“UKRAYNA BAXMUTU İTİRSƏ...” - Zelenski şəhəri saxlamağın vacibliyini belə izah etdi

Aylardır ki, Rusiya ordusunun yarı-mühasirəsində qalan, lakin təslim olmayan Baxmut şəhəri uğrunda qanlı döyüşlər davam edir. Bir müddət əvvəl ABŞ və Qərb dövlətlərinin Ukrayna rəhbərliyinə şəhəri tərk etməyi və daha əlverişli mövqelərdə qərar tutmağı təklif etməsinə, hətta bununla bağlı Prezident Volodimir Zelenskiyə təzyiqlər edildiyinə dair məlumatlar yayıldı.

Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, Ukrayna hərbi-siyasi rəhbərliyi Baxmutda sona qədər dirəniş göstərməyə dair yekdil qərar verib.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut ətrafında cərəyan edən proseslərlə bağlı “Assosiated Press”-ə açıqlamasında şəhəri təhvil vermək fikrində olmadıqlarını bir daha təkrarlayıb və bunun səbəblərini açıqlayıb: “Əgər Baxmut Rusiya qoşunlarına təhvil verilsə, onların prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana “satacaq”.

Zelenski deyib ki, Baxmutun təhvil verilməsi nəticəsində Putin “qan qoxusunu hiss edəcək” və ukraynalıların zəiflədiyini düşünərək, təzyiqi daha da artırmağa çalışacaq.

Ukrayna Prezidentinin fikrincə, şəhərin ruslara təhvil veriləcəyi təqdirdə həmçinin, Ukrayna daxilində siyasi proseslər arzuolunmaz məcraya yönələ və ukraynalıların hakimiyyətə, eləcə də müharibənin gedişinə münasibəti dəyişə bilər: “Bizim cəmiyyət yorğunluq hiss edəcək(Baxmut verilsə-red.)... Cəmiyyətimiz məni onlarla(Rusiya ilə-red.) kompromissə yönləndirməyə başlayacaq”.

Qeyd edək ki, Baxmut uğrunda bir neçə aydır davam edən döyüşlərdə müxtəlif qiymətləndirmələrə görə, Rusiya tərəfi 30 minə yaxın hərbçisini itirib. Bu şəhər xüsusilə də “Vaqner” özəl hərbi şirkəti üçün əsl cəhənnəmə çevrilib.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar