“PUTİN ELƏ BİLİRDİ Kİ, BİZDƏN ÇOX YAŞAYACAQ...” – “Onun işğalçılıq müharibəsi məğlubiyyətə doğru gedir”

“Putinin işğalçılıq müharibəsi məğlubiyyətə doğru gedir”.

“AzPolitika.info” “CNN”-ə istinadla xəbər verir ki, bunu bu gün gözlənilmədən Kiyevə səfər edən ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

Zelenski ilə yan-yana dayanan Bayden Putinin Ukraynaya qarşı müdaxilə qərarı verərkən böyük səhvə yol verdiyini bildirib: “Putin düşünürdü ki, Ukrayna zəifdir, Qərb isə parçalanıb. O, elə bilirdi ki, bizdən çox yaşayacaq. Düşünmürəm ki, o, indi də belə hesab edir... O, açıq şəkildə səhv edirdi. Bir ildən sonra bunun sübutu burada, bu otaqdadır. Biz burada bir yerdə dayanmışıq”.

Bayden çıxışında bir il əvvəl, müharibənin ilk günüdə yaşananları və Zelenski ilə “rus təyyarələri havada olanda və tanklar sərhədi keçəndə” baş tutan telefon söhbətini xatırladıb: “Siz mənə dediniz ki, arxa fonda partlayış səsləri eşidirsiniz. Mən bunu heç vaxt unutmaram. Dünya (həmin gecə) dəyişmək ərəfəsində idi. Siz dediniz ki, bir daha nə vaxt yenidən danışacağımızı bilmirsiniz. Bir il əvvəl, həmin qaranlıq gecədə dünya sözün əsl mənasında Kiyevin süqutuna, hətta ola bilsin, Ukraynanın sonuna hazırlaşırdı. Bir il sonra Kiyev dayanır. Ukrayna dayanır. Demokratiya dayanır. Amerikalılar sizinlə dayanır, dünya sizinlə dayanır”. Bayden sonda deyib ki, Ukrayna onun “ürəyinin bir hissəsini zəbt edib”.

Qeyd edək ki, Bayden Kiyevə səfəri çərçivəsində Ukraynaya yeni yardım paketini və Rusiyaya qarşı yeni sanksiyaları elan edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar