AZƏRBAYCANDA ZƏFƏR GÜNÜ QEYD OLUNUR

Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin ikinci ildönümü - Zəfər Günü qeyd olunur.

“Report” xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Beləliklə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirildi.

2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

10 noyabr bəyanatına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.

Xüsusi olaraq vurğulayaq ki, noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusu diz çökdüyünün fərqinə vardı və işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsində üzləşdikləri məğlubiyyətlə barışmalı oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.

Beləliklə, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin hərbi-siyasi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verildi.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-11-08 11:40:03

8 noyabr, ŞANLI ZƏFƏR GÜNÜMÜZ! Bü günü çox gözlədik. İllər ötdükcə, namus, toprak, vətənsizlik, papaqsızlıq derdleri əzdi, sındırdı bizləri. Çoxları tab gətirmədi bu dərdə, dilində vətən, qəlbində nisgil köç etdilər bu dünyadan. Hər novruz bayramında dediyimiz,” gün gəlsin yandırdığımız bu tonqallar Qarabağda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, İravanda da yandırılsın”! Artıq səbr də yetmirdi dadımıza. O həddə çatdı ki, allah səbrimizi kəssin deyib, səbrə qarşı da üsyan etdik. Ona görə ki, səbrin də artıq limiti tükənmişdir. Çünki, ilkin olaraq Rusiya ilə Qacarlar İranının öz aralarında bağladıqları bednam 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə ikiyə bölünmemiz yetməmiş kimi, ondan sonra da itirə-itirə, parçalana-parçalana, aşağılana-aşığılana , düz ikiyüz ilə yaxın uğursuz bir yol qət etmişdik. Həm mənəvi, həm də coğrafi baxımdan bitmişdik, usanmışdıq artıq. Amma, son İki yüz illik bədnam tariximizin bütün dövrlərində, qisas alovu vətən sevdalısı oğullarımızı ne qədər qarssa da, yandırsa da, usatsa da ümid çıraqları sönmədi onların.c Bilirdik o zaman, o gün gələcək. Bəli nəhayyət də o gün gəldi. Tarix 27 sentyabr 2020-ci il. O gün hayqırdı, Ali Baş Komandan. Qalx ayağa Azərbaycan”. Vətən çağırır. Qalxdı ayağa vətən eşqi, qisas eşqi ilə yanan oğullar.Yollandılar cəbhəyə , oynaya-oynaya, sanki toya düyünə yollananlar kimi. Cəmi 44 gün çəkdi bu savaş. Sonda sancdılar üç rəngli bayrağımızı, Azərbaycanımızın menevi qalası sayılan Şuşamıza. O gün bu gün, 8 noyabr. Bu tarix, son iki yüz illik qisasımızın alınan ilk günü. Qələbə günü. Vətən həsrəti ilə dünyadan köçənlərin isə ruhlarının şad olan günü. Bu günü bu millətə yaşadan başda Ali Baş Komandan olmaqla, qəhrəman əsgərlərimizə, cəfakeş millətimizə çox sağol deyir və 44 günlük savaşda şəhadət şərbətini içib də, vətən torpaqlarını öz qanları ilə sulayaraq şəhadətə qovuşan şəhidlərimizin də qarşısında baş əyir, allahdan onlara rəhmət diləyirik. Ruhlarınız şad olsun ki, bu millət var olduqca, millət də, vətən də sizlərə minnətdar olacaqdır! Sanmasın düşmənlərimiz də, ki hər şey bitibdir. Yox hələ, gözü yolda qalan Zəngəzurumuz, Dərələyəzimiz, Göyçəmiz. Qaraqoyunlumuz, İravanımız,o tayda Təbvrizimiz var! Ona görə də, duysun dünya, xüsusən də bütün Türk duşmanları ki, çatlasanız da-partlasanız da artıq zaman bizim, zaman Türkün zamanıdır!

Son yazılar