İnzibati Xətalar Məcəlləsində yeni cəzalar müəyyənləşdirilir

İnzibati Xətalar Məcəlləsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.

"Report" xəbər verir ki, FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihələrinin hazırlanması ilə əlaqədar Azərbaycanın Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişiklik layihəsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə bir sıra cəzalar nəzərdə tutulub.

Layihəyə görə, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən xarici dövlətlərin siyasi xadimləri ilə bağlı tələblərə əməl edilməməsinə; monitorinq iştirakçıları tərəfindən onların xarici ölkələrdə yerləşən filialları və törəmə hüquqi şəxsləri ilə bağlı tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 598.1-ci maddəsində nəzərdə tutulmuş xətanın qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi, yaxud dini təşkilat tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsinə, hər bir fiziki şəxs və ya quruma görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

635x100

Şərhlər

Moshu 2022-12-06 12:26:53

Hörmətli Azpolitika, Siz artıq yeni vacib bir təşəbbüslə oxucuların qarşısına çıxırsınız. Milli Məclisə təqdim edilən qanun layihələrinin qısa xülasəsini verməyiniz, birincisi, oxucuların hüquqi sahədə maariflənməsində böyük rol oynayacaq, ikincisi, bu layihələrə vətəndaşların hər hansı təkliflərinin irəli sürmələri baş verəcək. Ola bilər bu təkliflər hüquqi cəhətdən əsaslandırıla bilinməsin, lakin irəli sürülən təkliflər ola bilər ki, vacib bir müddəanın qanunda hüquqi dildə özünə yer tutması baş versin. Hansısa məlumatları, xəbərləri (bunlar da məlumat baxımından vacibdir) yayımlamaqdansa, məs., kim günorta nə yedi, kim kimlə hingildəşir, kim kimlə dingildəşir, qeyd etdiyim yeniliklər həm Sizin reytinqinizin artmasına gətirib çıxaracaq, eyni zamanda gənc nəslin cəmiyyətdə özlərinə mövqe tutmalarında, hüquqi cəhətdən hazırlıqlı olmasında önəmli rol oynayacaq. Güman edirəm ki, hüquqi sahədə bilikləri olan vətəndaşlarımız da bu layihələrə öz töhvələrini verəcəklər. Fikrimcə, oxucularınız da qeyd etdiklərimə müsbət münasibətlərini sərgiləyəcəklər. Bu təklifə Sizin də münasibətinizi bilmək maraqlı olardı.

Son yazılar