fərqli formasiyadan başlayan partiyaların çoxu inqilablardan doğulub. Azərbaycan Xalq Cümhuriyyəti mühüm dövlətçilik atributları və partiyalı siyasi irs yaratmağa başlasa da, bolşevik inqilabı ilə üzləşdi. Lakin məhdudiyyətlərə, vahid ideologiyaya və inzibati-amirlik metoduna baxmayaraq, sovetlər dövrü Azərbaycan xalqında partiya intizamı, sadə əmək adamlarından yeni elita, tələbkar, qurucu rəhbər təbəqə formalaşdırdı. Dekomunistləşməni millət kursuna çevirən ölkələrin çoxu sonralar sərt keçidlərin dövlət üçün çətinliyini dərk etdilər. Sovetlərin çökməsi ilə təkpartiyalı sistemin ləğvi və çoxpartiyalılığa keçid təəssüf ki, Azərbaycanda torpaqların işğalı dalğasında baş verdi. Lakin müstəqilliyin qorunması və gücləndirilməsində, xalqın siyasi iradəsinin formalaşmasında və ifadəsində, ərazi bütövlüyü uğrunda mübarizədə partiyaların xidmətləri danılmazdır. Beləliklə, qanlı inqilablardan dinc mübarizə yoluna və silahsız, qanuni partiya quruculuğu modelinə keçid Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

YENİ DÖVLƏT, HAKİMİYYƏT VƏ PARTİYA QURUCULUĞU: 26 SENTYABRADƏK VƏ QƏLƏBƏDƏN SONRA...

• Prezident İlham Əliyevin dövlətimizi və iqtisadi-siyasi müstəqilliyimizi gücləndirən 20 ilə yaxın siyasi rəhbərliyi dövrü, 2019-cu ildən başlayan Yeni Hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq qələbədən sonra yeni ictimai-siyasi reallıq formalaşdı. Dövlət başçısının siyasi açılım kursunun cəmiyyətdə dərin inam və böyük gözləntilər doğurması, vətəndaş fəallığının, siyasi şüur və aktivliyin artması bizi 26 sentyabra qaytaran münasibətləri tarixdə qoymağı tələb edir. 44 günlük proqramlarla siyasətdə, milli həyatın bütün sferalarında köklü dəyişikliklərə nail olmaq dövlət kimi, partiyaların da proqram və konsepsiyalarının yenilənməsi zərurətini yaradır. Obrazlı deyilsə, Zəngəzur dəhlizindən dünyaya açılan Azərbaycanın yeni qalib milli və siyasi statusunu qorumağı bacarmaq ən böyük partiya quruculuğu proqramıdır. Beləliklə, bütün partiyaların 90-cı illərdəki ali məqsədi -torpaqlarımızın azadlığı və Böyük Qayıdış idealı Prezident İlham Əliyevin liderliyi altında yerinə yetirildi. İndi Hərbi Qələbəmiz hakimiyyətin, xalqımızın və Zəfəri özününkü sayan bütün qüvvələrin ən böyük sosial-siyasi kapitalı, uğur imkanı və potensial sərvətidir.

“STRATEJİ PAUZA”

• 2020-ci il Zəfərdən sonra ölkəmizdə 5 il seçkilərin olmayacağı faktı islahatların daha da dərinləşdirilməsi üçün “strateji pauza” mərhələsi deməkdir. Bu baxımdan, siyasi qarşıdurmaların dialoq və anlaşma müstəvisinə keçirilməsində son 3 ildəki dövlət siyasətinin əhəmiyyəti danılmazdır. Asan qeydiyyat sistemi, çox və iki tərəfli dilaloqlar, partiyaların Vətən müharibəsində vahid səngərdə olması və onlarla mütərəqqi dəyişiklikləri fərəhlə söyləmək olar. Dövlət başçısının vurğuladığı kimi, partiya sistemində islahatlar, hansısa beynəlxalq tələblərə və hesabatlara görə yox, xalqın rifahı, dövlətin gələcəyi üçün gərəkdir. Bir sözlə, Prezident güclü partiyalar institutunun formalaşmasında maraqlıdır.

MİLLİ SİYASİ QÜVVƏLƏR ORDUSU

• Təqdim edilən yeni qanun - Venesiya Komissiyasının sənədlərində qeyd olunduğu kimi, “partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi üçün gərəkdir”. Gerçəkdən də siyasi partiyalar canlı orqanizmdir. Onların da həyat tsikli: yaranma, təkamül və dəyişikilk, yeni mərhələyə labüd keçid fazaları mövcuddur. Yeni qanun layihəsi ilə Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekun vurur.

ZƏFƏRƏ DAVAM: YENİ MƏRHƏLƏNİN MÜHÜM HƏDƏFLƏRİ

• Ermənistan üzərində qazanılan hərbi Qələbəmiz qarşıya yeni siyasi quruculuq, fərqli proqram və hədəflər qoymağı tələb edir. • Partiyanı təşkil edən üzvlərin və rəhbər strukturların formal təmsilçiliklərini gerçək siyasi fəallıqla əvəzləmək, icma, klub və “şəbəkə” partiyalarını real qüvvəyə çevirmək ideyası yeni qanuna ehtiyacı artırır. Layihə son variantda qəbul edilərkən alternativ qüvvələrin və ya müxalifətin ləgvi iddialarının hüquqi əsassızlığına hər kəs əmin olacaq.

• Yeni layihə çoxpartiyalılığı demokratiyanın başlıca göstəricisi sayır, lakin güclü və inteqrasiya etmiş siyasi sistemin formalaşması xalqı xırda atomlar şəklində parçalanmaqdan xilas edir.

• Ölkəmizdə maliyyə mənbəyi şəffaf və xalq qarşısında hesabatlı, sağlam rəqabət prinsiplərinə əməl edən, yüksək siyasi mədəniyyətə və legiitimliyə malik partiyalar sistemi gərəkdir. Qanuni tələblər hakimiyyətə aid olduğu kimi, müxalifət də legitim olmalıdır.

• Biz görürük ki, qələbəmizə qarşı olanlar irəli sürülən yeni qanun layihəsini tənqid əvəzinə, tanımamaqla, layihə ətrafında Ermənistan-Azərbaycan hərbi cəbhəsi yaratmaqla hüquqi əməkdaşlıq mühitinə zərbə vururlar.

• Halbuki təkmil qanun xaricdən siyasi, daxildən ictimai təzyiqlə, yaxud birtərəfli ittihamlarla deyil, yalnız dialoq və anlaşma yolu ilə mümkündür. İnanırıq ki, yeni qanun Qələbəmizə layiq olacaqdır!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar