Menu

“Qarabağ”la “Traktor”un qardaşlıq oyunu keçirilə bilər? - Rəsmi açıqlamalar

10.11.2022, 19:31
“Qarabağ”la “Traktor”un qardaşlıq oyunu keçirilə bilər? -  Rəsmi açıqlamalar

Şimalın “köhlən atları”nın cənubun “boz qurd”ları ilə qovuşmasının vaxtı çatıb...

“Traktor” ilə yoldaşlıq oyunu keçirmək “Qarabağ” klubu olaraq bizim üçün də, azarkeşlər üçün də çox xoş olar”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl azarkeşlərin sosial şəbəkələrdə Ağdam təmsilçisinin Təbrizin “Traktor” klubu ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib.

Klub rəsmisi qeyd edib ki, hər iki klubun sıx qrafiki var: “Həm ölkə çempionatında, həm də Konfrans Liqasında çıxış edirik. Çalışırıq ki, iştirak etdiyimiz bütün platformalarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edək. Amma bununla yanaşı, biz “Qarabağ” klubu olaraq belə bir oyunun baş tutmasını da istəyərik. Onlar bizim soydaşlarımız, qardaşlarımızdır. İki klubun qarşılaşması böyük futbol bayramı olar. Əgər qış təlim-məşq toplanışında “Traktor” də Antalyada olsa, orda belə bir görüşü planlaya bilərik. Ancaq qarşı tərəfdən hər hansı təşəbbüs olsa, bizə bir təklif gəlsə, başqa variantlar üzərində də düşünmək olar”.

Emrah Çelikel

Görüşün Azərbaycanda baş tutması halında təşkilatçı kimi AFFA çıxış edə bilərmi? Bununla bağlı “Report”a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla qeyd edib ki, belə bir təşəbbüs olsa, Assosiasiya olaraq təşkilati məsələdə istənilən köməyi edə bilərlər: “Bu məsələdə əsas iş klubların üzərinə düşür. Hər iki klubun sıx qrafiki var. AFFA hansısa kluba yoldaşlıq oyunu keçirməklə bağlı təklif, təşəbbüs verə bilməz. Amma belə bir görüş olsa, təşkilatçılığı öz üzərinə götürə bilər”.

Firuz Abdulla

Qeyd edək ki, “Qarabağ”la “Traktor” daha əvvəl yoldaşlıq görüşündə qarşılaşıblar. Hər iki klub 2012-ci ildə Türkiyədə yay təlim-məşq toplanışında olarkən Ankaranın Qızılcahamam bölgəsində üz-üzə gəliblər. Görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün "oxu.az"-da müəllif  yazısında qeyd edilib ki,  azərbaycanlıların iki böyük klubu - artıq mübarizələri, ortaya qoyduqları əzm və qərarlılıqları, arxalarına aldıqları xalq dəstəyi ilə bir çox cəhətdən oxşar olan “Qarabağ” və “Traktor”u qovuşdurmağın vaxtı çatıb. Bu klublar tarixin ən önəmli yoldaşlıq oyununda üz-üzə gəlməli, yaşıl meydanlar dostluq, qardaşlıq və tarixi mübarizənin səhnəsinə çevrilməlidir.

 Azərbaycanın, “Qarabağ”ın köhlən atları və cənubun, doğma Təbrizin “boz qurd”larının qarşılaşması dünyadakı milyonlarla azərbaycanlının həmrəylik görüşü kimi tarixin şanlı səhifələrində özünə yer almalıdır. Bu qarşılaşma dünya futbolu tarixində hesabın, oyunun heç bir önəm daşımadığı, əsas məramın milyonlarla insanın arzusunun, eyni kökdən, qandan olan doğma qardaşların qovuşmasının və bir-birinə olan sevgisinin nümayişinin olduğu unikal bir qarşılaşma kimi yaddaşlara həkk olunmalıdır.

Bu qarşılaşmanı təsəvvürə gətirmək, ona çağırış etmək, reallaşmasını gözləmək nə qədər xoşdursa, Azərbaycan futbolunun ən böyük uğuruna tamaşa etmək də o qədər gözəl və əlamətdar hadisə olacaq. Bəlkə də, dünya ilk dəfə hər iki komandanın vuracağı qollara sevinən, qardaşlıq, həmrəylik şüarları ilə lərzəyə gələn bir stadionu görmək şansı qazanacaq. Bu qarşılaşma baş tutacağı halda futbolun insanlar arasında birlik və həmrəyliyə xidmət edən bir idman növü olduğunu bütün dünya ictimaiyyətinə sübut edəcək.

Əminik ki, “Qarabağ” – “Traktor” qarşılaşmasında meydan sahibi də olmayacaq. Meydana çıxan 22 nəfər və onları izləyən milyonlar eyni mübarizəni ortaya qoyacaq və qazanan sadəcə qardaşlıq olacaq!

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol