Menu

“9 ay gözlədilər, amma Türkiyə buraxmadı...” – Bosfordan buraxılmayan rus hərbi gəmiləri geri qayıdır

07.11.2022, 16:24
“9 ay gözlədilər, amma Türkiyə buraxmadı...” – Bosfordan buraxılmayan rus hərbi gəmiləri geri qayıdır

Rusiyanın Sakit okean donanmasına aid böyük hərbi gəmilər Uzaq Şərqə qayıtmağa məcbur olublar. Bu gəmilər fevral ayının əvvəlindən, hələ Ukrayna savaşı başlamazdan öncə Aralıq dənizinə gələrək, Bosfor boğazından Qara dənizə keçmək üçün Türkiyənin icazəsini gözləyiblər. Lakin Ankara bu günə qədər gəmilərin keçidinə icazə verməyib.

“AzPolitika.info” xəbər verir ki, Qara dəniz Strateji Araşdırmalar İnstitutunun minitorinq qrupunun rəhbəri Andrey Klimenkonun verdiyi məlumata görə, Türkiyədən müsbət cavab ala bilməyən Rusiyanın “Varyaq” raket kreyseri və “Admiral Tributs” böyük hərbi gəmisi noyabrın 6-da Vladivastoka yola düşüblər. Onlar Sinqapur boğazından keçərək, Vladivastokdakı daimi dislokasiya yerlərinə çatacaqlar.

Qeyd olunur ki, bu gəmilər fevralın 2-dən Aralıq dənizindədirlər və onların missiyası Qara dənizə keçərək, Ukraynaya zərbələr endirmək idi: “Hər şey Türkiyənin boğazlarla bağlı mövqeyinə görədir. Onlar 9 ay gözlədilər, amma alınmadı. Yorulublar, təmir olunmağa yer yoxdur, heyət üzvləri vəhşiləşiblər...”

Qeyd edək ki, Türkiyə Ukrayna savaşının ilk günlərindən bu ölkənin ərazilərinin işğalını pisləyib. Rusiya ilə əlaqələri kəsməsə də, Türkiyə rəhbərliyi Krım yarımadası da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Rus hərbi gəmilərinin Qara dənizə buraxılmaması isə Türkiyə tərəfindən Ukraynaya verilən çoxsaylı dəstək tədbirlərindən sadəcə, biridir.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol