"RUSİYA AZƏRBAYCANA TƏZYİQİ GÜCLƏNDİRƏCƏK VƏZİYYƏTDƏ DEYİL" – “Putin rejimi hazırda keçmiş Sovet İttifaqının aqibətini yaşayır...”

Ramiz Yunus: “Qarşıdakı aylarda Ukraynada çox şiddətli döyüşlər olacaq. Rusiya çalışacaq ki...”

"Ermənistanda sülh sazişinə dəstək verən qüvvələrlə düzgün işləməliyik"

Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı siyasi analitik Ramiz Yunus dünyada və regionda cərəyan edən hadisələrlə bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb.

Ekspert Qərbin Ukraynada Rusiya ilə apardığı savaşın perspektivi, Çinin sülh təklifi, İranın nüvə proqramı və Qarabağ problemi ətrafında gedən prosesləri dəyərləndirib. Müsahibəni təqdim edirik:

-Ramiz bəy, öncə müsahibəyə razılaşdığınız üçün təşəkkür edirik. Əvvəlcə dünyanın əsas gündəm mövzusundan başlayaq. ABŞ Ukrayna ordusunun planlaşdırılan həlledici hücumuna böyük dəstək verir. Həm hərbi yardım paketi, həm də milyardlarla dollar vəsait ayırır. ABŞ hökumətində və cəmiyyətində bu yardımların qarşıdakı aylarda da davam etdirilməsinə birmənalı dəstək varmı?

- Bilirsiniz, həm bu suala, həm də digər vacib suallara cavab tapmaq üçün gərək bu proseslərin dinamikasına baxaq. Çünki Rusiya-Ukrayna savaşının başlamasından artıq bir il ötüb. Bu müddət ərzində biz görə bilərik ki, proses hansı istiqamətdə inkişaf edib. Gəlin, səmimi etiraf edək ki, hazırkı ABŞ administrasiyası ilk gündən buna hazır deyildi. Siyasi iradə çatmırdı və dəqiq bilmirdilər ki, Ukrayna neçə gün müqavimət göstərə bilər. Hərdən üç gün, dörd gün, bir həftə deyirdilər. Amma Ukrayna xalqının, siyasi rəhbərliyinin müqaviməti və qəhrəmanlığı bu paradiqmanı dəyişdirə bildi və nəticədə həm ABŞ, həm də Avropa İttifaqı və NATO hərəkətə gəldilər.

Həmçinin, ilk gündən ABŞ-ın ictimai rəyi administrasiyanın hərəkətlərindən fərqli olaraq 75-80 faiz arasında Ukraynanı dəstəkləyirdi. Bir il ərzində bu dinamika dəyişməyib. Biz bunu mütləq qeyd etməliyik. İctimai rəy bir il ərzində 75 faiz səviyyəsində qalıb. Hətta İrpen və Buça qətliamlarından sonra bu rəqəm 85 faizə qədər yüksəlmişdi.

Burada iki partiyanın - Respublikaçılar və Demokratların, onların elitalarının böyük dəstəyini qeyd etməliyik. Seçkilərdən sonra da bu dəstək eyni səviyyədə davam etdi. Ukrayna ordusunun uğurları - Xarkov istiqamətindəki hücum və Xersonun azad edilməsi məsələsi də burada böyük rol oynadı. Son yarım ilə nəzər salsaq, görərik ki, ABŞ-ın və digər müttəfiqlərin yardımları daha yüksək və keyfiyyətli səviyyədə təşkil olunub. Hesab edirəm ki, bu məsələdə ABŞ sona qədər Ukraynanın yanında yer alacaq. ABŞ ötən il "Ukrayna uduzmasın" deyirdisə, artıq bu ildən "Ukrayna udmalıdır" deyir.

Belə iddialar var ki, yaya kimi Ukrayna ordusu hara qədər irəliləyə bilsə, orada dayanacaq və daha sonra Rusiya ilə danışıqlar başlayacaq. Bu barədə Avropa ölkələrinin liderlərinin Zelenskiyə xəbərdarlıq etdiyi bildirilir. Yəni, müharibə sonsuza qədər davam edə bilməz və bu il mütləq yekunlaşmalıdır. Necə hesab edirsiz, belə bir ssenari mümkündürmü?

- Ötən bir il ərzində müxtəlif qüvvələr və mərkəzlər danışıqlar məsələsini hər gün gündəmə gətiriblər. Həm Rusiya tərəfi, həm də onların maraqlarına lobbiçilik edən ölkələr - xüsusən də, Fransa, Almaniya və İtaliya bu məsələni gündəmə gətirib. Amma gördüyünüz kimi, bir il keçdi və heç bir danışıq, razılaşma baş vermədi. Xatırlayırsınızsa, müharibənin ilk günlərində baş tutan danışıqlarda Rusiyanın döyüş meydanında üstünlüyü var idi. Lakin indi belə bir üstünlük yoxdur. Bu baxımdan mən hesab edirəm ki, Ukraynanın hərbi-siyasi rəhbərliyinin iradəsi olmasa, heç bir danışıq baş tutmayacaq. Ukrayna rəhbərliyi isə başda Prezident Volodimir Zelenski olmaqla heç bir danışığa getməyəcək. Bu məsələdə ilk növbədə ABŞ və Böyük Britaniya onlara dəstək verirlər.

Məlum olduğu kimi, Çin Rusiya-Ukrayna savaşıyla bağlı sülh planı təklif edib, amma Qərb bu planı tənqid etdi. Habelə, kəşfiyyat qurumları, ABŞ siyasətçiləri bildirirlər ki, Çin Rusiyaya hərbi və iqtisadi yardım edəcək. Sizcə, Çin bu addımı atacaqmı, atarsa, vəziyyət necə dəyişəcək?

- Çinin bu sülh planı təbliğat xarakteri daşıyır. Orada həm Ukrayna üçün, həm də ABŞ, Avropa İttifaqı və Rusiya üçün xoş sözlər deyilib. Ortalıqda xoş sözlərdən başqa heç nə yoxdur. Çin bundan ilk növbədə daxili təbliğat üçün istifadə edəcək. Həm də çalışacaq ki, bütün dünyaya özünü sülhpərvər bir ölkə kimi göstərsin.

Nəyə görə bu sülh sazişini heç bir tərəf qəbul etməyəcək? Çünki burada həm qeyd olunur ki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi təmin olunsun, həm də atəşkəs elan olunsun, danışıqlar başlasın. Axı, Rusiya Ukrayna ərazilərini zəbt edibsə, atəşkəs necə elan oluna bilər? Ona görə də hesab edirəm ki, bu, ilk növbədə daxili siyasət üçün hesablanmış addımdır.

Açığı, mən inanmıram ki, Çin bir il ərzində tutduğu mövqedən geri çəkilsin. Elə neytral mövqedə də dayanacaq. Sadəcə, bu cür spekulyasiyalara gedəcək. Həm Rusiyaya, həm də Qərbə yaxınlıq etsə də, Çin hər zaman "Çin mövqeyi"ndə dayanacaq. İnanmıram ki, Qərbin investisiyalarına ehtiyac duyan Çin, bu amili riskə ataraq Rusiyaya hərbi dəstək versin. Çin belə bir addım atmayacaq. Çünki, bu, onun hazırkı durumuna uyğun deyil. Xüsusilə də pandemiyadan sonra Çinin ABŞ -ın investisiyalarına böyük ehtiyacı var. Bir neçə gün bundan öncə ABŞ Prezidenti Co Bayden də bunu dilə gətirmişdi. Hesab edirəm ki, bu, sadəcə informasiya savaşıdır. Belə bir addım Çinin xeyrinə yox, yalnız ziyanına işləyəcək.

Qarşıdakı aylarda Ukrayna cəbhəsində hansı vəziyyətin yaranacağını gözləyirsiz?

- Qarşıdakı aylarda çox şiddətli döyüşlər olacaq. Rusiya çalışacaq ki, hücuma keçsin və uğurlar qazansın. Hərçənd ki, hazırda Rusiyanın bunu etmək üçün böyük imkanları yoxdur. Digər tərəfdən, gördüyünüz kimi, Ukrayna və onun müttəfiqləri hazırlıq dövrü keçir. Mən hesab edirəm ki, mart - aprel aylarında şiddətli döyüşlərə start veriləcək və müharibənin taleyi bu döyüşlər əsasında həll olunacaq.

Rusiya daxilində etirazlar baş qaldıra bilərmi? Putin Federal Məclisə ənənəvi çıxışında elitaya heç bir vəd verə bilmədi. Sizcə, bu, mərkəzdən qaçma proseslərinə start verə bilərmi?

- Səfərbərlik elan olunduqdan sonra Rusiyada artıq bu proseslərin yavaş-yavaş başladığını görə bilərik. Amma bunun siyasi böhrana səbəb olması üçün mart, aprel və may aylarında olacaq döyüşlərdən çox şey asılıdır. Bu, Krım istiqamətində də baş verə bilər. Krım çöksə, ukraynalılar Krımı qaytara bilsələr, bu, Putin hakimiyyətinin sonunu gətirəcək.

Onu da qeyd edim ki, mən müharibənin ilk günlərindən Rusiyanın hazırkı avantürasını Sovet İttifaqının 1979-cu ildə Əfqanıstandakı avantürasına bənzədirəm. Putin rejimi həmin o səhvləri bu gün Ukraynada təkrarlayır. Qərb isə bu gün yenə də sistemli şəkildə Rusiyanı daxildən zəiflətmək istəyir. Həm iqtisadi, həm də hərbi cəhətdən. Bu, əvvəl-axır həmin o siyasi böhrana gətirib çıxaracaq. Hesab edirəm ki, Putin rejimi hazırda keçmiş Sovet İttifaqının aqibətini yaşayır.

Bu yaxınlarda MAQATE İranın nüvə silahı əldə etmək üçün yetərli səviyyədə uranı zənginləşdirə bildiyini açıqladı. Sizcə, ABŞ və İsrail İrana qarşı hansı addımları ata bilərlər, hərbi əməliyyatlar mümkündürmü?

- ABŞ və İsrail heç vaxt imkan verməyəcək ki, İranın nüvə silahı olsun. İran bu istiqamətdə uğur qazana bilsə, İsrail və ABŞ İranı bombardman edəcək. Mən inanmıram ki, ABŞ buna icazə versin. Çünki bu, ABŞ-ın strateji maraqlarına ziddir. Qonşu ölkələr də onlara dəstək verəcək. Çünki heç kimin marağında deyil ki, bu gün İranın nüvə silahı olsun.

Bu günlərdə Rusiya XİN başçısı Lavrov Bakıya gəldi. Bu səfərin yekunlarını necə qiymətləndirirsiniz və qarşıdakı həftələrdə Qarabağda vəziyyət necə dəyişə bilər? Habelə, Qərbin egidası altında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin perspektivinə necə baxırsız?

- Sergey Lavrovun Azərbaycana səfəri və onun mətbuat konfransında verdiyi ehtiyatlı cavablar onu göstərir ki, Rusiya bu gün Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaqda maraqlı deyil. Çünki indiki təcrid vəziyyətində Cənubi Qafqaz və ələlxüsus da Azərbaycan logistika baxımından çox vacib bir ərazidir. Rusiya bunu nəzərə alaraq çalışır ki, öz maraqlarını qoruyub saxlasın.

Bu gün Ermənistan ətrafında Qərb və Rusiya arasında şiddətli siyasi, diplomatik döyüşlər gedir. Bu savaşda qərbyönlü qüvvələrin uğur qazanması bizim maraqlarımıza uyğundur. Çünki Brüssel və Vaşinqton da Azərbaycanla bərabər bu sülh planını dəstəkləyir. Bu plan sadəcə Rusiyanın və Ermənistandakı ruspərəst qüvvələrin marağına uyğun deyil. Ona görə də çalışırlar ki, bu məsələni uzatsınlar. Onlar nə dərəcədə bunu uğurlu edəcəklər və ya etməyəcəklər, bu, bizim hərəkətlərimizdən asılı oalcaq. Biz bu məsələdə Rusiya, Brüssel və Vaşinqtonla, hətta Ermənistanda bu sülh sazişinə dəstək verən qüvvələrlə düzgün işləməliyik. Hesab edirəm ki, sülh sazişi nə qədər tez gerçəkləşsə, bir o qədər yaxşı olar. Azərbaycan Laçın yolunda öz sərhəd-keçid məntəqəsini quracaq və bu, Ermənistanı Qarabağ məsələsindən uzaqlaşdırmış olacaq.

Rusiya-Azərbaycan məsələsinə gəlincə, mən hesab edirəm ki, Rusiya bu gün Azərbaycana olan təzyiqini daha da gücləndirəcək vəziyyətdə deyil. Hesab edirəm ki, Türkiyə, Brüssel və Vaşinqtonun bu məsələyə dəstəyi ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq mümkün olacaq. Biz sadəcə Ukrayna savaşı ilə paralel şəkildə yavaş-yavaş öz gedişlərimizi etməliyik".

Elvin Bəyməmmədli

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar