TARİX HEÇ KİMİ UNUTMUR VƏ YADDAN ÇIXARTMIR

Şəmsəddin MƏNSUROĞLU

“Tarix mənə xeyirxahlıq göstərməsə onu yazmalı olacağam”. 

Uinston Çörçill

Bəşəriyyət tarixində dövlətin və hüququn meydana gəldiyi quldarlıq cəmiyyətindən başlayaraq dövlət üçün “ərazi və millət” əsas şərt olub. Böyük ölkələrin miqyaslı tarixi qədim dövrdən XXI əsrə qədər belə olub. Köləlik dövrü, ağalar-qullar dünyası, inqilablar və kapitalizmin şirnikləndirici “piroqu” insanları və xalqları bir-birinə qarşı qoymaqla, iqtisadi Renesans - oyanış dövrü də itkisiz olmayıb. Qulların zəncirlərini qıraraq sərsəm dünyanın ağalarına qarşı mübarizədə - azadlıq uğrunda canlarını fəda etməsi, zəhmətkeşlərin bayraqlarla nümayişi, partiya manifestini alqışlayan liderlərin divardan asılmış portretləri səlnamədən artıq silinib, vecsiz bir əşya kimi tarixin arxivinə atılıb.

Qeyd etdiklərim unudulmaz keçmişdə qaldı. İndi həyata keçirilən quruculuq islahatları ötən dövrlərə örnək olaraq yeni sənət ilahəsinin təcəllası tək ətrafa şəfəq saçır. Nəqliyyat estakadaları, vüqarlı dağ və qayaların innovativ texnika ilə insanlara ram olması, kanatlı yollar, sualtı qayıqların insanları vəcdə gətirəcək möcüzəli su naxışları heyrətamiz mənzərələrdən xəbər verir. Unudulmuş tarixi mənzərələr indi turistlər üçün baxımlı bir yerə çevrilir...

Tarix səxavətlə yazılanda qapalı qalmış çox şeylərə aydınlıq gətirilir və “müqəddəslikdən” əsər-əlamət qalmır. Böyük şahlar və əzazil imperatorlar, müasir fironlar əməllərinə görə, imansızların isə imamlıq eşqinə düşməsi lənətlənir.

Ərəb millətindən olan ilk Nobel mükafatcısı - 34 romanın, 350 hekayənin, 15 ssenarinin, 5 pyesin və yüzlərlə hekayələrin müəllifi Nəcib Məhfuz (onu XX əsrin şahidi və səlnaməçisi də adlandırırlar) uzun illərdən sonra belə nəticəyə gəlir ki, “Dünya həyatın kölgəsidir, həyatın mənası isə həyatın özündədir”.

Yazıçı dünya şöhrəti qazanmış “Şeytan ayələri” romanının müəllifi Salman Rüşdini “İslam dinini təhqir etdiyinə görə” kəskin qınamış, lakin imam Xomeyni onun barəsində “ölüm fətvası” verdikdə Nəcib Məhfuz dünyanın 80 nüfuzlu ziyalısına qoşularaq “İfadə azadlığının məhdudlaşdırılmasının yolverilməzliyi” barədə bəyanata imza atmışdı. O, imzasını “Hec nə islama və müsəlmanlara yazıçının qətlinə çağıran fətva qədər ziyan vura bilməz”, - deyə əsaslandırmışdı. Nəcib Məhfuz da müəllifi olduğu “Məhəlləmizin övladları” romanına görə ilahiyyatcı Şeyx Ömər Əbd-ür-Rəhmanın müsəlmanları onu öldürməyə çağırması fətvasına məruz qalmışdı. 1994-cü ildə cahil bir dindar 82 yaşlı ədibə evinin yanında bıçaqla ağır xəsarətlər yetirir. Aldığı xəsarətlər nəticəsində Məhfuzun sinirləri zədələnir, sağ qolu gücdən düşür və tükənməkdə olan ömrünün sonuna qədər bu ağrılarla yaşamalı olur... 

XXX XI əsrdə Azərbaycanın Böyük Səlcuk imperiyasının tərkibinə daxil olması ilə Azərbaycan xalqının Renesans-oyanış dövrünün formalaşması prosesi başlayır.

Bu mənada müstəqil Azərbaycanın müasir tarixi və sivilizasiyasının özülü də qədimdir, eramızdan əvvələ gedib çıxır.

Azərbaycan, Kommunist Partiyasının bayrağı altında da inkişaf edib. Amma tədricən yuxarıdan aşağı partiya və partiya liderləri “Beşillik planların vaxtından əvvəl yerinə yetirilməsi”nin qurbanına çevriliblər. ”Kommunizm quruculuğu” altında davam edən reallıqdan uzaq kampaniya SSRİ-nin süqutuna səbəb oldu. Bu, həm də, Qərbin və ABŞ-ın (Mərkəzi Kəşfiyyat İdarəsinin uzun illərə hesablanmış kursu bəhrəsini verdi) həyata keçirdiyi davamlı “siyası islahatların uğuru” idi. Onlar Sovet Sosialist Respublikaları İttifaqının SOSİAL siyasətinin əleyhinə olmuşlar(?).

Nəhayət, nəhəng partiyanın azman kosmopolit kommunist ideologiyasının lokomotivi də “ölümlə nəticələnən qəza”ya uğradı.

Amma vahid ideologiyaya malik birpartiyalı sistemin sovet vətəndaşlarının həyat və rifah halının yaxşılaşdırılması sahəsində, təhsil və səhiyyənin inkişafında rolu danılmazdı. Ballistika elminin mühüm bir prinsipi var: “Yaxınlıqdakı hədəfi məhv etmək üçün uzağı nişan al”. Kommunust partiyası isə uzağı yox, yaxın məsafədə olan hədəfi nişan alar, uzağı görməzdı. Nəticəsi də hamıya bəllidir...

Etiraf edək ki, 1970-ci ildə dünyada mövcud 130 müstəqil ölkənin yalnız otuzunda liberal demokratiya olub. Bu ölkələrin əksəriyyəti Avropanın şimal-qərb hissəsində yerləşirdi. Hindistan kimi iri dövlət də, öz müstəqilliyini təmin etdikdən sonra liberal yolla irəliləyən ölkələrin sırasında üçüncü idi və qərb blokundan uzaqlaşıb sovetlərə yaxınlaşmağı üstün tuturdu.

1975-ci ildə kommunizm cənubi Vyetnamı, Laosu, Kambocanı sürətlə ələ keçirmişdi. 17 aprel 1975-ci ildə Kambocanın paytaxtı Prompen kommunistlərə məğlub oldu. Bir neçə gün sonra dünya Vyetnamın Sayqon şəhərindəki ABŞ səfirliyinin damından diplomatların helikopterin köməyilə necə xilas edilməsini televizorda izləyirdi. Bəşəriyyət Amerikan imperiyasının süqut edəcəyinə inanırdı. ”Domino nəzəriyyəsi” hələ dillərə düşməmişkən (“Domino daşları yıxıldıqda sıra ilə yanındakı daşları da yıxmağa başlayır” prinsipinə əsaslanan oyundan qaynaqlanır. ABŞ siyasətçıləri ”Soyuq müharibə” dövründə ölkələrin kommunist idarəçiliyi altına düşməsin deyə qonşu ölkələrdə kommunizmin yayılmasına səbəb ola biləcək fikrini özündə əks etdirən bir nəzəriyyə-Domino nəzəriyyəsini yaratdılar. Dünya, daha çox Amerika kommunist idarəçiliyindən narahat idi. Kommunist idarəçiliyi 1949-cu ildə Çində quruldu. 1954-cü ildə Vyetnam Kommunist Ordusu Vyetnam Miili Qurtuluş Cəbhəsinin(VİETMİN) Hind-Çinə hakim müstəmləkəçi qüvvə Fransanı böyük məğlubiyyətə uğratdı və Vyetnamın şimalında kommunist idarəçiliyin qurulmasından sonra ABŞ zənn etdi ki, kommunizm bir ölkədən digər ölkəyə keçərək bütün Asiyada yayılacaq. Həmin dövrün Amerika Prezidenti Eyzenhauer ilk dəfə olaraq mətbuata açıqlama verib bu məsələdən narahatlığını ifadə etdi.) 1975-ci ilin iyun ayında İndira Qandi ölkədə fövqaladə vəziyyət elan etdi. Dünyanın ən böyük demokratiyası da sosialist diktaturalarına qoşulmağa üstünlük verirdi. Vaşinqton özünü azad dünyanın lideri hesab etsə də, müttəfiqlərinin çoxu - avtoritar krallar, generallar (Əfqanıstan kralı Xalid, Mərakeş kralı Həsən və İran şahı, hərbi diktatorlar-Yunanıstanda polkovniklər, Çilidə general Pinoçet, İspaniyada general Franko, Braziliyada general Gelsel, Tayvanda generalisimus Çan Kayşi və s.) idi. Bunlar hətta NATO-ya qarşı idilər. Liberal demokratiyanın xilas yolu isə nüvə hazırlığından keçirdi. Məhz buna görə kütləvi qırğın silahların sahibləri - NATO, Sovetlərin hücum edəcəyi təqdirdə nüvə zərbəsi ilə cavab verəcəyini bəyan etdilər.

“Hücum etsəniz, əmin olun ki, bu müharibədən heç kəs sağ çıxmayacaq”, - deyə təhdid etməyə başladılar. Bununla da hər şey dəyişdi. Tarixin bataqlığından çıxan liberal demokratiya yuyunub dünyanı fəth etdi.

Ardı daha maraqlıdır. 1977-ci ildə İndira Qandi ölkədə fövqəladə vəziyyəti ləğv edib, Hindistanda demokratiyanı bərpa etməyə məcbur oldu. 1980-cı illərdə Şərqi Asiya və Latın Amerikası ölkələrində - Tayvan, Cənubi Koreya, Braziliya və Argentina kimi ölkələrdə də hərbi diktatura demokratiya ilə əvəz olundu. 1990-cı ildə isə sunamiyə bənzər güclü bir dalğa Sovet İmperiyasını da süpürüb tarixin zibilliyinə atdı... Deməli, güc NÜVƏdə imiş. İndi diplomatiya menyusunda nüvəsi olan ölkələr bu hərbi fənddən və şantajdan istifadə etmək istəyir. ”Ya dediyimi edəcəyəm, ya da heç kim sağ çıxmayacaq”,- deyə hamını təhdid edirlər. Ukrayna bəhanə oldu.

Qoça tarixin yaddaşında xalqların ağıllarının hüdudları daxilində bir-birilərinin məhvi üçün var-yoxlarını sərf etməsi faktları çox olub. İndi ağılla yaradılan kəşf və ixtiralar, hətta Nobel mükafatlarına layiq görülmüş elmi ixtiralar, nüvə silahları bizi təhdid edir. Yaxın onillər ərzində dünya tarixində heç vaxt olmayan ən əhəmiyyətli (bəlkə də fəlakətli) sivilizasiya transformasiyasını yaşamağa məcbur olacağıq. Beyinin və bədən əzələlərinin inkişafı dayanacaq. Beyinin də, əzələnin də funksiyasını başqa bir aqreqat-innovativ texnika yerinə yetirəcək (əvəz edəcək). Dünyanın indiki durumu şahmat lövhəsində oyunçunun sonrakı istənilən gedişinə - SUQSVANQ vəziyyətinə bənzəyir. Yəni vəziyyət dəyişməyəcək, əksinə mövqe bir az da əlverişsiz nəticə ilə başa catacaq. Oyun, cənab Qərbin və Amerikanın kəşfidir... Tarix isə heç kimi unutmur və yaddan çıxartmır.

XXX

XXI-ci yüzilliyin 20-cu illərində erudisiyalı dünya bəşəriyyətə töhfələr verməyə çalışsa da, transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növlərinin - qanunsuz silahlı birləşmələrin, narkomaniya və terror qruplaşmalarının, insan alveri cinayətlərinin bəşəriyyət üçün vahimə doğuran xüsusilə təhlükəli əməlləri artmaqda davam edir. Qəbul edilən beynəlxalq konvensiyalar hamılıqla tanınsa da, beynəlxalq aləmdə sülhün təminatına yönələn tədbirlər səmərəsiz və qeyri-ciddiliyi ilə diqqət çəkir. Narahatlığa bu gün də, sabah da əsas olacaq. Mənim, əksər xalqların vətəndaşı kimi təəssüratım belədir. Beynəlxalq hüququn dövlətlərə görk olacaq prinsiplərinə əməl etməyən kiçik və çılız dövlətlərə, BMT-nin TŞ-nın daimi üzvü olan dövlətlər havadarlıq edir. Təcavüzkar dövlətləri bəşəriyyətin gözü qarşısında ittiham etmək təşəbbüslərinə imkan verilmir, bu sahədə beynəlxalq hərbi tribunallar təsis edilmədiyindən Ermənistan cəzasızlıq mühitindən istifadə edir, bir az da harınlaşıb qudurur (İfadəmə görə oxuculardan üzr istəyirəm). Humanizmi belələrinə anlatmaq üçün insanla canavarı müqayisə etmək kifayətdir.

Haşiyə çıxıram: Konqo tropik meşələrinin dərinliyində bir piqmey ovçu yaxınlıqdakı kənd qızlarının, ”Harda qaldın...?” nəğməsini məlahətlə oxuduqlarını eşitdikdə tilsimlənmiş şəkildə yerində donub qalır, ürək döyüntüsü artır. Məlahətli səs onu xəyallar aləminə aparır. Və yaxud aylı bir gecədə təpəyə çıxmış canavar döllənmə dövründə olan dişi canavarın ulartısını eşidəndə o da, ulamağa başlayır. Erkək canavarın artan ürək döyüntüsü və tənəffüsü fərqli olur... Bu təəssüratlardan hansı qiymətli ola bilər?

Əlbəttə İnsan, o gözəlliyi vəhşi heyvandan daha yaxşı duya bilər. Canavar isə insan olmadığına görə “təəssüratı” qiymətli sayıla bilməz. Ona görə də, canavarın həyatı Allahın yaratdığı zəkalı varlığın həyatından aşağı tutulur, insanın həyatını xilas etmək üçün canavar Qırmızı Kitaba salınsa belə, onu məhv etmək mübahisə doğurmaz! Azərbaycan ərazisi uzun illər canavar dəstəsinin ağlasığmaz hücumuna məruz qaldı. Sapı qudurmuş itlər və murdar donuzlardan ibarət dəstələr insanlıqdan uzaq amansızlıqlara başladılar. Ağrısını çox daddıq...

Azərbaycan öz gücünə əmin idi və Ali Baş Komandanın ətrafında birləşib qalib çıxa biləcəyinə inanırdı. Belə də oldu. Vəhşi sürünü ərazilərimizdən - müqəddəs Allah evlərindən qova bildik...

Əsrlər ötmüş, xalqlar dəyişmiş, bəzi dövlətlər yer üzündən silinib-itmış, yeni dövlətlər “Millətlərin öz müqəddəratını sərbəst – müstəqil təyin etməsi” prinsipinə uyğun yaranıb... Azərbaycan dövlətinin tarixi bizim eradan əvvələrə təsadüf edir. Uzun illər Azərbaycan dövlətinin idarəçiliyi əldən ələ keçib, lakin keçmiş unudulmayıb. Necə deyərlər, “keçmişi unudan, müasir dövrdə hökmranlıq edə bilməz”.

Sonda: Dünyanın dominantlıq arzusunda olan ölkələri yalanla həqiqəti fərqləndirə və müvazinətlərini saxlaya bilsələr, həddini aşmasalar bəşəriyyət təhlükəsiz bir səma altında yaşayacaq...

635x100

Şərhlər

Ok 2022-12-16 13:43:28

Çox gözəl,ibrətamiz məqalə.Müəllifə təşəkkürlər.

Son yazılar