“Priqojin açıq şəkildə Şoyquya qarşı hücuma keçib. Çünki Gerasimova (Baş Qərargah rəisi-red.) qarşı hücum Şoyquya qarşı hücumdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Donbasdakı separatizmin ilk yaradıcılarından biri, ultramillətçi və Haaqa Məhkəməsinin terrorçu kimi barəsində qiyabi ömürlük həbs qərarı çıxardığı İqor Strelkov(Qirkin) deyib.
Strelkov bildirib ki, artıq Rusiya hərbi-siyasi elitasında Ukraynadakı müharibəni necə qələbə ilə başa vurmaq yox, Putindən sonra hakimiyyətin necə bölüşdürülməsi uğrunda mübarizə gedir və Putinin ətrafındakı qruplaşmalar hakimiyyət bölgüsünə hazırlaşırlar: “Priqojin öz avtoritetini şişirtməklə məşğuldur və bu, artıq publik müstəviyə çıxıb. Onun KİV-lərdəki son çıxışları göstərir ki, o, özünü təkcə hərbi komandir deyil, həm də ictimai-siyasi xadim kimi təqdim edir. Onun kimin komandasında oynadığı barədə isə müxtəlif versiyalar var... İstənilən halda, Priqojinin təmsil olunduğu qruplaşma Şoyqunun təmsil olunduğu, yaxud rəhbərlik etdiyi qruplaşma ilə qarşıdurmadadır. Onlar mərmilərin sayı, yaxud “Vaqner”in cəbhənin hansısa daha perspektivli istiqamətə köçürülməsi uğrunda savaşmırlar. İndi söhbət Putindən sonra nə olacağından gedir. Bu, nə vaxt olacaq – bir ildən, yaxud iki ildən sonra, bilinmir. Faktiki olaraq, Putinin ətrafındakı qruplaşmaların hakimiyyət olimpi uğrunda savaşı başlayıb və bu, bizim gözlərimiz önünə çıxıb. Bəli, hakimiyyət uğrunda mübarizə...”
Qirkin deyib ki, vaxtilə Pyotr Poroşenkonun zamanında Ukraynada bu cür vəziyyət yaranmışdı. İndi isə Ukraynada hakimiyyət uğrunda mübarizə yoxdur və hər şey Zelenskinin və onun “Qərbdəki himayədarlarının” nəzarətindədir: “Bizdə isə feodal özbaşınalıq baş qaldırıb. Hərbi böhran hakimiyyət böhranına çevrilib və getdikcə hakimiyyət böhranı hərbi böhranı daha da dərinləşdirəcək. Vaxtında təcili tədbirlər görülməsə, hər şey bu cür spiral üzrə də davam edəcək...”
Xatırladaq ki, qatı şovinist baxışları ilə tanınan və “rus dünyası ideyası”nın ən radikal daşıyıcılarından olan FTX polkovniki İ. Qirkinin özü Rusiyada hakimiyyət uğrunda mübarizə aparan qruplaşmalardan birinin nümayəndəsi sayılır.
Azərbaycana və Türkiyəyə də qarşı aqressiv mövqeyi ilə seçilən Qirkin bir müddət əvvəl Kremlə xəbərdarlıq edərək, bu gedişlə Ermənistanın və Qarabağın “Rusiyanın əlindən çıxacağını”, Qafqazda Türkiyə və Azərbaycan ordularının daha da güclənəcəyini proqnozlaşdırmışdı.
O, həmçinin, Rusiyanın Ukraynadan sonra Qazaxıstana qarşı hərbi əməliyyat keçirməsinin qaçılmaz olduğunu da bəyan edib.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər