Menu

“Qərb Rusiyanı parçalamaq, dünyanın siyasi xəritəsindən silməyə çalışır” – Patruşev

10.01.2023, 17:22
“Qərb Rusiyanı parçalamaq, dünyanın siyasi xəritəsindən silməyə çalışır” – Patruşev

“Moskva Ukraynada ABŞ-ın başçılıq etdiyi NATO hərbi alyansı ilə döyüşür və Qərb Rusiyanı dünyanın siyasi xəritəsindən silməyə çalışır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Argumenti i Fakti” qəzetinə müsahibəsində deyib.

Putin Ukraynadakı müharibəni “aqressiv və özündənrazı” Qərblə ölüm-dirim savaşı kimi təqdim edir, deyir ki, Rusiya özünü və xalqını təcavüzkardan bütün mümkün vasitələrlə qoruyacaq. Müharibədə ciddi uğursuzluqlara baxmayaraq, Putin Ukraynada qələbə vəd edib.

“Ukraynada baş verənlər Moskva və Kiyevin toqquşması deyil – Rusiya və NATO-nun, hər şeydən əlavə Birləşmiş Ştatlar və Britaniyanın hərbi toqquşmasıdır. Qərblilərin planı Rusiyanı parçalamaq, sonucda onu dünyanın siyasi xəritəsindən silməkdir”, – Patruşev vurğulayıb.

Rusiya ötən il fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlamaqla 2-ci Dünya müharibəsindən sonra Avropada ən çox ölümlə nəticələnən münaqişələrdən birinə səbəb olub. Bundan savayı, 1962-ci ilin Kuba Nüvə Böhranından bəri Moskva və Qərb arasında ən böyük qarşıdurma yaranıb. O zaman keçmiş Sovet İttifaqı və Birləşmiş Ştatlar nüvə müharibəsinə yaxınlaşmışdılar.

Birləşmiş Ştatlar və Qərb müttəfiqləri Rusiyanın Ukraynaya müharibəsini pisləyib. Ukrayna sonuncu Rusiya əsgəri torpağından çıxarılanadək vuruşacağını bəyan edib.

“Reuters” yazır ki, Putini 1970-ci illərdən tanıyan keçmiş sovet casusu Patruşevin fikirləri Kremlin ən yüksək dairələrinin nə düşündüyünə işıq salır. O, 2021-ci ildə MKİ direktoru Uilyams Börnsün Ukraynaya işğalla bağlı xəbərdarlığını rədd eləmişdi.

Patruşev sovetsayağı təhlilində Qərbin siyasi elitasını korrupsioner kimi təqdim edir, transmilli korporasiyaların, biznes klanlarının nəzarətində olduğunu, onların bütün dünyada “rəngli inqilablar” planlaşdıraraq icra etdiyini deyirdi.

Patruşevin fikrincə, ABŞ Əfqanıstan, Vyetnam və Yaxın Şərqdə qarışıqlıq yaradır, illərdir Rusiyanın “özünəməxsus” mədəniyyət və dilinə zərbə vurmağa çalışır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol