“PUTİN UKRAYNADAN SONRA İKİNCİ BÖYÜK SƏHVİNİ ETDİ” – “O, sübut etdi ki, istənilən vaxt sözünün və imzasının arxasından qaça bilir...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, dünən Rusiya Prezidentinin "Valday klubu"nda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının Ermənistandan asılı olmasını bəyan etməsini necə qarşıladınız? 

- Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirdim. İnanıram ki, tək mən yox, həm də Putinə inanan çoxlu sayda insan bundan təəssüfləndi. Mən əvvəllər də söyləyirdim ki, regionda marağı olan Rusiya münaqişəyə son qoyulmasında, digər güclər isə Türkiyə istisna olmaqla, münaqişənin ədalətli həllində maraqlı deyillər. 10 noyabr 2022-ci il sazişi də elə tərtib olunub ki, gələcəkdə bir çox məsələlər barədə razılığa gəlmək mümkün olmasın. Məsələn, yazıla bilərdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olacaq, amma yox, fərqli ifadələr işlətməklə Ermənistana manipulyasiya üçün yer qoyulub. Yaxud Üçtərəfli Bəyannamənin birinci bəndində yazılmalı idi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Vətən müharibəsi dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, biz Ermənistanla Azərbaycanın ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıyıq. Amma bəzən güc faktorundan doğan acı reallıqlarla barışmalı oluruq. Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi. Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından çox asanlıqla qaça bilir. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir. O cümlədən, Azərbaycanla 22 fevral 2022-ci ildə Moskvada imzalanmış müttəfiqlik münasibətlərinə dair Bəyannamə də.

- Sizcə Putin niyə belə etdi?

- Rusiya sorosçu, qərbyönümlü Paşinyanı devirmək istəyir. Ona görə 44 günlük savaşda qismən neytral mövqe tutdu. Rusiya bu mərhələdə Paşinyanı devirə bilməsə də, həm onu işğalı müdafiə etməməklə cəzalandırdı, həm də Qarabağa -torpaqlarımıza öz əsgərlərini gətirdi. Hazırda görünən odur ki, Rusiya Qarabağı, Qarabağla birlikdə isə Azərbaycanı daima öz nəzarətində saxlamağı düşünür, sülh sazişinin imzalanmasından, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından son dərəcə narahatdır. Putin bu açıqlaması ilə ondan imtina etmiş sivil dünyanın, ermənipərəst Qərb dairələrinin də diqqətini özünə cəlb etmək istəyir. Görünür, həmin dairələrin dəstəyinə Türkiyə-Azərbaycan münasibətlərindən daha çox dəyər verir. Bəlkə də ermənilərin vasitəsilə Qərb liderlərinə təsir edib Ukrayna bataqlığından çıxmaq üçün onlarla bir masa arxasında əyləşmək istəyir. Hamımız bilirik ki, ABŞ və Fransada güclü erməni diasporası var. İnanmıram ki, o son açıqlaması ilə Paşinyanın devrilə biləcəyini düşünür.

- Azərbaycan XİN niyə Putinin bu davranışına cavab vermədi?

- İqtidar Rusiya ilə dostluğa böyük önəm verir. Görünür ona görə. Ancaq bağlı qapılar arxasında etiraz ediləcəyinə, Soçidə onun təkliflərinin qəbuledilməz olduğunu və münasibətlərə ciddi ziyan vurduğunu onun diqqətinə çatdıracağıq. Paşinyan bəyan etdi ki, Putinin təkliflərini qəbul edir və ümid edir ki, Putin Soçidə sözünün üstündə duracaq. Bu isə əvvəl əldə olunmuş razılaşmalardan faktiki imtina deməkdir. Belə vəziyyətdə başqa nə edə bilərik?

Rusiya ilə işləməkdə davam etməli, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə, digər dost ölkələrlə məsləhətləşmələrə başlamalı, silahlanmaya və peşəkar ordu quruculuğuna böyük pullar xərcləməliyik. Tarixin elə məqamları olur ki, böyük dövlət adamları öz ölkəsinin gələcəyi naminə cəsarətli qərarlar qəbul etməli olur. Hesab edirəm ki, Ermənistan ilin sonuna qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamasa, Azərbaycan Respublikasının Prezidenti Qarabağ üzərində suverenliyimizi bərpa etmək üçün haqqa-ədalətə, beynəlxalq hüquqa əsaslanan belə bir qərar qəbul etməli olacaq. Əks halda Qarabağdan gözümüzü çəkməli, artıq ərazi bütövlüyümüzü tanımadığı və onu parçalamaq istədiyi üçün düşmən deyə biləcəyimiz ölkənin ordusunun Azərbaycanda yerləşməsi ilə barışmalı olacağıq.

“AzPolitika”

635x100

Şərhlər

Sabir 2022-10-31 15:17:20

Mən, Mən, Mən, deyenlerin sonu pis olur..... Sən , ..............putinin torətdiyi hərbi cinayətlərini , terror və təxribatlarlınlı, SƏHV adlandırırsan, bu sebebden , sənin hormetin yoxdur xalq arasında.

dadaşyev 2022-10-31 00:28:11

Əgər Qüdrət Həsənquluyev sadə bir həqiqəti qalstuku çıxardığı saatlarda anlayıbsa bundan sonra qalstuk taxmamağı məsləhətdir.Çünki şəkildəncə bəllidir ki,qalstuk onu yaman sıxır,divara dirəyib elə bil,sanki qorxa-qorxa danışır,belə ki öz dediklərinə özünün də inanmağına adam şübhə edir.Adamın fikrinə əcaib şeylər gəlir."Əlbət toyda yediyim kolbasadandı,mədəmə toxunub" məsəla.Yeri gəlmişkən,yau kardeşim aptekçilər,niyə apteklərdə tetrasiklin yoxdu?Pes vallah,bu kadar da olamaz yau.

Loğman 2022-10-30 11:00:44

Putinin başına kül olub ki.........

qüdürət həsənquliyevə 2022-10-29 18:50:52

Sən deyildin xalqı yalan vədlərlə aldadan ki, ruslarla danışığa gedib Qarabağı həll edək. İndi görürsən ki, işlər fırıqdır günahı öz üzərindən atırsan. Nə oldu bəs Qarabağı almışdız, indi .....?

Azər 2022-10-29 08:09:28

Axır ki, Qüdrət Həsənquliyevin gözü açıldı.

Dadaşevə 2022-10-29 07:40:21

Hakimiyyət rusbaşlardan təmizlənməsə.5-ci kolon aradan çıxarımasa Rusiyadan bizimkilər əl çəkməz.Qarabağ məsələsinin həllinin yolu yalnız budur.İki başlı oynayırlar.Ya Rusiya.ya da tükiyə! Azərbaycanın xilası Türkiyədir! Bunu anlayan hakimiyyətin olması vacibdir.

Həsənquliyevə 2022-10-28 21:54:20

Ona görə 5-ci kolondasan?

Vətəndaş 2022-10-28 19:24:41

Bəs deyirdiniz Putik bizi heç vaxt satmaz!

şəxsən duputata 2022-10-28 19:23:59

səhvini boynuna alan siyasətçi istefa verməlidir!

Eldəniz 2022-10-28 18:45:46

Dadasyev çox düzgün izah elədi...Laçın dəhlizi bağlansın .araikle də bir təpik ..yoxsa bunlar sarsax deyə deyə sarsaxlayacaqlar ..

Mubariz 2022-10-28 17:34:08

bəs deyildiniz Rusiya qüdrətli dövlətdir ,qonşudur , biz onun qulu olmalıyıq .Nə oldu, Putin kimi sözünüzü geri götürdünüz.... Allah bu milləti shifz eləsin

dadaşyev 2022-10-28 15:52:01

Ermənistan bizimlə öz xoşuyla heç vaxt sülh imzalamayacaq.Bu mümkün olan şey deyil.Soçidə nə olacaq ki?Putin əgər iki il özünün imzaladığı müqaviləyə bunca laqeyddirsə daha bir üçtərəfli saziş imzalansa nə olacaq,imzalanmasa nə?İki ildən sonra Putin ona da laqeyd olmayacaqmı?ATƏT əvəzinə indi də Putin başımızın altına yastıq qoyacaqmı illərlə?ATƏT-dən qurtulub Putinə ilişmək yağışdan çıxıb yağmura düşmək deyilmi?Laçın dəhlizi bağlanmalıdır,Azərbaycanın bütün ərazisində pasport rejimi tətbiq edilməlidir ən azı bir illiyə,kim qanunsuz yaşayırsa millətindən asılı olmayaraq dünyanın bütün ölkələrdəki kimi dərhal deportasiya edilməlidir.Nə zaman Zəngəzur dəhlizi açılar o zaman Laçın dəhlizini açarıq.Vəssalam.Bunu edə bilərik nə qədər ki gec deyil.Yoxsa sonra yeni sazişlərlə-filanlarla yolumuzu bağlayacaqlar.Bu gün isə qanun bizim tərəfdədir;Zəngəzur dəhlizini açmadığın üçün Laçın dəhlizini bağlamışıq,deyə bilərik.Nəyi gözləyirik yau kardeşim?Nəyi?

Son yazılar