“BU, RUSLARIN SON DÖYÜŞÜ OLACAQ...” – “Onlarda heç nə alınmayacaq”

Son zamanlar Rusiya ordusunun “axsayan” hücumlarına dəstək verməkdən ötrü aviasiyadan kütləvi şəkildə istifadəyə hazırlaşması barədə informasiyalar gəzir.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın hərbi aviasiyadan aktiv istifadə niyyəti, Ukrayna enerji infrastrukturunu məhv etmək planları və digər mövzularla bağlı israilli hərbi ekspert Sergey Auslender Ukraynanın “Apostrof.ua” internet portalında öz fikirlərini bölüşüb: ”Rusiyalılara yerüstü hücumları dəstəkləmək üçün hansısa vasitələr lazımdır, çünki belə görünür ki, onların artilleriya və mərmilərlə bağlı problemləri artıq başlayıb. Rusiya ordusunda zirehli texnika ilə bağlı problemlər isə çoxdan müşahidə edilir. Əgər hərbi dəstələrin birində tank çatışmırsa, digərində BTR çatışmır və əsgərlər zirehli texnika olmadan hücuma keçirlər.

Aydındır ki, indi ruslara təzyiqi artırmaq və hər hansı kiçik ölçülü qələbə qazanmaq üçün istənilən vasitə gərəklidir. Belə deyək, Moskva üçün qələbə görüntüsü çox vacibdir. Sözsüz ki, hansısa böyük qələbədən söhbət gedə bilməz. Ancaq qələbə görüntüsü naminə onlar riskə getməyə hazırdırlar. Ukrayna ordusunda zenit kompleksləri və Hava Hücumundan Müdafiə sistemlərinin kifayət qədər olmasını nəzərə alsaq, deməli, əgər ruslar cəbhədə aviasiyadan kütləvi istifadə etməyə girişsələr, böyük itkilər verəcəklər.

Digər tərəfdən, anlamaq lazımdır ki, rusların yaxşı təlim görmüş pilotları çox azdır. Ona görə ki, yaxşı pilotların əksər hissəsi həlak olub, əsir düşüb, ya da yaralanıb. Bəli, düşmənin aviasiyası ayrı-ayrı məntəqələrdə peyda ola bilər, lakin bu, onlara geniş miqyaslı üstünlük əldə etməyə imkan vermir. Həm də ki, belə hücumlar aviasiyanın mütləq böyük itkilər verməsi ilə nəticələnəcək.

Ukrayna ərazisində Rusiya ordusunu daha nə ilə gücləndirmək olar? Texnika yoxdur. Onlar texnikanı saxlama anbarlarından götürüb cəbhəyə gətirirlər. Bəs bu nə texnikadır? Bunlar köhnəlmiş, saxlama bazasında 40 ildən artıq yatıb qalmış texnikalardır. Belə bir tankı necə istifadə etmək olar? Mümkün deyil. Onu gərək tamamilə yenidən düzəldəsən.

Rusların döyüş qabiliyyətli hissələri müharibənin birinci mərhələsində məhv edilib. Hazırda hücuma göndərilənlər əsas etibarı ilə yeni səfərbər olunan əsgərlərdir.

Rusiyanın güclü elit birləşmələri, 155-ci dəniz piyadaları briqadası haqqında söhbətlər hamının yadındadır. Artıq həmin tərifli dəniz piyadaları briqadası yoxdur, çünki briqadadan geriyə bir şey qalmayıb.

Bu, rusiyalıların sonuncu və həlledici döyüşü olacaq. Bütün bunların hamısı ondan xəbər verir ki, rus ordusunun qarşısında mart ayının sonuna, aprelin əvvəlinə kimi Donbasın “təmizlənməsi” məsələsinin həll olunması tapşırığı qoyulub. Onlar bundan artıq nəsə edə bilməzlər.

Rusiya ordusu Putinin Federal Məclisə müraciətinə kimi ciddi bir şeyə nail ola bilmədi. Bəs əgər hücumlardan bir şey çıxmasa, nə olacaq? Vəziyyətdən çıxmaq üçün açıq şəkildə yalana baş vuracaqlar, cəbhədəki “böyük uğurlardan” danışacaqlar və deyəcəklər ki, bütün dünya bizə qarşıdır, lakin biz hamıya qalib gəlirik, iqtisadiyyat yüksəlişə keçib və sair boşboğazlıqlar....

Və ya şərti olaraq Baxmut kimi hansısa kiçik bir şəhəri ələ keçirməyi gözləyəcəkər və deyəcəklər ki, hər şey əla gedir.

Əgər hava şəraiti indiki kimi qalarsa, Rusiyanın hücumu maksimum aprel ayının əvvəlinə kimi çəkər, yox əgər istilər düşərsə, yağış yağarsa və yollar keçilməz olarsa, onda bütün bu hücumlar bitəcək. Ümumiyyətlə, hücum etmək mümükn olmayacaq. Sizinkilər də hücum edə bilməyəcək, amma mən bilən sizinkilər hələ ki, hücuma keçməyə hazırlaşmırlar. İndi Ukrayna ordusu bu müharibə ərzində ikinci dəfədir ki, strateji müdafiə əməliyyatı həyata keçirir.

Ukrayna ordusunun hücum etməsi üçün ilk növbədə rusların hücumunun önü kəsilməli, Qərb texnikasının gəlişi gözlənilməli, ehtiyat qüvvə formalaşdırılmaldır. Yazın sonu, yayın əvvəlində isə əks-hücum barəsində söhbət gedə bilər.

Rusiyanın Ukrayna enerji infrastrukturunu məhv etmək ssenarisi uğursuzluğa düçar olub. Ukraynanın enerji sistemi çox geniş və şaxəlidir. Ukrayna kiçik ölkə deyil ki, hardasa iki elektrik stansiyası olsun və bunları bombalayandan sonra ölkə tamamilə işiqsız qalsın.

Ukraynanın xeyli elektrik generasiya edən gücü, çoxlu paylayıcı imkanları var və hətta Avropadan da enerji almaq mümkündür. Bununla yanaşı, dağıntıları tez bərpa edən Ukrayna energetiklərinin qəhrəmanlıqlarını da qeyd etmək lazımdır. Xoşagəlməz hallar olsa da, işıqlar sönsə də, bütün bunları total kəsilmə adlandırmaq olmaz.

Ruslarda heç nə alınmayacaq. Raket atəşləri ilə nələrsə dağıdılsa da, onların hamısı tədricən bərpa olunur. Beləliklə, Rusiyanın planı bütövlükdə uğursuzluqla yekunlaşıb”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar