Paşinyanın partiyası Qarabağa dair tələbləri rədd etdi – "Hakim fraksiya “öz müqəddəratını təyinetmə” ifadəsini qəbul etmir"

Ermənistanın Milli Məclisi müxalifətin Qarabağa dair bəyanat layihəsini qəbul etməyib. “AzPolitika info” erməni mediasına istinadla xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyası səsvermədə iştirak etməyib. Qeyd olunur ki, Ermənistan müxalifətinin “Hayastan” və “Şərəfim var” fraksiyaları bu bəyanatı Azərbayacan Milli Məclisinin ötən ay qəbul etdiyi bəyanata cavab olaraq hazırlayıblar.

Bəyanatda iddia olunur ki, “Azərbaycanın Milli Məclisi 44 günlük müharibəyə haqq qazandırıb və Ermənistan və Qarabağın ünvanına yeni hədələrlə çıxış edib”.Müxalifətin bəyanat layihəsinə görə Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyinə dair bəyanat qəbul etməlidir. Layihədə deyilirdi ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək yeganə prinsipdir.

Keçmiş prezidentlər Robert Koçaryana bağlı “Hayastan” və Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyalarının bəyanat layihəsində Azərbaycan silahlı qüvvələrinin 2021-ci illin 12 mayınadək olan mövqelərə qayıtması, əsirlərin və ölənlərin meyitlərinin qaytarılması tələb olunur.

Deputatlar hakimiyyətin bu bəyanatı qəbul etməməsinin səbəbini soruşub.

İqtidar nümayəndəsi, xarici münasibətlər komissiyasının rəhbəri Eduard Ağacanyan hakimiyyəti nəyin qane etmədiyi barədə təfsilatlı danışmayıb. O sadəcə olaraq deyib ki, sözügedən bəyanat layihəsində müharibəyə qədər olan siyasət əks edilib. Ağacanyan deyib ki, ötən 30 ilin siyasəti indiki vəziyyətlə nəticələnib.

Tevanyansa deyib ki, Ermənistan hakimiyyəti “artsax” və ya “dağlıq qarabağ respublikası” kimi terminlərin bəyanata daxil edilməsi ilə razılaşmır.

O əlavə edib ki, “Vətəndaş müqaviləsi” fraksiyası “respublika” sözünü də qəbul etməyib: "Məsələn bizdə yazılıb: “Azərbaycan, tarixi ərazisində öz müqəddəratını təyin etmiş “dağlıq qarabağ respublikasına” hücum edib”.

Onlar isə (iqtidar-red) təklif edirdilər ki, belə yazılsın: “dağlıq qarabağ ermənilərinə hücum”. Bu isə o deməkdir ki, Qarabağın erməni xalqına Azərbaycanda yaşayan milli azlıq kimi baxılır”.

Tevanyan bildirib ki, hakim fraksiya “öz müqəddəratını təyinetmə” ifadəsini də qəbul etmir. İqtidar deputatı Eduard Ağacanyan müxalifətin bu bəyantının "riskli" olduğunu deyib.

Xatırladaq ki, müxalifət bir neçə ay bundan əvvəl Qarabağla əlaqədar daha bir bəyanat təklif etmişdi. Həmin bəyanat da parlament tərəfindən rədd edilmişdi. Bundan sonra müxalifət bir neçə ay parlamentin iclaslarında iştirakdan imtina etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə ilə Qarabağ probleminə son qoyulduğunu, Azərbaycanın erməni sakinlərinə ölkə vətəndaşları ilə eyni hüquqların veriləcəyini bildirib. Əliyev habelə bəyan edib ki, Bakı Qarabağ erməniləri ilə bağlı məsələləri üçüncü bir tərəflə müzakirə etməyəcək.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar