“Azərbaycanda yeni-yeni islahatlar konsepsiyası işlənib-hazırlanır. Onların həyata keçirilməsi Azərbaycanın möhtəşəm inkişaf nümunələri olmaqla dünyaya iqtisadi gücümüzü təqdim etməyə əsas verir”.
“AzPolitika.info” xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Millət vəkili əlavə edib ki, 2023-cü il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasında göstərilən inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən etməklə, hər bir vətəndaşın sabit təminatlı həyat səviyyəsinə nail olunmasını hədəfləyir. “Bu özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənən, dayanıqlı inkluziv inkişafı təmin edən və rəqabət qabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas hədəf olacaq. Ölkədə təbii resuslardan dayanıqlı istifadə olunmaqla təmiz ekoloji mühit qurmaq, yəni dünya üçün mühüm olan “yaşıl iqtisadiyyat” da prioritet məsələ kimi qarşıya qoyulur. Bildiyimiz kimi, “Azərbaycan 2030; sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təmiz ətraf mühit və yaşıl artım” 5 əsas prioritetdən biri olaraq müəyyən edilib. Bu prioritet yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının təmin edilməsi kimi iki strateji məqsədin effektiv reallaşdırılmasını nəzərdə tutur. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial–iqtisadi inkişaf Strategiyası”nda bu istiqamətdə bir sıra hədəf indikatorları müəyyən edilib. 2023-cü il dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yerquruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi üzrə tətbiqi tətqiqatlar və digər xidmətlər üzrə xərclər üçün 371,1 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2022-ci illə müqayisədə 79 milyon manat və ya 27 faiz çoxdur”.
Komitə sədri bu sahəyə hökumətin diqqətini təqdirəlayiq hesab edir. Onun sözlərinə görə, ayrılan vəsaitin 295,2 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, 18,3 milyon manatı torpaq və yer quruluşu, 15,5 milyon manatı meşə təsərrüfatı, 10,2 milyon manatı hidrometeorologiya, 8,4 milyon manatı bioloji zənginliyin qorunması, 1,6 milyon manatı balıqçılıq və ovçuluq, 21,9 milyon manatı isə ətraf mühitin mühafizəsi sahəsində aid edilən digər xidmətlər üçün nəzərdə tutulduğunu qeyd edib.
Millət vəkilinin sözlərinə görə, iqlim dəyikliyinin qlobal iqtisadiyyata təsiri bütün dünyanı narahat edir. O, Azərbaycanın da iqlim dəyişikliyinin təsirlərinə yüksək dərəcədə həssas ölkə olduğunu xatırladıb: “Azərbaycanda iqlim dəyişikliklərinin təsirləri özünü əsasən temperaturun artması, daşqınlar, sellər, quraqlıq və s. kimi təbiət hadisələrinin sayının artması ilə göstərir. BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Azərbaycanda su təchizatı 23 faiz azalacaq. Ekoloji vəziyyətin yaxşılaşdırılması və su təchizatı sahəsində dayanıqlılığın təmin edilməsi məqsədilə dövlət tərəfindən qəbul edilən əsas sənədlərdən biri də Prezidentin 2020-ci il 27 iyul tarixli “Su ehtiyatından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamıdır. Bu sənədlə müvafiq tədbirlər planı təsdiq edilib, qarşıya qoyulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Məsələn, bu sənədə əsasən istifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ə dək azaldılacaq və əkinlərin suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatdırılacaq. Göstərilən hədəflərə çatmaq üçün meliorasiya sahəsindəki problemlər nəzərə alınaraq ciddi tədbirlərin həyata keçirilməsi tələb olunur”.
Millət vəkili daha sonra bu sahə ilə bağlı bir neçə statistik məlumatı həmkarlarının diqqətinə çatdırıb: “2022-ci ildə ölkəmizdə formalaşan 17,1 milyard kub metr yerüstü su ehtiyatının 12 milyard kub metri, yaxud 70,2%-i qonşu ölkələrdən daxil olub. İqlim dəyişikliyinin təsiri altında dünyada, o cümlədən ölkəmizdə su ehtiyatları azalır ki, bunu nəzərə alan qonşu ölkələr su resurslarından daha çox istifadə etmək uçun tədbirlər görürlər. Bu isə transsərhəd çayları vasitəsilə ölkəmizə daxil olan suyun miqdarının daha da azalmasına səbəb olur və bu tendensiya davam edəcək. Bunu deməyə əsasımız var. Belə ki, son illərdə transsərhəd çayları vasitəsilə ölkəmizə daxil olan suyun həcmində ciddi azalma müşahidə edilir. 2017-ci ildə Azərbaycana qonşu ölkələrdən 12,4 milyard kub metr daxil olub, 2022-ci ildə isə bu həcm 3,2 faiz azalıb. Daxil olan suyun azalması ilə yanaşı ölkə daxilində sudan istifadə 9,6% artaraq 9,1 milyard kub metrə, o cümlədən suvarmada istifadə edilən suyun miqdarı 2019-cu ildəki 7,3 milyard kub metrdən 7,8 milyard kub metrə qədər artıb. Bu sahəyə xüsusi diqqət ayrılmasına ehtiyac var. Xahiş edirəm nəzərə alasınız”.
Rasim
“AzPolitika.info”


Şərhlər