“Hər yerdə əlsiz, ayaqsız, başsız meyitlər...” – Putinin Ukraynaya göndərdiyi əsgər gördüyü dəhşətləri danışıb

Rusiya generalları Luqansk cəbhəsindəki "dəlikləri" yeni səfərbər edilənlərlə doldurur. Onları ön cəbhəyə fəaliyyət planı, komandir və əlaqə olmadan göndərirlər. BBC radiosu bunun necə baş verdiyini araşdırıb.

“AzPolitika.info” məqaləni ixtisarla təqdim edir: Gecələr Ukrayna artilleriyası, demək olar ki, tamamilə susur - dronlar irəliləyən rus əsgərlərini daha pis görür. Kənddə müdafiə mövqeyi tutmaq uğurlu fikir deyil, çünki günorta asan hədəfə çevriləcəksiniz. Ona görə də meşədə səngər qazmaq lazımdır. Çox vaxt səfərbər edilənlərə verilmiş xəritələrdə ələ keçirməli olduqları yaşayış məntəqələri qeyd olunmur - çünki bu xəritələr sovet dövründən qalıb. Telsizlər söndürülür - çünki onların batareyalarını sonuncu dəfə hələ Rusiyadaykən doldurublar, qənaət etmək lazım gəlir.

Bu, Rusiya ordusu üçün adi haldır. Noyabrın 1-dən 2-nə keçən gecə komandanlığın əmriylə Voronej, Sverdlovsk, Çelyabinsk vilayətlərindən səfərbər edilmiş dörd rota - ümumilikdə 500-ə yaxın adam Luqansk vilayətinin Makiivka istiqamətinə məhz bu şəraitdə yollanıb.

"Gecə maşınlarla bir meşə zolağından o birinə keçdik, bizə dedilər ki, üçüncü müdafiə xəttinə çıxacağıq" - 28 yaşlı Dmitri Slobodçikov BBC-yə belə deyib. Silahdaşı Aleksey Aqafonov onun dediklərini təsdiqləyir: "Bizə lap əvvəldən heç bir tapşırıq verilməmişdi, çünki yol boyu rabitə əlaqəsi yox idi". Komandirlər əmin ediblər ki, onların taqımları cəbhədən 15 km aralıda, iki müdafiə xəttinin arxasında olacaq.

Meşə qurşağında hərbçilərə səngər qazmaq əmr edilib. Hər taqımda iki kürək (ortalama hər 10 nəfərə üç kürək) olub. Süngü-bıçaqlarla və ya əllə qazmalı olublar. Bunu sürətlə etmək lazım gəlib: səfərbər edilənləri mövqelərə səhər saat beşdə gətirmişdilər, az sonra hava işıqlanacaqdı. Səhər açılan kimi onların mövqeləri atəşə tutulub.

"Çox güclü atəşi idi. Başımızın üstündə helikopterlər uçurdu və onlar uzaqlaşan kimi atəş yağırdı" - Dmitri belə deyir.

Aleksey əmindir ki, Ukrayna hərbçiləri onları mühasirəyə almaq istəyiblər: "Həm sağdan, həm soldan atırdılar. Minomyotlardan, "qrad"lardan. Özünə öz əlinlə qazdığın məzarda 8 saat atəş altında uzanıb qalanda mərmilərin hansı tərəfdən uçduğunu başa düşürsən".

Səfərbər edilənləri Ukrayna ordusunun atəş altında saxladığı "üçüncü müdafiə xəttinə" Svatovodan 20 km cənubda yerləşən Krasnoreçenskoye kəndindən göndəriblər. Həmin vaxt kənd Rusiya qoşunlarının nəzarətində olub. Rusiyalı hərbçilərin ya hücum etdiyi, ya da qoruyub saxlamağa çalışdığı, nisbətən kiçik olan Ploşanka kəndi Makiivkaya gedən yolun üstündədir. Rabitə əlaqəsi olmadığı üçün onlara ancaq geri çəkilməmək və səngər qazmaq əmri verilmiş olub.

Dmitri Slobodçikov yaralı həmkarını arxaya, Krasnoreçenskiyə kürəyində daşıyıb. Onun dizini qəlpə parçalayıbmış. Dmitri yaralını təhvil verəndən sonra komandirlər saat yarım müzakirə ediblər ki, bu "300 nömrəli yük"ü ( yaralıların daşınmasını ehtiva edən hərbi kod) xəstəxanaya göndərsinlər, yoxsa yox. Dmitri atəş altında qalan silahdaşlarını xilas etmək üçün geri qayıtmaq istəyib, amma polkovnik icazə verməyib, deyib ki, "Onsuz da onlar artıq ölüblər". Dmitri daha gənc komandirin - rota leytenantının yanına gedib. O, "İcazə verirəm, amma mən sənə heç nə deməmişəm, əmr verməmişəm", deyə cavab verib. Dmitri geri qayıdıb və taqımını hərəsi on nəfərdən ibarət üç qrupa bölərək silahdaşlarını ordan çıxarıb.

Aleksey iddia edir ki, 100 metrlik ərazini müdafiə edən iki taqımda təxminən 10 əsgər həlak olub. Noyabrın 2-də, səhər açılanda ətrafda çox sayda ölü görüblər. Başa düşüblər ki, ukraynalı hərbçilər əvvəllər də bu mövqeni vurublar və meyitləri götürən olmayıb. "Hərbi biletləri və şəxsi nömrəli jetonları olan əlsiz, ayaqsız, başsız meyitlər" - Aleksey gördüyü mənzərəni belə təsvir edir.

"Çoxlu "200 nömrəli yük" (həlak olanların daşınması üçün hərbi kod) vardı. Demək olar ki, onların üstüylə yeriyirdik. Onlarla deyildi sayları, xeyli çox idi" - Dmitri təsdiq edir.

Sağ qalan hərbçilər Krasnoreçenskoyeyə piyada qayıtmalı olublar. Kənddə hərbi polislər hərbçilərin məlumatlarını qeydə alıb, sonra onları KAMAZ maşınlarında Svatovoya qaytarıblar. Onlar deyirlər ki, sağ qalanların heç biri geri dönmək istəmir. Amma şəhərdə hərbi polislər hələ də səfərbər edilənləri yaxalayıb zorla ön cəbhəyə qaytarırlar. Tədricən Svatovo da cəbhə xəttinə çevrilir, çünki Ukrayna ordusu artıq şəhərin bir neçə kilometrliyinə gəlib çatıb.

Noyabrın 7-də axşam saatlarında Svatovodakı evlərin birində səfərbər edilmiş 29 nəfər, digərində isə 21 nəfər gizlənib. Dmitri deyir ki, "Hamısının tarixçəsi eynidir: ora gətiriliblər, atəşə tutulublar, komandirləri qaçıb". Həm o, həm də Aleksey iddia edir ki, Svatovoda onlara hər hansı əmri verə biləcək bir nəfər də olsun zabit qalmayıb. Aleksey və Dmitrinin taqım komandiri kontuziya alaraq xəstəxanaya aparılıb. Gizir itib.

Aleksey deyir ki, Svatovoya hücum olsa, sağ qalmış səfərbər edilənlər cavab atəşi açacaqlar. Onlar məskunlaşdıqları evin həyətində atəş nöqtələri hazırlayırlar.

Dmitri isə hərbi polislərə də atəş açacağını bildirir: "Bura soxulsalar, müqavimət göstərəcəyik. Cəbhəyə getmək istəmirik, gördüklərimiz bəs eləyər - qopmuş bağırsaqlar, ayaqlar…"

Voronej vilayətindən səfərbər edilənlərin Makiivka yaxınlığında atəşə tutulması və 500-nün həlak olması xəbərini ilk dəfə "Verstka" nəşri yayıb. Aqafonov BBC ilə söhbətində bildirib ki, Voronejdən Krasnoreçenskoye, ordan da Makiivka istiqamətinə həqiqətən də 500-dən çox adam göndərilib, amma o, əksəriyyətinin taleyindən xəbərsizdir, onların hamısının öldüyünə dair hər hansı sübutu yoxdur.

BBC Aqafonovun yüzlərlə ölü haqqında "Verstka"ya dediklərini təsdiqləyən başqa bir şəxslə - Nikolay Voroninlə də əlaqə saxlayıb. O, ölü sayının çox olduğunu bildirib, amma konkret rəqəm deyə bilməyib. Dirsək nahiyəsindən yaralanan Voronin hazırda Belqorod xəstəxanasında müalicə alır.

Noyabrın 1-dən 2-nə keçən gecə Makiivka bölgəsində atəş altına düşən, amma sağ qalan hərbçilərin həyat yoldaşları və ya anaları da BBC-yə eyni şeyləri danışıblar. Səfərbər edilənləri meşəyə aparıb səngər qazmağı əmr ediblər, sonra onlar Ukrayna hərbçiləri tərəfindən atəşə tutulub. Çox adam həlak olub, amma neçəsi - bəlli deyil...

Sentyabrın əvvəlində Xarkov vilayətindəki cəbhə xətti sürətlə dağıdılandan sonra Rusiya qoşunları qondarma "LXR"-in daha əvvəl ələ keçirilmiş sərhədlərinə çəkilib. Məlum olub ki, orda da heç bir hazırlanmış müdafiə xətti yoxdur. Diqqəti Xersona yönəlmiş komandanlıq və Moskva Dneprin sağ sahilində hansısa bir ərazini qoruyub saxlamağa çalışdıqları üçün Rusiya qoşunları Luqansk vilayətinin işğal olunmuş ərazilərini itirmək təhlükəsiylə üzləşiblər.

Xarkov ətrafındakı qədər sürətli olmasa da, Ukrayna Silahlı Qüvvələri tədricən cəbhənin bu istiqamətində də irəliləyərək Svatovo, Kremennaya və sonra da Lisiçanskı geri almaqla, Rusiya ordusunun yayda böyük çətinliklər və itkilər hesabına işğal etdiyi Severodonetskə nəzarəti bərpa edə bilər.

Bu şəraitdə Rusiya komandanlığı çox da gözlənilən olmayan qərar verdi: Luqansk bölgəsində cəbhə xəttini səfərbər edilənlər hesabına qoruyub saxlamağa çalışmaq və hətta bəzi ərazilərdə tamamilə hazırlıqsız və təlimsiz insanlardan ibarət qüvvələrlə əks-hücuma keçmək...

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar