“ƏYANLAR PİSDİR, MÜHARİBƏNİ BAŞLAYAN “ÇAR” İSƏ YAXŞI...” – “Rusiyanı qudurmuş kriminallara təslim edirsiniz”

Rusiya cəmiyyətində Kremlin Ukraynada apardığı işğalçılıq müharibəsinə qarşı narazılıqlar artmaqda davam edir. Kreml hər nə qədər repressiyalara əl atsa da, etiraz səslərini tam boğmağa müvəffəq ola bilmir.

“AzPolitika.info” xəbər verir ki, mərhum Boris Nemtsovun silahdaşlarından sayılan tanınmış rusiyalı müxalifətçi, “Həmrəylik” hərəkatının Siyasi Şurasının sədri İlya Yaşin ötən gün Moskva şəhər Basmannı məhkəməsindəki çıxışında Kremli və ümumilikdə Rusiya hüquq sistemini ifşa edən ittihamlar səsləndirib.

“Rusiya ordusu barədə yalan və böhtan xarakterli məlumatlar yaydığına görə” 4 ay əvvəl həbsə atılan və dünənki məhkəmənin hökmü ilə həbs müddəti uzadılan Yaşinin çıxışı Rusiya mətbuatında və sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Bu çıxış, ümumilikdə rus cəmiyyətinin və onun hakimiyyət iyerarxiyasının, eləcə də hüquq-mühafizə və məhkəmə sisteminin bugünkü real vəziyyətini əks etdirdiyindən, onu qısa ixtisarlarla nəzərinizə çatdırırıq:

“Cənab hakimlər, prokuror, müstəntiq! Artıq 4 aydır ki, məni həbsxanada saxlayırsınız. Sanki həbs olunduğum uzun müddət deyil, ancaq görün bu vaxt ərzində nə qədər dəyişikliklər baş verib. Hələ yayda ordu rəhbərliyinin hər hansı bir tənqidi kriminala bərabər tutulurdu. Nəinki tənqid, generalların qüsursuzluğuna dair şübhə belə sizi dəmur barmaqlıqlar araxsına sala bilərdi. Şoyqunun, Konoşenkovun hər bir bəyanatı həqiqətin son instansiyası kimi təqdim olunurdu, bununla razılaşmamaq isə dövləti cinayətə bərabər tutulurdu.

Bəs, indi nə görürük? Dövlət Dumasındakı “Vahid Rusiya”lı deputatlar Müdafə Nazirliyini yalanda və korrupsiyada ittiham edirlər. Özünü silahlı “zeklər”lə əhatə etmiş Priqojin Rusiya ordusunu təhqir edir və onun komandanlığını ələ salır. Kadırov generalları “kütbeyin” adlandırır və həyasızcasına onlara necə döyüşməyi öyrədir. Teleefirdəki təbliğatçılar isə Baş Qərargahda satqınların yer almasına eyham vururlar.

Əlbəttə, başa düşürəm ki, bütün bu çığırtının məqsədi Putini qorumaqdır. Cəmiyyətə izah etmək istəyirlər ki, cəbhədəki çöküşün günahkarı Ali Baş Komandan deyil, onu sadəcə, tabeliyində olan bacarıqsızlar çətin vəziyyətə salırlar. Həmişəki kimi, əyanlar pisdir, müharibəni başlayan “Çar” isə yaxşı... Sualım istintaq orqanlarının və prokurorluğun nümayəndələrinədir. Söyləyin, yaxşı cənablar, bəs hanı sizin hərbi senzura qanunlarınız? Siz məni ona görə həbsə atmısınız ki, Müdafiə Nazirliyinin Ukraynadakı müharibə barədə məlumatlarını şübhə altına almışam. Ancaq sizin nədənsə Priqojinə və Kadırova iradınız yoxdur, hansı ki, onlar bir o qalır ki, generalları ayaq yollarını diş fırçası ilə təmizləməyə vadar etsinlər. Nədir, dizləriniz əsir? Başa düşürəm.

Mənim silahım sözdür. İctimai rəy və siyasətin məhv edildiyi ölkədə söz sizin üçün qorxulu deyil. Ancaq Kadırovun başkəsənlərindən və Priqojinin quldurlarından qorxursunuz...

Sizin üçün müharibə əleyhinə çıxan tələbələri, bələdiyyə deputatlarını, jurnalistləri həbs etmək asandır. Bu, əlbəttə ki, ölkəmizin gələcəyinə təhlükə yaradan özəl orduların sahiblərinə qarşı çıxmaqdan daha təhlükəsizdir. Ancaq sizə elə gəlmirmi ki, bu qorxaqlığınız mahiyyət etibarilə vətənə xəyanətdən heç nəylə seçilmir? Doğrudanmı anlamırsınız ki, Rusiyanı bizim gözlərimiz önündə dövlət hakimiyyətinə calaq olunan qudurmuş kriminallara təslim edirsiniz? Danışıb qurtaran kimi, məni yenidən həbsxanaya göndərəcək məhkəməyə də sual vermək istəyirəm. Qara, uzun mantiyanızı geyinərək, sizə “möhtərəm hakim”, “sizin şərəfiniz” deyə müraciət etməyimizi istəyirsiniz. Bəs, hanı o şərəf? Söyləyin, siz özünüz özünüzə hörmət edirsinizmi? Doğrudanmı anlamırsınız ki, ölkəmizin bütün bəlaları ondan irəli gəlir ki, hakimlər müstəqil olmağa cəhd belə etmirlər. Niyə heç bir müqavimət göstərmədən Kremlin siyasi qulluqçusu olmaqla barışmısınız?...

Günahsız insanları həbs etməklə, sadəcə korrupsiyalaşmış siyasətçilərə və güc strukturlarına xidmət etmirsiniz. Siz onlara, ilk növbədə də Prezident Putinə cəzasızlıq və tam özbaşınalıq hissi qazandırırsınız. Məhz bu təəssürat bizim ölkəmizi qanlı müharibəyə və on minlərlə qurbanlar verməyə gətirib çıxardı”. Qeyd edək ki, Ukraynadakı müharibəyə, Buçadakı qətliama və digər cinayətlərə görə Kremli sərt tənqid etdiyi üçün iyulun 13-də həbs edilən İlya Yaşinin bütün məhkəmələri qapalı keçirilir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

dadaşyev 2022-11-08 23:09:34

Rusiya cəmiyyəti son 20-30 ildə sürətlə kriminal aləmə meyl etdi,o aləmə qoşulmayan bir gənc belə tapmaq olmaz hazırkı Rusiyada.Kinoları da,kitabları da bunu təbliğ etməklə məşğul oldu.Rusiyanın son dövr hansı kinosuna istərsəniz baxın;kriminal avtoritetlər az qala knyazlar kimi qabardılır və dövlət məmurlarından düzgün,haqqı-ədaləti qoruyan biriləri kimi canlandırılır.Gənclər arasında kriminallıq bir prestijə çevrildi,hər bir gənc yolda-irizdə,dükanda-bazarda özünü mafioz kimi apardı və aparmaqdadır.Rusiyaya gedib gələnlər bunu yaxşı bilir.Hərənin öz avtoriteti,öz paxanı oldu,ona xidmət etdilər.Bu bir sirli romantika kimi göründü rus gənclərinə.Ona görə bu gün Ukraynada vuruşa bilmədilər.Çünki kriminal aləmin öz qanunları var:poqonlu kim olur-olsun ona xidmət etməmək!Belə olan halda kriminal rus gənclərindən ibarət orduda birlik olarmı?Birliyin olmadığı ordu isə məhvə məhkumdur.Şəxsən mən rus ordusunun bu dərəcədə döyüş qabiliyyətindən məhrum olmasının səbəbini bunda --- elliklə kriminal aləmə bağlılıqda görürəm.

N.Seyfeli. 2022-11-08 16:24:06

Pusiyada dovletcilikden eser-elamet yoxdur, dovet idareetmesistemi kompassiz gemiye benzeyir.

Oxucu 2022-11-08 14:40:45

Rusiyanın çökməsinin əsas səbəbi onun texniki və texnoloji müstəqilliyini itirməsidir. Bu müstəqilliyin ən mühüm parametri elmin səviyyəsidir. Sovet dövründə elmlər doktoru ilə nazirin maaşı eyni idi. SSRİ dağılandan sonra alimlərin böyük hissəsi Rusiyanı tərk etdi, qalanları isə aldıqları qəpik quruşla dolana bilmədikləri üçün işdən sonra kafe və restoranlarda ofisantlıq etdilər. Hazırda Putinin lovğalandığı silahlar sovet elminin məhsuludur. Rusiyada elm, dünya səviyyəsindən aşağıdır. Elmi, Yeltsinin və Putinin quldur ətrafı məhv edib. Sovet dövründə Akademiyanın prezidentləri dünya şöhrətli alimlər olub. İndi baxın görün Rusiya Akademiyasına kimlər prezidentlik edir?

Eli 2022-11-08 12:41:03

Hemişe zindana dönübdür Veten özünün en böyük Oğullarına.

Son yazılar