RUSİYA-ABŞ TOQQUŞMASI TƏHLÜKƏSİ – Rusiya “dronu biz vurmuşuq” demir, ABŞ isə...

Martın 14-də Qara dəniz üzərində Rusiya hərbi təyyarələri ilə ABŞ Hərbi Hava Qüvvələrinə aid “MQ-9” dronu arasında baş verən insident onsuz da münasibətləri gərgin olan iki ölkə arasında diplomatik qalmaqala səbəb olsa da, bunun birbaşa hərbi qarşıdurmaya çevrilməsi ehtimalı böyük deyil. 

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun mütəxəssislərinin rəyinə görə, ABŞ dronunun məhv edilməsi iki dövlət arasında birbaşa hərbi münaqişə yaratmayacaq: “Rusiya qüvvələri on illərlə müxtəlif teatrlarda ABŞ-ın və onun müttəfiqlərinin təyyarələrinə və gəmilərinə qarşı hədə-qorxu taktikasından istifadə etsə də, bu münaqişəyə səbəb olmayıb. ABŞ Prezidenti Co Baydenin dəfələrlə ABŞ hərbçilərinin Rusiya ilə toqquşmadan yayınmaqda maraqlı olduğunu bəyan etməsi, Kremlin isə dəfələrlə NATO ilə müharibə istəmədiyini ifadə etdiyini nəzərə aldıqda, belə düşünməyə əsas yaranır ki, bu cür insidentlər təhlükəli eskalasiyaya səbəb olmayacaq”.

Xatırladaq ki, ABŞ tərəfinin bildirdiyinə görə, ötən gün səhər saatlarında Rusiyaya aid iki “Su-27” təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava məkanında “MQ-9 Reaper” dronuna hücum edib. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevr”lər edib, həmçinin, onun üzərinə yanacaq axıdıblar: “Rusiyalıların bu cür təhlükəli və qeyri-peşəkar davranışı az qala hər iki təyyarənin qəzasına yol açacaqdı”. 

Daha sonra dron məhv edilib. Rusiya tərəfi isə bunu inkar edərək, dronun guya sərt manevr edərkən qəzaya uğradığını bildirib. Yəni, “biz vurmuşuq” deməyib. Bunun özü də təxribata əl atan Rusiyanın ABŞ-la baş-başa gəlməkdən çəkinməsinin göstəricisi sayıla bilər.

Ukrayna tərəfi isə bildirib ki, sözügedən dron Qara dənizdəki “İlan adası”nın cənub-şərqində uçurmuş. Müşahidə üçün nəzərdə tutulan bu dronlar hələ geniş miqyaslı işğalçılıq müharibəsi başlamazdan əvvəl Donbasdakı təmas xəttində atəşkəsə riayət olunmasına nəzarət ediblər.

Xəbərdə o da qeyd olunur ki, artıq ABŞ sözügedən əraziyə eyni modifikasiyadan olan başqa dron göndərib və o, öz işini davam etdirir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar