Noyabrın 14-də İsveç rəsmiləri təsdiq ediblər ki, ötən ay kiçik sualtı gəmi İsveç dəniz ərazisinə qanunsuz daxil olub.
Gəminin hansı ölkəyə mənsub olduğunu müəyyən etmək mümkün olmayıb.
İsveçin baş naziri Stefan Lofven xəbərdarlıq edib ki, İsveç ərazilərinə qanunsuz daxil olmaq bunu edənlər üçün “böyük risk” kəsb edir və İsveç öz ərazilərini “bütün yollarla” qorumağa hazırdır.
Xatırladaq ki, İsveç oktyabrın 17-də Stokholmdan Baltik dənizinə qədər uzanan adalar yaxınlığında sualtı qurğunun görüldüyünü bildirərək tədqiqat və axtarış əməliyyatlarına start vermişdi. Sərhəddi qanunsuz pozan sualtı gəminin Baltik dənizinə geri döndüyünü təxmin edən İsveç qüvvələri axtarışları bir həftə sonra dayandırmışdılar.
Hərbi rəsmilər heç bir ölkəni açıq ittiham etməsə də, əksər isveçli müdafiə ekspertləri bunun arxasında Rusiyanın olduğunu iddia ediblər.
“Heç bir ölkənin adını çəkmək mümkün deyil, ancaq bir təsdiq edirik ki, orada gəmi var idi”, - İsveç ali komandanı Sverker Goranson bildirib. O, hərbçilərin sərhəd pozuntusu haqda sübutları olduğunu desə də, heçnə əlavə etməyib.
Baş nazir isə öz növbəsində İsveç dəniz sərhədlərinə nəzarəti artıracağına dair söz verib.
Qeyd edək ki, 2008-ci ildən etibarən İsveç silahlı qüvvələri sualtı gəmilərə qarşı xüsusi vertolyotlar alıb. /eunews.az


Şərhlər