SABİQ ŞAHZADƏ MÖVCUD REJİMƏ QARŞI – İran müxalifəti “keçid hökuməti” formalaşdıra bilərmi?

prof. Ramazan SİRACOĞLU

Azərbaycan Respublikasına qarşı münasibətdə ziddiyyətli mövqe sərgiləyən, Qarabağ məsələsində birmənalı şəkildə Ermənistanı dəstəkləyən İran İslam Cümhuriyyətində sular durulmaq bilmir. 

Ötən ilin sentyabr ayından İranın müxtəlif yerlərində “Qadın, həyat, özgürlük” şüarı ilə başlayan, gah səngiyən, gah da artan etirazlar dalğası , beynəlxalq iqtisadi sanksiyalardan tənəzzülə uğramış ölkədə iqtisadi böhranı daha da dərinləşdirib. Bu hal mövcud durumu fürsət bilən mühacir müxalifəti də fəallaşdırmışdır. Dünyanın müxtəlif yerlərinə səpələnmiş, mühacir həyatı yaşayan, müxalif düşüncəli iranlılar qəribə bir operativliklə müntəzəm olaraq etiraz yürüşləri təşkil edir, rejim əleyhinə kəskin siyasi şüarlar səsləndirir, müxtəlif beynəlxalq təşkilatlara şikayət ərizələri ünvanlayır, İrana qarşı daha sərt tədbirlər görülməsini istəyirlər. Yaşayışın günü-gündən çətinləşməsi, bahalığın fantastik səviyyəyə qalxması və işsizliyin çoxalması indi, sözün əsl mənasında, İran müxalifətinin lehinə işləyir.

Yarandığı vaxtdan bəri (1963-cü il) hər il Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransına bu il ilk dəfə idiki ki, İran rəsmilərindən heç kim dəvət olunmadı. 17-19 fevral 2023-cü il tarixlərində gərçəkləşən və 50-yə yaxın dövlət başçısının, təqribən yüz xarici işlər nazirinin iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransına İran siyasi rejimini devirmək istəyən müxalif antirejim koalisiyasının lideri, sabiq şahzadə Reza Pəhləvi və müxalifətçi xanım jurnalist Məsumə Məsih Əlinejad qatılmışdı. Məlumat üçün bildirmək lazımdır ki, əhatə dairəsinə, əhəmiyyətinə görə dünyanın ən ciddi toplantısı olan Münhen Təhlükəsizlik Konfransının əsas məqsədi dünya ölkələrinin xarici siyasətinin güncəl məsələlərini, təhlükəsizlik və müdafiə problemlərini birgə müzakirə etmək, cari ildə görüləcək işlərin istiqamətini müəyyənləşdirməkdir. Bu konfransa Rusiyanın da çağırılmaması düşündürücüdür (Bax: https://www.politico.com/news /2023/02/18/iran-former-crown-prince-00083576).

Beynəlxalq sanksiyaların təzyiqi nəticəsində iqtisadi çöküş yaşayan İranda keçən ilin sentyabr ayından başlayan ictimai etirazlar səngimək bilmir. Mövcud rejimin xaricdə yaşayan əleyhdarları daxili çəkişmələrdən mümkün qədər yararlanmağa, siyasi baxımdan maksimum qazanmağa çalışırlar. Onlar öz aralarındakı incikliklərini bir yana buraxaraq vahid məqsədə çatmaq, yəni rejimi devirmək üçün birlik- etelaf- yaradırlar. Müxalif qüvvələrin bəziləri, formalaşmaqda olan birliyin lideri kimi sabiq şahın mühacir həyatı yaşayan oğlu Reza Pəhləvini (31.10.1960) görürlər. Ana və nənə tərəfindən türk olan şahzadə Reza Pəhləvi Hərbi Hava Qüvvələri məktəbinin və Cənubi Kaliforniya Universitetinin Siyasi elmlər fakültəsinin məzunudur. Ana dilindən başqa ingilis və fransız dillərini də mükəmməl bilir. Reza Pəhləvinin düşüncəsinə görə, İran dünyəvi, demokratik və sekulyar dövlət olmalı, din dövlətdən ayrılmalıdır (Bax:https://www.bloomberg.com/opinion/articles/2018-06... democratic-revolution?leadSource=uverify%20wall ).

Londonda fars və ingilis dillərində yayımlanan “Mən o to” (Mən və sən) televiziya kanalına 13 yanvar 2023-cü il tarixində müsahibə verən sabiq şahzadəyə dəstək məqsədi ilə mühacir iranlıların bir dəstəsi “Mən vəkalət verirəm –من وکالت میدهم - ” kampaniyası başladıb. Reza Pəhləviyə indiyə qədər onlayn şəkildə 500 mindən çox dəstək imzası toplanıldığı iddia olunur. Reza Pəhləvini öz təmsilçiləri olaraq görənlərin bəzisi onu yalnız keçid dönəminin lideri kimi görür. Ümumiyyətlə, İran müxalifəti öz siyasi baxışlarına görə çox fərqli olduğundan, monarxiyanın süqutundan bəri keçən 44 il ərzində heç zaman bir ortaq fikrə gələ bilməmişdir. Onların bəzisi monarxist, bəzisi respublikaçı, bəzisi paniranist, bəzisi federalist, bəzisi isə istiqlalçıdır. Dərhal xatırlatmalyıq ki, sabiq şahzadə Reza Pəhləvi sümüklərinin iliklərinə qədər paniranistdir. Etnik mənsubiyyətinə görə yarı türk, yarı fars olan (Ana tərəfdən babası Söhrab Diba (1900-1948), ata tərəfdən nənəsi Tacxanım Ayrımlı (1896-1982) və anası Şahbanu Fərəh Diba Pəhləvi (1938) milli mənşəcə türkdür) sabiq şahzadə Reza Pəhləvi İranda yaşayan bütün etnik qrupların eyni bayraq altında və vahid ölkədə yaşamasının əsas şərt olduğu fikrindədir. Məlumat üçün xatırladaq ki, 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı gənc Reza Pəhləvi ABŞ-dan könüllü olaraq İrana qayıdıb İran Hərbi Hava Qüvvələri sıralarına hərbi təyyarəçi kimi xidmət etmək arzusunda olduğunu bildirmişdi.

Maraqlıdır ki, sabiq şahzadə Reza Pəhləvini islam inqilabından əvvəl siyasi baxışlarına görə həbs olunmuş insanların da bəziləri dəstəkləyirlər. Məsələn, hazırda Parisdə mühacir həyatı yaşayan solçu düşüncələri ilə tanınan müğənni Dariuş Eqbali, İran milli yığmasının, “Perspolis” və “Traktor” komandalarının sabiq futbolçusu Əli Kərimi, “Emmi” amerikan mükafatı laureatı, məşhur aktrisa Şöhrə Ağdaşlı, siyasi fəal müğənni Şahin Nəcəfi, taykvondo üzrə olimpiya mükafatçısı Kimiyə Əlizadə, “Qadın, həyat, özgürlük” şüarı ilə keçirilən etiraz mitinqlərində həlak olmuş on altı yaşlı Nikanın anası Nəsrin Şakərəmi, həmin iğtişaşlarda həyatını itirmiş Puyanın atası Mənuçöhr Bəxtiyari, çoxsaylı istəklərdən sonra ölüm cəzasından azad edilmiş Əmirhüseyn Muradi, habelə, siyasi məhbuslar Muhamməd Danyali və Reza Nouruzi belələrindəndir.

Sabiq şahzadə Reza Pəhləvinin nə dərəcədə səmimi olduğunu müəyyənləşdirmək çətindir. Qatı millətçilərdən, liberal-demokratlardan, aşırı sağcılardan, loyal solçulardan fərqli olaraq Reza Pəhləvi öz çıxışlarında heç vaxt qəti mövqe sərgiləmir, özünün monarxiya və ya respublika tərəfdarı olduğunu açıqlamır, gələcək siyasi rejimin xalqın ümumi rəyi ilə təsbit olunmasını arzulayır, lakin ona edilən “şahzadə” müraciətini də məmnunluqla qarşılayır. Reza Pəhləvinin əleyhdarları da az deyildir. 1941-1979-cu illərdə İran şahı olmuş atası Məhəmməd Reza Pəhləvinin zamanında baş vermiş haqsısızlıqlari, istibdadı unutmayan antimonarxistlər və feministlər onu ciddi şəkildə tənqid edərək “Mən vəkalət vermirəm” kampaniyası aparır, daşa, divara “Nə şah, nə rəhbər; ölsün sitəmgər” şüarı yazırlar. Feministlər düşünürlər ki, qadın azadlığı uğrunda mübarizəyə qadın başçılıq etməlidir; istiqlalçılar düşünürlər ki, türklərin, kürdlərin, ərəblərin, bəlucların müstəqil olmasını istəməyən şəxs ümumi müxalifətin başçısı ola bilməz. İran fəhlələrinin müstəqil həmkarlar ittifaqının aparıcı xadimi Cəfər Əzimzadə və iranlı tələbələrin siyasi fəalı Ziya Nəbəvi sabiq şahzadə Reza Pəhləvinin birləşmiş müxalifətin vahid lideri kimi qəbul etmirlər. Kanadanın Toronto şəhərində mühacir həyatı yaşayan tanınmış hüquqşünas Kavə Şahruz düşünür ki, “İrandakı mövcud rejimə təkcə Reza Pəhləvinin liderliyi ilə qalib gəlmək olmaz, ancaq bu mübarizəni Reza Pəhləvisiz də aparmaq imkansızdır”. Sabiq şahzadə Reza Pəhləvi siyasi divident əldə etmək naminə müxtəlif qütblü siyasi əqidəli şəxslərlə əməkdaşlığa can atır. Məsələn, İranda yaşayan sünnilərin tanınmış lideri Molla (mövləvi) Əbdülhəmid İsmayılzəhini və insan hüquqları müdafiəçisi Nəsrin Sutudəni açıq şəkildə dəstəklədiyini bildirən Reza Pəhləvi, bu hərəkəti ilə həmin şəxslərin də çoxsaylı tərəfdarlarının rəğbətini qazanmağa çalışır. Reza Pəhləvi özünü Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandiyə (1869-1948) və Cənubi Afrika Respublikasının mərhum Prezidenti Nelson Mandelaya (1918-2013 ) bənzədir. Özünü birləşmiş müxalifətin başçısı olaraq görən sabiq şahzədə onu dəstəkləyənləri İranın ərazi bütövlüyünün qorunması şərti ilə beynəlxalq insan haqlarına əsaslanan dünyəvi demokratiyaya və azad səçkilərlə siyasi rejimin müəyyənləşdirilməsinə nail olmağa səsləyir.

Reza Pəhləvi düşünür ki, çətin sosial-məişət, hüquqi, siyasi, iqtisadi, hərbi və əxlaqi məsələləri həll etməyi öz üzərinə götürməklə mollalar özlərini müşkül duruma düşürüblər. İllər keçsə də, öz həllini gözləyən problemlər çözülmür və insanlar da haqlı olaraq onlara qarşı etiraza qalxırlar. İşsizliyin artması, bahalıq, minimal ehtiyacların ödənilməməsi nəticə etibarı ilə ayaqlanmalara səbəb olur. (Bax: Winds of Change; Washington, Regnery Publishing, 2001, pp. 26-28 )

Yaranan vəziyyəti yetərincə təhlil edən və mövcud duruma görə davranan Reza Pəhləvi hiyləgərcəsinə çox vaxt özünün dini baxışlarını gündəmə gətirmir, Kəbə başda olmaqla bir çox dini yerləri ziyarət etməsindən heç söz açmır, ortancıl övladının adının İman olmasını da açıb-ağartmır. Dinə münasibəti barədə israr edildikdə, ehtiyatla özünün əqidəli mömin olduğunu vurğulayır: در واقع خود را انسانی با ایمان و دیندار میدانم – Özümü, gerçək iman sahibi və dindar insan bilirəm (Bax: https://www.radiofarda.com/ a/f4_interview_reza_pahlavi_radio_ farda/24522669.html).

Görünür, sabiq şahzadə nə çoxmilyonlu dindarların dəstəyindən, nə də antiklerikal düşüncəli kəsimin yardımından məhrum qalmaq istəyir. Reza Pəhləvi Avropa dövlətlərinə təklif edir ki, İran İslam Cümhuriyyətinin beynəlxalq banklarda dondurulmuş hesabı hazırkı müxalifətin və İran xalqının istifadəsinə verilsin, Qərb dövlətləri İrandakı etiraz mitinqlərinin iştirakçıları və iqtisadi tətilçilər üçün xüsusi maddi fond yaradılmasına kömək etsinlər (Bax: https://www.politico.com/news /2023/02/18/iran -former-crown-prince-00083576).

Beynəlxalq güclərin hərbi doktrinalarını diqqətlə araşdıran sabiq şahzadə Reza Pəhləvi 2023-cü ilin yanvar ayında İtaliya televiziyasının V Kanalına müsahibə verdiyi zaman İranın təcili olaraq Rusiyadan uzaqlaşmasının, İsrail ilə münasibətlərin normallaşmasına nail olunmasının, nüvə proqramından birdəfəlik əl çəkilməsinin və qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipinə riayət edilməsinin son dərəcə vacib olduğunu bildirmişdir (Bax: https://www.middleeastmonitor. com/20230215-a -pro-israel-iran-would-be-the-result-of-overthrowing -the-islamic-republic/). 

İzləyə bildiyimiz mətbuatdan belə düşünmək olar ki, hazırda mövcud rejimin aparıcı müxalifətinin təmsilçiləri keçid dönəmi üçün lider gördükləri Reza Pəhləvinin səsləndirdiyi fikirlə razıdırlar. Əgər İran müxalifəti aralarındakı mövcud ciddi ziddiyyətləri həll edib ortaq məqbul fikrə gələ bilsə, o zaman İran rejimi qırx dörd il boyu ciddi müqavimət görmədiyi siyasi meydanda, dəqiq siyasi hədəfi, aydın fəaliyyət planı olan əleyhdarı ilə qarşı-qarşıya qalacaqdır. Sabiq şahzadə Reza Pəhləvinin bu qaçınılmaz qarşıdurmada siyasi müxalifətin uğurlu və ya uğursuz başçısı olacağını isə zaman göstərəcəkdir.

635x100

Şərhlər

t.ədalət 2023-02-27 22:10:44

Şahzadə də rejimin adamıdır.Güneyli qardaş-bacılarımızın çıxış yolu öz hakimiyyətlərini qurmaqdır.

Turan 2023-02-27 18:12:25

Ilanın ağına da lənət ,qarasına da

Əjdər 2023-02-27 12:46:53

Ata Pəhləvi sadiqliyə and işdiyi Qacarları satdı, bu da atasının oğludur, Türklərə qarşı yenə satqın mövqedə dayanacaq

Cəmşid Dərələyəzli 2023-02-27 12:27:58

Rejimə qarşı Reza Pehlevi ciddi bir fiqur deyildir. Fikirlerinden de görünen o ki, qəti bir fikoiri yoxdur. Onun fikiri sadəcə İrandakı ixtişaşlardan istifadə edib Rejimden Atasının öcünü almaq.

Son yazılar