Menu

ABŞ mətbuatı İranı idarə etmiş Azərbaycan sülalələrindən yazıb

22.12.2022, 12:18
ABŞ mətbuatı İranı idarə etmiş Azərbaycan sülalələrindən yazıb

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında Azərbaycan türklərinin İran tarixindəki yerindən bəhs edən “Azərbaycanlı alim: İran qədim zamanlardan Azərbaycan türk sülalələri tərəfindən idarə olunub” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə XV əsrdən 1925-ci ilə qədər Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar kimi Azərbaycan türk sülalələrinin İranı idarə etdiyi bildirilib. Məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyliyə istinadən İranın mahiyyətcə türk dövləti olduğunu qeyd olunmaqla Azərbaycan sülalələrindən başqa adıçəkilən ölkəni idarə etmiş Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar və Teymurilərin də etnik türklər olduğu diqqətə çatdırılıb.

Azərbaycanlı akademikin sözlərinə görə, “İranda fars şovinistləri yalnız XX əsrdə hakimiyyəti ələ keçiriblər. Halbuki əsrlər boyu İranda ünsiyyət dili, indiki Tehran rejiminin iddia etdiyi kimi, fars dili deyil, Azərbaycan türkcəsi olub. İndi də Tehranda, Məşhəddə və digər böyük şəhərlərdə müxtəlif millətlərin nümayəndələri Azərbaycan dilində danışırlar, baxmayaraq ki, İranda Azərbaycan dili məqsədli şəkildə sıxışdırılır”.

Məqalədə fars dilindən fərqli olaraq İranda Azərbaycan dilinin xalqın dili olduğunu iddia edən İ.Həbibbəyli eyni zamanda əlavə edib: “Bununla belə, Prezident İlham Əliyev dünya azərbaycanlılarının lideri kimi haqlı olaraq bildirib ki, İranda Azərbaycan dili məktəblərdə tədris olunmadığına görə ancaq gündəlik ünsiyyət vasitəsi səviyyəsində qalır. Kiçik erməni icması üçün məktəblər, radiolar və kilsələr açan, qəzetlər nəşr edən İran İslam Respublikası çoxmilyonlu Azərbaycan xalqının ana dilində təhsil almaq hüququnu tanımalıdır”.

Akademikin dediyinə görə, “İranda yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edilməsi yolverilməzdir və insan hüquqlarına, ümumilikdə insanlığa tamamilə ziddir. Bu mənada Güney azərbaycanlıların hüquqları bərpa edilməli, onlara haqq etdikləri bütün azadlıqlar verilməlidir”.

İsrailli politolioq yazısında bugün Azərbaycan dövlətinin İranda yaşayan soydaşlarının azadlıq uğrunda mübarizəsini dəstəkləmək üçün hər cür əsası olduğunu vurğulayıb. Məqalədə Azərbaycan Milli Məclisinin üzvü, xalq şairi Sabir Rüstəmxanlının da fikirlərinə yer verilib: “Azərbaycan Prezidenti əvvəllər də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların öz ana dilində mütaliə etmək hüququ ilə bağlı fikirlərini bildirib. ADA Universitetində keçirilən beynəlxalq konfransda İkinci dəfə bu məsələyə qayıdıb. Əslində bu, İranın son 30 ildə atdığı addımlara cavabdır. Prezident diplomatik etikaya arxalanaraq fikrini belə ifadə edir. Çünki İran 30 il ərzində düşmənlərimizə kömək edib, Qarabağın dağıdılmasında, kəndlərimizin viran qoyulmasında və talan edilməsində iştirak edib. Üstəlik, 40 milyona yaxın güneyli soydaşımızın haqqını tapdalayıb, onların torpaqları üzərindən düşmənə yol verib”.

Müəllif sonda belə bir fikir ifadə edib ki, Güney Azərbaycanın yenidən azad və müstəqil olmasının, bütün güney azərbaycanlıların öz ana dilində danışmaq, işləmək və təhsil almaq hüququ əldə etməsinin və beləliklə, molla rejimindən ayrılaraq qədim zamanlardan türklərin nəzarətində olan torpaqlarda şanlı türk irsini bərpa edəcək Güney Azərbaycan milli hökumətini yenidən qurmağının vaxtı yetişib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:https://foreignpolicyblogs.com/2022/12/15/azerbaijani-academic-iran-was-ruled-by-azerbaijani-turkic-dynasties-since-antiquity/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol