ZƏİF PUTİN RUSİYALILARA LAZIM DEYİL! – Kremlin əhalini “ukraynalı nasistlər”lə qorxutmaq cəhdi özünə qarşı çevrilir

Rusiya-Ukrayna müharibəsinin bir ildən artıq davam etməsinə baxmayaraq, Kreml hələ də öz təcavüzünə bəraət qazandırmaq və onu əsaslandırmaq istiqamətində çalışır. Vladimir Putinin özü də müharibəyə başlamasının səbəbini izah etmək, onun vacibliyini sübut etmək üçün zaman-zaman Kreml təbliğatçılarını belə geridə qoyur.

Rusiya televiziya kanallarında gedən hay-küylü və isterika ilə dolub-daşan verilişlərin ruhundan da aydın sezilir ki, əhali müharibədən yorulub, onu Ukrayna məsələsi maraqlandırmır. Digər tərəfdən, ortada ciddi bir hərbi irəliləyiş yoxdur. Avqust ayının əvvəlində Lisiçansk şəhərinin alınmasından sonra Rusiya ordusu İzyum ətrafından, Liman şəhərindən və Xerson vilayətinin sağ sahilindən geri çəkilmək məcburiyyətində qaldı.

İndi Rusiya ordusu müharibədə real nəticə göstərməyə çalışır. Ruslar kiçik şəhər olan Baxmut uğrunda gedən döyüşlərdə on minlərlə tələfat vermələrinə baxmayaraq, durmadan hücum edirlər.

Putin patriotik şüarlar altında əhalini öz ətrafında sıx birləşdirmək və yeni səfərbərliyə getmək niyyətindədir. Müharibəyə start verəndən bu tərəfə Putin iki dəfə Lujniki stadionunda, bir dəfə isə Qızıl meydanda təşkil edilmiş mitinqdə kütlə önünə çıxaraq, düz yolda olduqlarını, imperialist Qərb dünyasına qarşı müqəddəs müharibə apardıqlarını deyib və iddia edib ki, Qərbin məqsədi Rusiyanı məhv etməkdir. Lujnikidəki axırıncı miskin və sönük mitinqdən sonra Putin televiziyaya verdiyi müsahibəsində rusiyalıların gələcəyinin qorxulu olacağını dilə gətirib bildirmişdi ki, Qərb rusiyalıları öz sivilizasiyasına yalnız parçalanmış şəkildə qəbul etmək fikrindədir. Yəni o, ruslara anlatmağa çalışır ki, əgər məğlub olarıqsa, artıq bizim nəhəng imperiyamızdan əsər əlamət qalmayacaq. Putin bunları söyləməklə düşünür ki, xalq ona geniş dəstək verəcək...

Bəli, bu çıxış müəyyən mənada zəiflik əlaməti olsa da, onun əsas məramı özünün haqlı olduğunu göstərmək və yeni səfərbərlik dalğasına başlamaqdır. Əslində, Putin sadəcə çox bərbad formada İosif Stalini imitasiya etməyə çalışır, amma o, tarixi prosesin mahiyyətini yaxşı anlamadığından elə başa düşür ki, bu cəhdi mütləq alınacaq.

Televiziya kanallarında da əhalinin qorxudulmasına start verilib. Oradakı “ekspertlərin” “biz məğlub ola bilərik!” frazalarını dilə gətirmələri kütlə zehniyyətinə və özünü qoruma instiktinə hesablanıb. Demək istəyirlər ki, məğlub olsaq, bizi dəhşətli günlər gözləyir və ona görə də ən çətin vəziyyətə hazır olun. Həm də xalqı tədricən daha pis günlərə hazırlayırlar ki, hər hansı spontan kütləvi etiraz səsləri baş qaldırmasın.

Kreml siyasi texnoloqları düşünürlər ki, insanlar artıq öz həyatlarının real təhlükədə olduğunu anlayacaqlar və ölkənin qorunması uğrunda mübarizədən yayınmayacaq, ən azından psixoloji cəhətdən hakimiyyətin müharibə siyasətinə qarşı etiraz və təpki göstərməyəcəklər. Çünki əks təqdirdə onların öz həyatları risk altına düşəcək.

İstənilən müharibədə döyüşən əsgərlərin və ölkə əhalisinin mənəvi-psixoloji durumunun vəziyyəti mühüm rol oynayır. Əgər konkret nəyin uğrunda müharibə edilməsi mücərrəd fikirlərə söykənirsə, bu, anlaşılmayacaq və hakimiyyət istədiyi faydanı götürə bilməyəcək. Məsələn, SSRİ Əfqanıstanda hansısa “beynəlmiləl borc” uğrunda 15 min əsgəri qurban vermişdi.

Rusların müharibə etmək həvəsi yoxdur və onların hansısa mifik “Malorusiya uğrunda” döyüşmək və ya “Ukraynanın nasistlərdən təmizlənməsi” kimi ideyalara verdikləri reaksiya getdikcə kütləşir.

Vəziyyətin kritikliyini nəzərə alan Rusiya rəhbərliyinə əhalinin öz həyatlında əyani hiss edə biləcəyi real təhlükəni görməsi lazımdır ki, yeni səfərbərlik kampaniyası rahat həyata keçirilsin. Ona görə də bir çox ekspertlər Kremlin mistik terror aktları ilə tamaşa hazırlamaq niyyətlərini görürlər. Məsələn, Bryansk vilayətindəki məlum hadisə qabardılır. Ancaq maraqlıdır ki, “Ukrayna diversantları” şousu tamamilə əks nəticə verir. Rusiyalılar ciddi surətdə qorxmağa başlayıblar. Müharibədən öncə “qüdrətli, məğlubedilməz və dünyanın ən güclü ikinci ordusuna sahib olan dahi komandan” Putin tədricən öz vətəndaşlarının gözündə zəif, aciz və çarəsiz adama çevrilir. Əgər hər hansı diversiya qrupu asanlıqla Rusiya ərazisində istədiyini edirsə, bu, o deməkdir ki, Putin vəziyyətə nəzarəti əlindən buraxıb. Putin bilməlidir ki, rusiyalılar ona güclü olduğuna görə inanırdılar. Yoxsa, ölkə vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən zəif Prezident onların nəyinə lazımdır ki?...

Heç şübhəsiz ki, müharibə Rusiyanın nəzarəti və diktəsindən çıxıb. İlk günlərdə Rusiya ordusu strateji üstünlük əldə edə bilərdi, lakin indi bu artıq gecdir, taktiki uğurlar da gözlənilmir və ya bu, çox böyük itkilər hesabına başa gələ bilər. Müharibənin hansı istiqamətdə gedəcəyi isə artıq Qərbin planından asılı olacaq. Ukrayna ordusunun texnika və silahla necə təchiz ediləcəyi bu müharibənin müqəddəratını həll edəcək başlıca amildir.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Dadaş 2023-03-07 11:16:56

Qızıl meydan yox qırmızı meydan

Son yazılar